BMT qətnamələrinə yeni baxış - Erkin Qədirli QƏNAƏTİ

Hüquqi sənədlərin potensialından tam istifadə etməliyik

BMT Təhlükəsizlik Şurasının qətnamələri nə dərəcədə aydındır?

Çox zaman deyilir ki, orada söhbət yalnız "yerli erməni qüvvələri"ndən gedir, Ermənistan işğalçı adlandırılmır və s. Birincisi, "yerli erməni qüvvələr" ifadəsi ancaq birinci (822 saylı) qətnamədə işlədilir, sonrakı qətnamələrdə bu ifadə yoxdur. İkincisi, ingilis mətnində bu ifadənin qarşısında "the" müəyyən artikulu yazılmayıb, sadəcə "local Armenian forces" yazılıb. İngilis dilini yaxşı bilənlər, xüsusilə hüquqşünaslar, "the" müəyyən artikulunun mətnin ümumi mənasına necə böyük təsir göstərdiyini bilirlər. 822 saylı qətnamədə "yerli erməni qüvvələr" ifadəsinin qarşısında bu artikulun olmaması söhbətin məhz və ya yalnız Dağlıq Qarabağdakı separatçılarından getmədiyini aydın göstərir.

Qətnamənin müqəddiməsindəki kontekstual düzülüşə baxaq. Öncə Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi, sonra silahlı döyüşlərin kəskinləşməsi qeyd olunur. Buradan aydın görünür ki, Təhlükəsizlik Şurası münaqişənin kimin arasında olduğunu yaxşı anlayıb. Müqayisə üçün, keçmiş Yuqoslaviyadakı münaqişə kontekstində Təhlükəsizlik Şurası "Yuqoslaviyadakı döyüşlər", "Yuqoslaviyadakı tərəflər" ifadələrini işlətməklə, oradakı münaqişənin daxili olduğunu göstərib. Bizim kontekstdə "Azərbaycandakı döyüşlər", "Azərbaycandakı tərəflər" ifadələri yoxdur. Yuxarıda yazdığım kimi, Təhlükəsizlik Şurası münaqişənin Ermənistanla Azərbaycan arasında olduğunu dolayısıyla bildirib.

Elə oradaca Təhlükəsizlik Şurası bölgənin bütün (!) dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayıb. Daxili münaqişələr kontekstində belə tekstlər yazılmır. Sonrakı qətnamələrdə isə Azərbaycanın adı ayrıca çəkilir. Yəni, məhz Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinə təhlükənin olduğu vurğulanır.
Müqəddimədə daha maraqlı bir yer var - "yerli erməni qüvvələr"in Kəlbəcərə "girməsi" (invasion). Baxın, "işğalı" (occupation) deyil, "girməsi" (invasion) yazılıb. Beynəlxalq hüquqda "işğal" sözünün mənası çox aydındır - işğal ancaq dövlətlərarası münaqişənin nəticəsi ola bilər. Daxili münaqişələrdə döyüşən tərəflərin hansısa yeri tutması işğal sayılmır.

Buradan nə anlamaq olar? "Yerli erməni qüvvələr"in Kəlbəcəri tutması işğal deyil, "girmə" adlandırılırsa, həmin qüvvələrin ancaq Dağlıq Qarabağdakı separatçılarından ibarət olduğu anlamına gəlirmi? Kəlbəcər işğal olunmuş sayılmırmı? Gəlin diqqətlə oxuyaq. Müqəddimədə tekst belədir - "...xüsusilə də yerli erməni qüvvələrin Kəlbəcərə girməsi..." Unutmayaq ki, orada "the" artikulu yoxdur. Ayrıca, "xüsusilə də" ifadəsi Kəlbəcərin tutulmasını münaqişənin yalnız bir epizodu sayıldığını göstərir.

Qətnamənin 1-ci bəndi konteksti daha aydın açır. Orada belə yazılıb - "... bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycan Respublikasının bu yaxınlarda işğal olunmuş başqa yerlərindən dərhal çıxmasını tələb edir". "İşğal" sözünə diqqət! Haradan çıxdı bu söz? "Yerli erməni qüvvələr" ifadəsi vardısa, "bütün işğalçı qüvvələr" ifadəsinə nə gərək vardı. Mənalar qarışdımı? Yox! Məna, müqəddimədən başlayaraq, həmişə aydın olub. "The" artikulunun olmaması, "xüsusilə də" ifadəsinin işlədilməsi, "girməsi" sözündən sonra "işğal olunmuş" və "bütün işğalçı qüvvələrin" sözlərinin yazılması kontekstual ünvanın Ermənistan olduğunu bildirir.

Niyə Ermənistan birbaşa işğalçı adlandırılmadı? Çünki, buradan Təhlükəsizlik Şurası üçün ayrıca bir öhdəlik doğacaqdı. Bir dövlətin işğalçı adlandırılmasından sonra, onun təcavüzkar adlandırılması lazım olacaqdı. TŞ bunu etmək istəməyib (çeşidli səbəblərdən). Bununla belə, qətnamənin mətnində söhbətin Ermənistandan getdiyini göstərib.

İndi də qətnamənin bəlkə də ən maraqlı yeri haqqında. "Azərbaycan Respublikasının bu yaxınlarda işğal olunmuş başqa yerləri" haradır? Kəlbəcərdən öncə hara işğal olunub? Şuşa, Xocalı və s. Yəni, 822 saylı qətnamə yalnız Kəlbəcərlə bağlı deyil. Şuşanın və başqa yerlərin adının çəkilməməsi heç nəyi dəyişmir. Ona qalırsa, Laçının da adı heç bir qətnamədə çəkilmir, amma 853 saylı "Ağdam Qətnaməsi" Laçını da ehtiva edir, çünki "bu yaxınlarda" sözləri orada da işlədilir.

Qalır "bu yaxınlarda" ifadəsinin mənası. İngiliscə "recently" sözünün mənası yetərincə geniş ola bilər. Təhlükəsizlik Şurası özü də buna işarə verib. Belə ki, 884 saylı qətnamədə "ən son" (latest) sözünü işlədir. Yəni, "bu yaxınlarda" sözü qısa zamanı bildirmiş olsaydı, TŞ sonradan "ən son" ifadəsini işlətməzdi.

Yuxarıda yazdığım və çox uzatmamaq üçün davam etmədiyim arqumentləri siyasi danışıqlarda rahat istifadə etmək olar. Ermənilər və onları dəstəkləyənlər bununla razılaşmaya bilərlər, amma bu, bizi dayandırmamalıdır. Hüquqi sənədlərin potensialından tam istifadə etməliyik.

Erkin Qədirli
Millət vəkili