"UEFA Bakı ilə bağlı törədilən təxribatın qarşısını aldı"

"Bakı etibarlı idman platformasıdır"

"UEFA-nın ilk dəfə olaraq İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi ilə bağlı verdiyi qərar Azərbaycana qarşı aparılan təxribatlara birbaşa cavabdır”.

Bunu AzNews.az-a açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT rəhbəri, ictimai fəal Niyaməddin Orduxanlı deyib.

Partiya təmsilçisi bildirib ki, Bakıda keçiriləcək futbol oyununun finalı ilə bağlı bir çox təxribatlar yayılmaqdadır. Onun sözlərinə görə, Azərbaycan dövlətini nüfuzdan salmaq istəyən qüvvələr bütün imkanları ilə çalışırlar ki, UEFA-nın Çelsi-Arsenal oyununun finalı Azərbaycanda keçirilməsin:

"Süni şəkildə Mxitaryan ajiotajı yaradıldı. Ancaq bütün söz-söhbətlərə rəğmən UEFA nəinki Bakıdakı futbol oyunu ilə bağlı qərarını dəyişdi, əlavə olaraq, İcraiyyə Komitəsinin mühüm toplantısını da Azərbaycanda keçirməyə qərar verdi. Bu, çox önəmlidir. Bununla da UEFA göstərmək istəyir ki, heç bir təxribatda iştirak etməyəcək. Digərlərindən fərqli olaraq bu qurum öz nufuzunu qoruyur. Azərbaycan müstəqil dövlət olduqdan sonra burada onlarla oyunlar keçirilib, ancaq bir nəfərin burnu da qanamayıb. UEFA da bu qərarı ilə bütün dünyaya göstərdi ki, Bakı etibarlı idman platformasıdır. Yaradılan süni ajiotajın heç bir effekti olmadı”.

N.Orduxanlı BAXCP adından bütün vətəndaşlara çağırış edib ki, mayın 29-da Olimpiya Stadionuna gələrək, Londonun "Çelsi” klubunu dəstəkləsinlər:

"Çünki "Arsenal” klubunun tutduğu yaramaz mövqe Azərbaycanın maraqlarına kölgə salmağa, imicinə zərbə vurmağa hesablanmış addımdır. Azərbaycanda sabitlik hökm sürür. "Arsenal” təəssüf olsun ki, ölkəmizə zərbə vurmaq üçün müəyyən qüvvələrin əlində vasitəyə çevrilib və futbol klubuna yaraşmayan addıma əl atıb. Ona görə də vətəndaşlarımızı "Çelsi” klubuna azarkeşlik etməyə səsləyirəm. Çalışacam ki, Çelsi-Arsenal oyununa canlı olaraq stadiondan baxım”.

AzNews.az