"İnsanlar bu məsələdə həqiqətən də əziyyət çəkirdi". "İnsanlar bu məsələdə həqiqətən də əziyyət çəkirdi".
  • Tribuna
  • 20 Fevral 2019 17:52
  •  3 178

“Prezident məsələni köklü şəkildə həll etdi” - Aydın Hüseynov

"İnsanlar bu məsələdə həqiqətən də əziyyət çəkirdi".

“Biz görürdük ki, insanlar öz mənzillərini 10 ildən çoxdur özəlləşdirə, xüsusi mülkiyyətinə çevirə bilmir. Əlbəttə, öz evinin, şəxsi mülkiyyətinin olması insana mənəvi zənginlik, rahatlıq gətirir. Cənab prezident bu məsələdə də vətəndaşlara böyük mənəvi dayaq oldu”.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, insanlar bu məsələdə həqiqətən də əziyyət çəkirdi:

“Kimsə evini hansısa kredit təşkilatında girov qoyaraq biznes qurmaq üçün vəsait götürə bilmirdi. Kimsə övladına bağışlamaq istəyirdi, bağışlaya bilmirdi. Vətəndaşın şəxsi mülkiyyət üzərində hüquqları məhdudlaşırdı. Artıq bu məsələ həll olundu. Digər tərəfdən bu vəziyyət sahibkarlar üçün əlverişsiz idi. Nə qədər işbaz ortaya çıxmışdı, nə qədər cinayət işləri qaldırılırdı. Vətəndaşları aldadırdılar. Bir evi bir neçə nəfərə satırdılar. Bu fərmanla bu məsələlər tamamilə aradan qaldırıldı. Digər tərəfdən fərmanla tikinti sektorunda da bir nizam-intizam yaranacaq. O mənada ki, tikinti sektorunda çalışanlar burada dövlət qayğısının olduğunu biləcəklər”.

A.Hüseynov qeyd edib ki, fərmanla Fövqəladə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin üzərinə konkret vəzifələr qoyulub:

“Ən başlıcası isə odur ki, illərlə mülkiyyətinin özəlləşdirilməsini gözləyən insanlar bunu ən uzağı 67 gün ərzində əldə edəcəklər. Bu, vətəndaşlar üçün olduqca önəmli bir fərmandır”.

Deputat bu məsələ ilə bağlı ona seçiciləri tərəfindən çoxlu müraciətlər edildiyini vurğulayıb:

“Bu məsələ ilə bağlı müraciətlər olurdu və doğrudan da vətəndaşları narahat edən bir məsələ idi. Cənab prezident məsələni köklü şəkildə həll etdi”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanla 1 yanvar 2019-cu ilə qədər tikilmiş və istismara hazır, yaşayışı olan bütün çoxmənzilli binaların istismara qəbul edilməsi və çıxarışların verilməsinə dair müvafiq qurumlara tapşırıqlar verilib.(teleqraf.com)

AzNews.az