Deputat sərhədyanı zonalarda kommunal xərclərin yarıbayarı azaldılmasını təklif etdi

"Bu məsələyə parlamentdə də baxılması yaxşı olardı"

Tovuzda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 6 kəndin ərazisində zərər dəymiş 36 evin bərpa və təmiri ilə bağlı Fövqəladə Hallar Nazirliyi və digər qurumlar iş aparır. Bu qurumlara təşəkkür edirəm.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Arzu Nağıyev bildirib.

A.Nağıyev Tovuz, Gədəbəy kimi sərhədyanı zonalarda kommunal xərclərin yarıbayarı azaldılmasının vacib olduğunu bildirib: “Bu məsələyə parlamentdə də baxılması yaxşı olardı. Bu bölgələrdən miqrasiya prosesinin tənzimlənməsi üçün belə addım atıla bilər”.

Millət vəkili diz implantı məsələsinin də aktual olduğunu söyləyib: “TƏBİB yaranana qədər hər il 150-ə qədər insan pulsuz bu əməliyyatla təmin edilirdi. TƏBİB yaranandan sonra bir əməliyyat belə aparılmayıb. Bununla bağlı da TƏBİB rəhbərliyi dəvət olunmaqla, müzakirələr keçirilməsi vacibdir”.

Komitə sədri Musa Quliyev isə Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitəsinin, Səhiyyə Nazirliyinin və müvafiq qurumların iştirakı ilə dinləmələr keçirilə biləcəyini söyləyib. (Trend)

AzNews.az