"Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq". "Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq".
  • Tribuna
  • 18 Yanvar 2019 19:25
  •  2 723

"Rəqiblərimiz buna laqeyd qala bilməzdi" – Cavanşir Feyziyev

"Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq".

Yanvarın 17-də Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı aparılan müzakirələri şərh etməzdən əvvəl son yarım ildə Azərbaycan-Avropa münasibətləri kontekstində baş vermiş bir neçə hadisəyə nəzər salmaq faydalı olardı.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.

O qeyd edib ki, birincisi, keçən ilin iyul ayında – 6 ay öncə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb:

“Bu sənəd iki tərəf arasında genişlənməkdə və inkişaf etməkdə olan qarşılıqlı münasibətlərin növbəti mərhələsini özündə ehtiva edən Strateji Tərəfdaşlıq Müqaviləsinin əsas konturlarını müəyyən edir. Keçən il ərzində Cənub Qaz Dəhlizinin TANAP seqmenti işə salınıb. Daha sonra dekabrın 12-də Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın maraqlarına cavab verən, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamə böyük səs çoxluğu ilə qəbul olunub. Avropa-Azərbaycan əməkdaşlığının bu qədər sürətlə genişlənməsinə rəqiblərimiz laqeyd qala bilməzdi. Həm ölkə daxilində, həm də ölkə xaricində anti-Azərbaycan qüvvələrin hər hansı addım atacağını gözləmək olardı və biz bunu gözləyirdik. Dünənki müzakirələr ilk növbədə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən sənədlərə kölgə salmaq məqsədi daşıyır. Bu müzakirələr artıq uzun müddətdir ki, anti-Azərbaycan mövqeyi ilə tanınan siyasətçilər tərəfindən gündəmə gətirilib. Bunu başa düşmək üçün Azərbaycanla bağlı məsələnin müzakirəsi zamanı parlamentin iclas zalına nəzər yetirmək kifayətdir. 751 parlament üzvündən bu müzakirə zamanı cəmi 10-12 nəfər iştirak edirdi. Bu deputatlar da məhz həmin mövzu ətrafında çıxış etmək üçün gələnlər idi”.

Bu 10-12 nəfərin kimlər olmasına, onların ölkəmiz əleyhinə çıxış etməsinin səbəbinə aydınlıq gətirən C.Feyziyev deyib:

“Bütün parlamentlərdə olduğu kimi, Avropa Parlamentində də hər hansı parlament üzvünün istənilən məsələ ətrafında müzakirə açmaq, məsələ qaldırmaq hüququ var. Onların bu hüquqlardan istifadəsində heç bir qəbahət görmürük. Lakin bir qayda olaraq bu müzakirələri gündəmə gətirən deputatlar əslində ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi adı altında daha çox Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi daşıyan kampaniyaların iştirakçılarıdır. Onların bir qismi uzun müddət ərzində Avropada təşkilatlanmış erməni lobbi təşkilatları ilə yaxından əməkdaşlıq edən, mütəmadi olaraq erməni təşkilatlarının tədbirlərində fəal iştirak edən, Avropa insitutlarında ermənilərin maraqlarını müdafiə edən siyasətçilərdir. Buna əmin olmaq üçün çıxış edənlərin siyahısına nəzər salmaq kifayətdir. Məsələn, onlardan biri – Böyük Britaniyadan olan deputat Çarlz Tannok uzun illərdir ki, qatı ermənipərəst mövqeyi ilə tanınan deputatdır. O dəfələrlə Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Azərbaycan höküməti, deputatları və vətəndaş cəmiyyətinin üzvləri dəfələrlə bu deputın fəaliyyətinə etirazını bildiriblər. Çarlz Tannokun Avropadakı erməni lobbi təşkilatları tərəfindən anti-Azərbaycan fəaliyyətə cəlb olunduğu çoxdan hamıya məlumdur.

Portuqaliyadan olan deputat Anna Qomez və eləcə də Çex Respublikasından olan deputat Yaromir Ştetina da uzun illər ərzində ölkəmiz əleyhinə təbliğat aparan, özlərini Ermənistanın dostu adlandıran, dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmiş, Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərdə iştirak etmiş, Avropa parlamenti adından saxta bəyanatlar yayaraq separatçılara və işğalçılara mənəvi dəstək vermiş şəxslərdir. Bu deputatlar Azərbaycan əleyhinə istənilən müzakirələrin təşkilində, Azərbaycan əleyhinə qəbul oluna biləcək istənilən mənfi məzmunlu qərarların qəbulunda maraqlıdırlar. Onlar mütəmadi olaraq Azərbaycanda sosial şəbəkədə yayılan, hüquqi əsası olmayan, dəqiqləşdirilməmiş neqativ məlumatlar əsasında qısa bir zamanda müzakirə açılmasına çalışırlar. Bu deputatların Avropa parlamenti üzvü olduqları bütün müddət ərzində göstərdikləri fəaliyyətə nəzər saldıqda, bu müzakirələrin Azərbaycan əleyhinə planlı şəkildə təşkil olunduğunu görməmək mümkün deyil”.

Bununla belə, C.Feyziyev müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyənlər də olduğuni vurğulayıb:

“Azərbaycana səfər etmiş, ölkəmizdəki durumla yaxından tanış olan deputatlar, o cümlədən, Azərbaycan üzrə məruzəçi, eləcə də Parlament Əməkdaşlıq Komitəsinin həmsədri öz çıxışlarında qarşılıqlı əməkdaşlıq sahəsində, o cümlədən insan haqları ilə bağlı məsələlərdə uğurlar əldə olunduğunu diqqətə çatdırıblar. Birtərəfli qaydada tənqid etmək yox, iqtisadi münasibətlərimizdə olduğu kimi, digər istiqamətlərdə də, xüsusən insan haqları sahəsində də yaxından əməkdaşlıq etməyin daha faydalı olacağına inandıqlarını bildiriblər. Əslində biz özümüz də insan haqları ilə bağlı məsələnin gündəmə gətirilməsində maraqlıyıq və dəfələrlə 1 milyondan çox qaçqın və köçkünlərimizin ən adi insan haqlarından məhrum edildiyini, onların etnik təmizləməyə məruz qaldıqlarını, həyat, mülkiyyət, ləyaqət, şərəf, azadlıq və s hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişik. Bu hüquqların bərpa olunması üçün Avropa Parlamentini zəruri addımlar atmağa çağırmışıq. Təəssüflər olsun ki, Avropa bir milyondan çox soydaşımızın insan haqlarına münasibət bildirməkdə hələlik acizlik göstərir. Bu da onu göstərir ki, ölkəmizə qarşı insan haqları ilə bağlı iradlar və tənqidlər səsləndirən deputatlar heç də obyektiv mövqedən çıxış etmirlər”.

AzNews.az