• Tribuna
  • 18 Yanvar 2019 17:45
  •  539

“Avropa Parlamentinin qətnaməsi tərəfdaşlıq münasibətlərinə xələl gətirir”

"Yaxşı olardı ki, hər kəs öz ölkəsindəki problemlərlə məşğul olsun".

Avropa Parlamentində Azərbaycanla bağlı son dinləmələr, Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli və böhtan xarakterli qətnamənin qəbul edilməsi qətiyyən yolverilməzdir.

Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, bu, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə böyük bir xələl gətirən məsələdir:

“Burada ayrı-ayrı qüvvələr var ki, Azərbaycanın uğurlu siyasət həyata keçirdiyi bir dövrdə, dünyada söz sahibi olduğu bir dövrdə ölkəmizə təzyiqlər etməyə, öz iradələrinə tabe etdirməyə və Azərbaycana müəyyən şərtlər qəbul etdirməyə çalışırlar. Amma bu dairələr birdəfəlik anlamalıdırlar ki, Azərbaycanın iradəsinə təsir etmək heç cür mümkün deyil. Prezident İlham ƏIiyevin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsidir və buna qarşı hər hansı bir kampaniya yalnız məğlubiyyətə məhkumdur".

Millət vəkili vurğulayıb ki, Azərbaycan güclü dövlətdir, öz sözünü deməyi bacarır, öz xalqının, vətəndaşlarının hüquqlarını tam qoruyur: "Yaxşı olardı ki, hər kəs öz ölkəsindəki problemlərlə məşğul olsun, Azərbaycanın isə pozulmuş hüquqları, ərazi bütövlüyü və bir milyondan artıq qaçqın və məcburi köçkününün hüquqları haqqında heç olmasa bir dəfə çıxış etsinlər, qərar qəbul etsinlər”.

B.Əliyev qeyd edib ki, bu gün Azərbaycan Avropaya lazımdır: “Çünki onun enerji təhlükəsizliyini də, iqtisadi təhlükəsizliyini də müsbətə doğru yönəldən və bu baxımdan ən etibarlı tərəfdaş olan Azərbaycandır. Azərbaycan özü sürətlə inkişaf edir, güclü bir dövlətə çevrilib. Yuxarıda qeyd olunan qüvvələr kimlərlə əlaqə qurmalı olduqlarını düşünməlidirlər: çökmüş Ermənistanla, diktatura rejimli digər dövlətlərlə, yoxsa demokratik, hüquqi dövlət quran Azərbaycanla”.(trend.az)

© AzNews.az