Dünya iqtisadiyyatında Çinin xüsusi yeri var, hətta bir çox iqtisadi sahələrdə aparıcı rola malikdir Dünya iqtisadiyyatında Çinin xüsusi yeri var, hətta bir çox iqtisadi sahələrdə aparıcı rola malikdir
  • Tribuna
  • 25 Aprel 2019 11:18
  •  3 748

"Beynəlxalq layihələrimiz Çinin iqtisadi maraqlarına uyğun gəlir"

Dünya iqtisadiyyatında Çinin xüsusi yeri var, hətta bir çox iqtisadi sahələrdə aparıcı rola malikdir

"Çinin “Bir kəmər, bir yol” ideyası həm iqtisdi, həm də siyasi baxımdan bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiya ilə uzlaşır".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun üzvü Aydın Hüseynov dedi.

O, Prezident İlham Əliyevin “Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak üçün Çinə səfərini şərh edərkən qeyd etdi ki, coğrafi baxımdan Azərbaycan Avroasiya məkanında çox əlverişli bir nəqliyyat qovşağında yerləşir. Yeni açılan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən bir xətt olmaqla yanaşı, Çinin də iqtisadi maraqlarına uyğun gəlir:

"Bu baxımdan, bizim iqtisadi maraqlarımız burada eyniləşir. Digər tərəfdən, Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr getdikcə daha da inkişaf edir, intensivləşir. Azərbaycanda böyük Çin şirkətləri fəaliyyət göstərir. Ölkəmizin ən böyük iqtisadi layihələrindən biri də Ələt Azad İqtisadi Zonadır. Bununla bağlı qanun qəbul olunub və maraq göstərən ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Bundan başqa, bilirsiniz ki, bu gün Azərbaycanın Çində Ticarət Evi fəaliyyət göstərir. Azərbaycan məhsulları Çin bazarına çıxarılır. Buna görə də iqtisadi maraqlar qarşılıqlıdır".

A.Hüseynov vurğuladı ki, Prezident İlham Əliyevin Çinə səfəri bundan sonrakı əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək, iki ölkə arasındakı iqtisadi münasibətlər daha da intensivləşəcək və özünün ən yüksək mərhələsinə qədəm qoyacaq.

Elgün
AzNews.az