"Bu bəlanın bitdiyi o günü gözləyirəm" "Bu bəlanın bitdiyi o günü gözləyirəm"
  • Tribuna
  • 7 Aprel 2020 16:15
  •  14 535

Rəbiyyət Aslanova: İnsan maneələri dəf edə-edə cilalanır

"Bu bəlanın bitdiyi o günü gözləyirəm"

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova 525-ci qəzet”ə müsahibə verib.

AzNews.az müsahibəni oxucularına təqdim edir:

– Rəbiyyət xanım, uzun müddətdir, mediada görünmürsüz. Bunu guşənişinə çəkilmək kimi qiymətləndirmək olarmı?

– Belə bir dəyərləndirmə ilə razı deyiləm. Xarakter etibarilə həmişə fəal olan, hadisələrə münasibətini açıq ifadə etmək cəsarətində bulunan, mübariz ruhu ilə seçilən bir insanın guşənişin, tərki-dünya olması, kənara çəkilməsi üçün çox ciddi könül küskünlüyü, xəyal qırqınlığı, gözləntilərinin doğrulmaması kimi çətin anlar yaşaması gərəkdir. Bu, mənə xas olan keyfiyyət deyil. Həmişə belə bir prinsipi rəhbər tutmuşam: həyatda baş verən çətinliklər gərək qırılmaq, əzilmək, acizləşmək üçün səbəb olmasın. İnsan çətinlikləri, maneələri dəf edə-edə cilalanır, özünü təsdiqləyir. Belə bir fikir var: tale güclü insanları diz üstə qoyaraq, onlara yenidən qalxmaq şansı verir, zəiflərə isə toxunmur, çünkü onlar onsuz da həmişə diz üstündədirlər. Mediada görünməməyimə gəlincə, hazırda Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışıram. Mühazirələr, elmi məqalələr, kitablar, eləcə də müxtəlif ölkələrdə elmi konfranslarda iştirak xeyli vaxt alsa da, mənəvi zövq yaşadan fəaliyyətdir. Bu fəaliyyətimin mediada yer alıb-almaması ikinci dərəcəli məsələdir. Açığı, medianın maraq dairəsində olan mövzular son zamanlarda məndə çox böyük təəssüf doğurur. Qəzet səhifələrində, saytlarda bir-birini təkrarlayan, tezliklə yaddaşlardan silinən yüzlərlə məlumat mənim üçün heç bir maraq kəsb etmir. Təyinat ünvanı nəzərə alınmayan, mənəvi dəyərləri olmayan, informativ yükü heç bir məna daşımayan bu məlumatların tərbiyəvi funksiyası barədə isə heç danışmaq istəməzdim. Əlbəttə, mən bunu bütün media məkanına aid etmirəm. Lakin razılaşın ki, sağlam rəqabət mühitində özünü təsdiq etməyən media ciddi informasiyaları ötürməyə qadir deyil. Müasir media yeni elmi uğurlara imza atmış Azərbaycan alimlərindən, ziyalilarından, cəmiyyətdəki hörmət və nüfuz sahiblərindən, dünyəvi ideyalardan, Azərbaycanın tarixi şəxsiyyətlərindən, dünyanın aparıcı elmi mərkəzlərində çalışan gənc alimlərimizdən yazmalıdır. Amma bəzən bunun əksinə olur. Dünyada tanınmış alimlərin öz vətənində tanınması çox gecikir. Düşünürəm ki, öz varlığı ilə məmləkətinə şərəf yaşadan insanlar haqqında yazmaq çox maraqlı və əhəmiyyətli olardı.

– Bir vaxtlar siz, demək olar, hər gün jurnalistlərlə ünsiyyətdəydiniz. Darıxmamısız bizim üçün? Yoxsa canınız qurtarıb jurnalistlərdən?

– Jurnalistlərlə ünsiyyətdə olmaq, onların suallarını cavablandırmaq həmişə maraqlı olur. Bəzən çətin suallar qarşısında səmimi olmağa çalışarkən anlayırsan ki, öz mövqeyini, münasibətini ifadə etmək çox ciddi məsuliyyət tələb edir. Qeyri-səmimi cavablar dərhal hiss olunur. Hər müsahibə cəmiyyət qarşısında kiçik bir hesabatdır və bu söhbəti də mənim bir neçə zamandır ki, jurnalistlərlə görüşmədən sonra verdiyim bir hesabat kimi qəbul edə bilərsiniz.

– Rəbiyyət xanım, bu çətin günlərdə özünüzü koronavirusdan necə qoruyursuz?

– Xeyli vaxtdır, xalqımız koronavirusla əlaqədər çətin günlər yaşayır. Mən də bir vətəndaş kimi tələb olunan şərtlərə riayət etməyə çalışıram. Bu çətinliklər həm də hadisələri yenidən dəyərləndirmək, yaşananların mahiyyətini anlamaq imkanı verir. Adət etdiyimiz həyat tərzimizin dəyişməsi, gözlənilməz dəyişikliklər, yayılan qorxulu ssenarilər, şayiələr, “nə baş verir” sualına cavab axtarmağa vadar edir. Bu bəlanın bir insanın, bir ailənin, bir xalqın deyil, bəşəriyyətin taleyi ilə əlaqədər olması cavabın mürəkkəbliyinə dəlalət edir. Hadisələrin sürəti cavabı önləyir. Anlayırıq ki, həyatımızda baş verən hadisələrə nəzarət edə bilməsək də, hadisələrə olan reaksiyamıza nəzarət etməliyik. Vaxtilə məşhur Çin filosofu Men Tsz yazırdı ki, göylər insanı mükəmməlləşdirmək istərkən mümkün vasitələrlə onu sınağa çəkir və qalib çıxmaq üçün mənəvi müqavimət qüvvəsini yoxlayır. Bu gün biz də bir fərd, bir xalq, bir dövlət kimi sınaq günlərini yaşayırıq və inanıram ki, bu çətinliyi dəf etmək üçün əzm, iradə, qətiyyət nümayiş etdirəcəyik. Bizim həyatımızın dəyəri çətinlikləri dəf etmək qətiyyətimizin gücü qədərdir. Hər bir kəs anlamalıdır ki, onun məsuliyyəti, yardımı, şəfqəti, mərhəməti başqalarıyla birlikdə fəaliyyəti bu bəlanın sonunu yaxınlaşdıracaq. Gözəl bir rəvayət var: dəniz sahilində gəzən birisi sahildə on-on iki yaşlı bir uşaqla rastlaşır. Uşaq gecə dəniz dalğalarının sahilə atdığı dəniz ulduzlarını yenidən toplayıb dənizə atırmış. Adam uşaqdan soruşur: sən nəylə məşğulsan? Burada yüzlərlə, minlərlə dəniz ulduzu var, sən onların hamısını yığıb dənizə ata bilməzsən ki, bir neçəsini atmaqla nəyi dəyişə bilərsən. Uşaq cavab verir: dənizə atdığım o bir neçə ulduzun həyatını dəyişə bilərəm. Olduqca müdrik cavabdır. Biz təkcə öz həyatımız üçün deyil, başqalarının həyatı üçün də cavabdehik, bu gün “mən”, “sən” deyil, “biz” olmaq vaxtıdır, çətin zamanlar uzun sürməyəcək, çətin insanlar daimidir.

– Bəziləri bu virusun təbiətdən gəlmədiyini, laboratoriyada yaradıldığını iddia edir. Siz bu versiyaya inanırsızmı?

– Koronavirus bəşəriyyətin qarşılaşdığı nə ilk, nə də son bəladır. Tarixi mənbələr minilliklər öncə də baş vermiş epidemiyalardan, pandemiyalardan xəbər verir. İlk sənədləşdirilmiş kütləvi pandemiya 541-ci ildə Bizans İmperiyasında baş verib, yüz milyon insanı məhv edib. Bu, bütün Avropanı, Şimalı Afrikanı, Mərkəzi Asiyanı əhatə etmiş bir pandemiya olub. İmperator Yustinyan da buna yoluxduğuna görə, bu pandemiya “Yustinyan pandemiyası” adlanır. Sonrakı əsrlərdə də dünya çoxsaylı pandemiyalarla üzləşib və onların hər biri tarixə çevrilib. Nə vaxtsa bu gün də tarixə çevriləcək və insanlar onları qorxulu bir yuxu kimi xatırlayacaq, bəlkə də, heç xatırlamağa çalışmayacaq. Bu koronavirus da tarixə dönəcək, lakin bəşəriyyətə ciddi dərs verərək həyatımızdan uzaqlaşacaq. Dərk edəcəyik ki, problemi yaradan təfəkkürlə onu həll etmək qeyri-mümkündür, anlayacayıq ki, insanın Allahlıq iddiası, təkəbbürün, həyat və təbiət qanunlarının pozulmasına yönələn fəaliyyəti, istəklərinin imkanlarını üstələməsi, Ulu Tanrının ədalətinə şübhəsi, aləmin harmoniyasına gərəksiz müdaxiləsi nəticədə belə bəlalara yol açır.

– Pandemiyanın dünyanı dəyişəcəyi fikrinə siz də şərik çıxırsız? Nə dəyişəcək dünyada? Pandemiyadan sonrakı dünya pandemiyaya qədərki dünyadan yaxşı, yoxsa pis olacaq?

– Bəşəriyyət, insanlıq bundan dərs alacaqmı? Mürəkkəb sualdır, lakin bir çox şey dəyişəcək. Qlobal həmrəyliyin zərurəti önə çıxacaq, həlli vacib olan məsələlərin gündəmə gətirilməsi vacibliyi tələbi yaranacaq, risk strategiyasının bütün sahələrdə nəzərə alınmasına xüsusi diqqət yetiriləcək, insanların sosial psixoloji durumunun sağlamlaşdırılması yolunda ciddi addımlar atılacaq, ümumi taleyimiz üçün birgə məsuliyyət hissi artacaq. Bəlkə də mən çox optimist düşünürəm, lakin bu, bir zərurətdir. Bu xarakterli sınaqlar xalqın, millətin xarakterini, düşüncə tərzini, mənəvi müqavimət qüvvəsini yoxlayan məhək daşıdır.

– Bu təcrid dönəmini necə keçirirsiz: filmlərmi, kitablarmı, yoxsa başqa nələrsə?

– Təcrid dönəmi, əslində, xeyli imkanlar yaradır, bitirmədiyim tədqiqatlar üzərində işləyirəm, filmlərə baxıram, olduqca maraqlı kitablar oxuyuram. Açığı, onların çoxu elə futuralogiyaya aiddir, bəşəriyyətin gələcəyi, süni intellekt, paralel dünyalar, gen mühəndisliyinin bəşəriyyətin sabahı ücün hazırladığı sürprizlər və sairə. Amma ilk olaraq bu bəlanın bitdiyi o günü gözləyirəm.

– Bu çətin günlər, sizcə, insanların psixologiyasına necə təsir edə bilər?

– Həyatımızın bütün sahələrində baş verən dəyişikliklərdən ən önəmlisi insanların psixoloji durumunda baş verənlərdir. Qorxu, vahimə, təşviş, ümidsizlik insanın ruhi durumunu dəyişən faktorlardır. Sabaha ümidlə yaşayan, çətinliklərin keçici olacağına inanan insanı qorumaq bu gün ən vacib məsələdir. Çünki məhz bu insanlar postkoronovirus dövründə sosial-iqtisadi böhranları dəf edəcək. Bu gün cəmiyyət üzvlərinin ruhi durumunun qorunması, sakitlik, asayişin təmin olunması üçün bir sira vəzifələr yerinə yetirilməlidir. Bu sahədə televiziyanın, medianın üzərinə çox böyük bir vəzifələr düşür. Evlərində qalıb hadisələri izləyən insanlara hansı informasiya ötürülməli, məlumatların xarakterinin yaratdığı reaksiya necə olmalı, məlumatların yalnız koronovirusla əlaqədar deyil, başqa məlumatlarla zənginliyinə necə nail olunmalı kimi suallara cavab axtarılmalıdır. Sosial şəbəkələrdə gərəksiz informasiyaların yayılması, şübhə, şayiə, panika insanlarda bir ümidsizlik hissi yaradır. Yeri gəlmişkən, dünən televiziya kanallarının birində koronavirusdan söhbət açan aparıcının səs tonu, həyəcanı, təşviş dolu müraciətləri insanları sakitləşdirmək əvəzinə, vahimə yaşamağa vadar edirdi. Bir anlığa fikirləşirdim, hətta sakit bir insan belə, bu çıxışdan sonra özünü itirər. Bu gün məlum problemlə əlaqədar ekspertlərin də televiziyaya dəvət olunmasına ciddi yanaşmaq lazımdır. Problemi bilən və düzgün şərh edən insanlar efirlərdə görünməlidirlər. Daha dəqiq desək, bu gün informasion detoksa böyük bir ehtiyac var.

– Son dövrlər Azərbaycanda diqqət çəkən məsələlərdən biri də feminist hərəkatının güclənməsidir. Bir qadın və vaxtilə parlamentin İnsan hüquqları komitəsinə rəhbərlik etmiş şəxs kimi sizin bu hərəkata münasibətinizi bilmək istərdik. Feminizmlə ənənələri barışdıran ortaq bir nöqtə tapmaq mümkündürmü? Yoxsa bunlar daima toqquşacaq və toqquşmalıdır?

– Feminizim əslində, sosial-siyasi nəzəriyyədir. Bu nəzəriyyənin, yaxud sonradan hərəkatın yaranması, inkişaf tarixi 19-cu əsrə aiddir və onun tarixi üç mərhələyə bölünür. Birinci dövrü 19-cu əsrin sonu, 20-cı əsrin əvvəli idi. Bu, qadınların hüquq bərabərliyi uğrunda mübarizəsinin yarandığı və inkişaf etdiyi bir dövrdür. Bu dövrdə qadınlar siyasi hüquqlar uğrunda mübarizəyə başlayırdılar. Onlar müxtəlif radikal aksiyalar keçirir, vitrinləri qırır, hər vasitə ilə cəmiyyətin diqqətini özlərinə cəlb etməyə çalışır, qadın hüquqlarının gerçəkləşməsi uğrunda ciddi addımlar atmağa çalışırdılar.
İkinci mərhələ 20-ci əsrin 60-cı illərinə təsadüf edir. Bu, gender məfhumunun ortaya çıxmasıyla başladı. Həyatın bütün sahələrində qadınların hüquq bərabərliyi ilə yanaşı, imkan bərabərliyini, yəni bərabər hüquqlar, bərabər imkanlar uğrunda mübarizə başlandı. Üçüncü mərhələ artıq 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərinə təsadüf edir. Feminizm hərəkatının əhatə dairəsi son zamanlar daha da genişlənib. Əslində, bu hərəkat müxtəlif istiqamətlərdə inkişaf edir. Bunların içərisində anarxist feminizm, konservativ feminizm, humanist feminizm, radikal feminizm kimi cərəyanlar mövcuddur. Bu müxtəlif istiqamətlərin ortaq bir ideyaları olduğu kimi, fərqli ideyaları da var. Məsələn, konservativ feminizm hesab edir ki, bu bərabərlik ailə institutunun məhvinə səbəb ola bilər, radikal feminizmə görə, qadınların kişilər tərəfindən idarə edilməsinə birdəfəlik son vermək lazımdır, humanist feminizm qadın və kişilərin eyni standartlarla yaxınlaşmasını tələb edir. Bir sözlə, feministlər qadınların cəmiyyətdə yerini və rolunu, dövlət əhəmiyyətli qərarların qəbul edilməsində iştirakının əhatə dairəsinin genişlənməsini tələb edən qüvvədir. Cəmiyyətdə cinslərin qarşılıqlı münasibətindəki mövcud vəziyyətdə ahəngdarlığa nail olunması, cinslərin bərabər hüquq və azadlıqlarının təmini hər bir demokratik dövlətin həyata keçirtdiyi vəzifədir. Azərbaycan dövləti də insan hüquqlarının təminatını öz ali məqsədi kimi Konstitusiyada təsbit edib və beynəlxalq hüquq prinsiplərinin prioritetliyini xüsusi vurğulayıb. Lakin etiraf etmək lazımdır ki, hələ də qadına qarşı şiddətin, erkən nigahların və onların acı nəticələrinin şahidi oluruq. Cəmiyyətdə bu məsələlərə münasibətdə öz barışmaz mövqeyini ortaya qoyan feminist xanımların bəziləri ilə tanışam, tədbirlərini izləyirəm və görürəm ki, onların çoxu cəmiyyətdə öz mövqeyi olan, ciddi, ayaqda durmağa qadir xanımlardır. Bu xanımların gerçəklikdə qadınların kişilər tərəfindən hər hansı bir zorakılığa məruz qalması, yaxud çalışdıqları yerlərdə qadınlara qarşı münasibətdə ayrıseçkilik halları qane etmir və edə də bilməz. Bunlar aktiv mübarizlərdir. Məsələ burasındadır ki, bu gün, ümumiyətlə, dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda qadın hüquqlarının təmin olunması ilə əlaqədar qanunvericilikdə bütün müddəalar var. Yəni əgər yadınızdadırsa, biz Gender bərabərliyi haqqında, Məişət zorakılığına qarşı mübarizə ilə əlaqədar olaraq qanunlar da qəbul edərək, mövcud qanunvericiliyi bir az da təkminləşdirmişdik. Buna baxmayaraq, bütün dünyada olduğu kimi Azərbaycanda da müəyyən məqamlarda, bax, bu qanunların pozulması halı mövcuddur. Yəni biz bunu inkar edə bilmərik.
Son zamanlar dünyada müasir feminizm adlı yeni bir istiqamət yaranıb. Azərbaycanda da bunun ardıcılları var. Təkcə, Azərbaycan xanımlarını deyil, ümumiyyətlə, xanımları mən adətən üç qrupa bölərdim – öz hüququnu bilən və öz hüquqları uğrunda mübarizə etmək qətiyyətində olan xanımlar, öz hüquqlarını bilən, ancaq öz hüquqlarını qorumaq iqtidarında olmayan, onun hüquqlarını başqasının qorumasına ehtiyac duyan xanımlar, nəhayət, öz hüquqlarını bilməyən və heç bu hüquqların gerçəkləşməsi üçün çaba da göstərməyən xanımlar. Bax, bu kateqoriyaların hər biri, bir-birindən fərqlənir. Düşünürəm ki, müasir feminist xanımlar əsas məqsəd kimi son ikinci və üçüncü kateqoriyadan olan xanımların hüquqlarını qoruyaraq, onların cəmiyyətdə özünü təsdiq etməsi üçün çalışan xanımlardır. Təki onların fəaliyyəti uğurlu olsun.

– Son çağırışda Milli Məclisə yeni xanım deputatlar da seçildi. Onlar haqda fikirləriniz nələrdir? Necə qiymətləndirirsiniz?

– Son çağırış Milli Məclisə seçilən xanımların içərisində yaxşı tanıdığım və hələ tanımaq imkanım olmadığı xanımlar var. İnanıram ki, onlar müasir dövrün çağırışlarına cavab verəcək, qanunların qəbul olunmasında öz bilik və bacarığını əsirgəməyəcək, öz seçicilərinin etimadını doğruldacaq, Azərbaycan tarixinə öz adlarını yaza biləcəklər.

– Sahibə Qafarova Milli Məclisin sədri seçildi. Tanışlığınız varmı, fəaliyyətinə bələdsinizmi?

– Sahibə xanım Qafarova uzun illər tanıdığım, həmkar olduğum bir xanımdır, alimdir, uzun illər Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil etmiş millət vəkilidir. Sahibə xanımın Milli Məclisin sədri seçilməsi məni çox sevindirdi. Onun alicənablığı, kübarlığı, təmkini, biliyi, peşəkarlığı Milli Məclisin sədri kimi bütün tələblərə cavab verir və inanıram ki, o, bu vəzifəsinin öhdəsindən böyük ləyaqətlə gələcək. Çünki Sahibə xanımın bütün keyfiyyətləri buna imkan verir.

– Çətin günlərinizdə kimlər vardı yanınızda, kimlər dəstək oldu sizə?

– Çətin günlər dedikdə nəyi nəzərdə tutursunuz? Koronovirusla əlaqədardırsa, heç kimin yanımda olmasına razı deyiləm. Digər məna çalarlarına gəldikdə isə bir ömür yaşayıb yanında sədaqətli dostlar qazanmamısansa, deməli, hardasa ciddi səhvlərin olub. Qürurla deyə bilərəm ki, sınanmış, etibarlı dostlarım həmişə olduğu kimi yenə də yanımdadırlar. Yaxşı dost qazanmaq üçün isə özün etibarlı dost olmalısan.

– Vəfa duyğusu, sədaqətlilik haqda nə düşünürsünüz?

– Vəfa duyğusu, sədaqət, etibar hər insanın çiynində daşıya biləcəyi mənəvi sərvət deyil. Bu, seçilmişlərə xasdır və ruhun bir parçalarıdır. Nodar Dumbadze vaxtilə yazırdı ki, insan ruhu onun bədənindən qat-qat ağırdır. İnsanın sədaqətli dostları olmasa, o bu yükü daşıya bilməz. Mən bu fikirlə tamamilə razıyam.

– “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid xatırlayır ki, insanların biganələşməsi, laqeydləşməsi barədəki söhbətlərinizin birində apteklərdə süni göz yaşı satıldığını demisiniz. Sizcə, vəziyyət bu qədərmi acınacaqlıdır ki, süni gözyaşına ehtiyacımız var? Və sizcə, o süni gözyaşı ən çox kimlərə lazımdır?

– Yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyim Rəşad Məcidin mənim uzun illər öncə söylədiyim sözləri unutmaması çox xoşdur. Bu fikir cəmiyyətdə baş verən proseslərə bir reaksiya idi.
Süni göz yaşları müasir sivilizasiyanın xəstəliyi sayılan göz quruluğu xəstəliyinin dərmanı sayılır. İnformasiya texnologiyalarının ən son nəsil nümunələri bu xəstəliyin yayılmasnı təmin edir və bu qarşısı alınmaz bir prosesdir. Lakin məsələnin dərinliyinə varanda, müasir insanın dəyişməsi, özünütəcridə meyilliliyi, virtual aləmdə özünü daha komfort hesab edərək ətrafa yadlaşması günümüzün reallığı olub təşviş doğurur. XXI əsrin insanını öyrənməyə çalışan tədqiqatçılar onun daxili aləmində ciddi dəyişikliklər yaşandığını qeyd edir. Sıxlaşmış zaman içərisində yaşayan insanın hisslərini, duyğularını, sevinc və iztirablarını ifadə etməsində fərqli məqamlar meydana çıxır. Öz emosiyalarını açıq ifadə etməkdən çəkinən, bunu zəiflik hesab edən insanların sayı artmaqdadır. Halbuki, göz yaşı öz duyğularını, kədərini və sevincini ifadə etmək azadlığıdır. İnsanın zəifliyi göz yaşlarında deyil, onları göstərmək qorxusundadır. Hisslərin açıq ifadə olunmasının məqbul sayılmadığı Yaponiyada emosional sıxıntılardan azad olmaq ücün göz yaşları otaqları yaradılıb. Bu otaqlarda xüsusi kuryerlər insana neqativ emosiyalardan xilas olmaq məqsədilə ağır məzmunlu, təsirli filmlər nümayiş etdirir, minor musiqilər dinlədirlər. Nəticədə göz yaşları vasitəsi ilə insan sakitləşir, emosional gərginliyi azalır. İngilis psixiatoru Henri Maudsli qeyd edirdi ki, göz yaşına dönüb axmayan kədər sonradan daxili orqanların ağlamasına səbəb olur. Sevinc göz yaşları isə xoşbəxtliyin, uğurun ifadəsi olub insanın yaşamaq, yaratmaq əzmini artırır. Müasir dövdə “Zəka – Hissə qarşı” konsepsiyasının gerçəkləşməyə, zəka ilə duyğular arasındakı konfliktin dərinləşməyə yön aldığı bir zaman kəsiyində bəşəriyyətin hadisələrə dərkolunmuş münasibəti tarixi zərurətə çevrilir. Bəşəriyyəti ən çətin sınaqlardan, dərin böhranlardan Zəka ilə Hissin birliyi, harmoniyası xilas edib, kədər göz yaşları sevinc göz yaşları ilə əvəzlənib. Min illiklər boyu xalqların, millətlərin yaşadığı çeşidli fəlakətlər, amansız müharibələr Şəfqət, Mərhəmət, Həmrəylik, İnsanpərvərlik hisslərinin unudulması nəticəsində baş verib və verməkdədir. Lakin düşünürəm ki, sabaha nikbin nəzərlərlə baxmalıyıq. Mən bu gün hər kəsə çətin günləri arxada qoyub yaxınları, doğmaları ilə birlikdə sağlam, xoşbəxt sabaha doğru addımlamağı arzulayıram. Qoy həmişə yanaqlarınızı sevinc göz yaşları islatsın.