"Xalq" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov yazır "Xalq" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov yazır
  • Tribuna
  • 26 Mart 2021 20:29
  •  15 049

Filipp Ekozyants saxta erməni tarixini ifşa edir

"Xalq" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov yazır

İnanc əsasları və söykəndiyi dəyərlər baxımından səmavi dinlər mənəvi norma və baxışların, cəmiyyətdə davranış modellərinin formalaşmasına tarix boyu ciddi təsir göstərmişdir. Ötən dövrlərin tarixinə nəzər salanda bəlli olur ki, iudaizm, xristianlıq, islam hər zaman Allahın varlığına və birliyinə inam, sevgi, mərhəmət, başqa millətlərə və dinlərə sayğı, ehtiram, dözümlülük, ədalətli və vicdanlı davranış, dürüstlük, iradə və seçim azadlığını təbliğ etmişlər.

Hadisələrə və baş verən proseslərə ədalətli yanaşma, tolerant münasibət dinlərin və din xadimlərinin başlıca vəzifəsi olmuşdur. Təəssüf ki, erməni qriqorian kilsəsi yarandığı dövrdən onun bütün fəaliyyətinin təməlində millətçilik, müstəsnalıq xülyası, eqoizm, qəddarlıq, başqa millətlərə qarşı düşmənçilik siyasəti dayanmışdır. Etnik-dini münaqişələr yaratmaqla başqala­rının torpaqlarını mənimsəmək bu kilsənin əsas məqsədinə çevril­mişdir. Tarixi şərait dəyişdikcə erməni kilsəsi cilddən-cildə girmiş, gah güc, qüdrət sahiblərinə sığınmış, məzlum maskası taxmış, gah da zalım, qaniçən terrorçu dəstələr, təşkilatlar ya­radaraq onları maliyyələşdirmiş və istiqamətləndirmişdir. Dini ekstremizm, fitnəkarlıq, terrorçu­luq bu kilsənin fəaliyyətinin əsas istiqamətləri kimi, hər zaman ön planda olmuşdur.

Xəstə erməni təfəkkürünün eybəcər təzahürlərinin, ermənilərin cinayətkar əməllərinin, işğalçılıq siyasətinin dərin köklərini daha çox qriqorian kilsəsinin mənfur planlarında və proqramında ax­tarmaq lazım gəlir.

“Kilsə tanrı və vətəndən öncədir! Kilsə varsa, onlar da olacaq” erməni kilsəsinin bədnam devizi idi. Vətənsiz erməni toplumu Vətən axtarışında idi. Sonralar müsəlman-türk xalqla­rına müsibətlər, faciələr gətirmiş bu yolun başlanğıcında erməni kilsəsinin yalanlarına inanaraq, bəzən elə biz özümüz də ona dəstək vermişik.

Vaxtilə xaç yürüşlərinə əlindən gələn köməyi əsirgəməyən erməni kilsəsi XV əsrin ortalarına yaxın Qaraqoyunlu hökmda­rı Cahan şaha sığınaraq kilsə mərkəzini Qafqaza köçürməyə icazə verməsini xahiş etmişdi. Cahan şah erməni kilsəsi üçün Eçmiədzində torpaq sahəsi ayıraraq patriarxı təntənə ilə qarşılayıb, şərəfinə ziyafət təşkil etmişdi. Cahan şahın bu hərəkəti Şeyx Cüneydin və türkmən tay­falarının ciddi narazılığına səbəb olmuşdu. Qaraqoyunlu dövlətinin sərhədlərindən kənara çıxarılan Şeyx Cüneyd və müridləri Ağqo­yunlu hökmdarı Uzun Həsənə sığınmışdılar.

Səfəvilər dövləti də ermənilərə və erməni kilsəsinə böyük güzəştlər vermişdi. Bu güzəştlərdən yetərincə faydalanan ermənilər məkrli planlarını daha da genişləndirmişdilər.

İrəvan qalabəyi və Qərbi Azərbaycan bəylərbəyi Rəvanqulu xan 1519-cu ilin oktyabrında Şah İsmayıl Xətaiyə yazmışdı: “Ulu şahım, Tanrı atan Heydər Səfiyə qəni-qəni rəhmət eləsin. Sən nökər bəndəni bu oğuz-türk diyarına bəylərbəyi təyin edərkən, adamlar içrə Şahmərdan Həzrət Əli kimi ədalətsevər olmağı, möminlərlə imamımız Hüseyn kimi insanpərvər davranmağı dönə-dönə tövsiyə etmisən. Mən qulluq meyarının dairəsindən çıxmamışam. Lakin son illər müşahidələrimə görə, əhalinin bir qismi, yəni Beynənnəhreyndən Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər... xırda ticarətlə, bənnalıq və dülgərliklə güzəran sürüb farağat oturmaq­dansa, tabeliyimdəki torpaqlarda yerdəyişmə vurnuxmalarına başla­mış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Ağkilsə kəndində dünya ermənilərinin katolikosu II Qriqori zünnarına xas olmayan fəaliyyəti və təxribatçılıq əməlləri ilə idarəmizi müşküllüklərə məruz qoyub.

Katolikos erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tay­fanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın.

İsmətsizlik əxlaqına qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı cavanlarına can atır, qədim peşələrlə könülləri ovundurur, oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, Şahım. Mənə səlahiyyət ver, cəmi on beş min mövsümi işçilər kimi onları hissə-hissə qaytarım Vətənin dışarına. Sənin qulun Rəvan xan”.

Təəssüf ki, Rəvanqulu xanın bu məktubuna Səfəvilər dövləti nə diqqət yetirdi, nə də tədbir gördü.

1605-ci ildə I Şah Abbasın fərmanı ilə ermənilərin kompakt yaşayışı üçün Yeni Culfa şəhəri salınmış, kilsələr inşa olunmuş, bu məqsədlə xəzinədən xeyli pul ayrılmışdı. Böyük var-dövlət, sərvət toplamış erməni kilsəsi və tacirlər dövlət yaratmaq üçün Avropa ölkələrində himayəçilər axtarırdılar.

Avropa dövlətlərində himayədarlar tapa bilməyən ermənilər, nəhayət, Rusiyaya üz tutdular. Yeni Culfalı tacir Xoca Zakarın çar Aleksey Mixailoviçə apardığı hədiyyələr içərisindəki “Almaz taxt” qızıl, gümüş və fil sümüyündən hazırlanaraq 987 ədəd almaz, 1298 yaqut, 18030 Şərq firuzəsi ilə bəzədilmişdi.

Katolikos IV Akop tərəfindən Avropaya göndərilmiş yeddi nəfərdən ibarət nümayəndə heyətinin tərkibində 18 yaşlı erməni məliyi İsrael Ori də var idi. Nümayəndə heyəti gürcü çarı XI Georginin köməyi ilə əvvəlcə Konstantinopola getsə də, onlara dəstək verən olmadı. Erməni mənbələrində bildirilir ki, Venesiya, Paris, Vyana, Düsseldorf və Tos­kanaya təklikdə səfərlər zamanı da İsrael Ori uğur qazana bilmədi. 1700-cü ildə imperator I Leopold İsrael Oriyə məsləhət görür ki, bu işdə ermənilərə yalnız Rusiya kömək edə bilər. Ori hiyləgərlikdə şeytandan geri qalmırdı, Rusiyanı türklərə qarşı qaldırmaq üçün I Pyotra və şahzadəyə apardığı hədiyyələrin hamısı türklər tərəfindən hazırlanmışdı. Bu­nunla hiyləgər erməni demək istəyirdi ki, bu cür məhsulların hazırlandığı Türkiyə, İran, Bosfor və Dardanel boğaz­ları, bu zəngin torpaqlar niyə də Rusiyanın olmasın. Ori çar sarayında maraq oyada bilmişdi. Çar İsveçlə müharibə sona çatdıqdan sonra kömək göstərəcəyini vəd etmişdi. Ori­nin təklif etdiyi plana əsasən, Rusiya Gürcüstana və mövcud olmayan Ermənistana kömək üçün 15 min kazakdan və 10 min piyadadan ibarət qoşun göndərməli idi.

Ori şübhə oyatmasın deyə rus ordusunun polkovniki formasında böyük bir dəstə ilə yollar, qalalar, hərbi qüvvələr, əhalinin əhvali-ruhiyyəsi barədə informasiya toplamaq məqsədilə İrana göndərildi. İranda danışıqlar apardıqdan sonra geriyə qayıdan İsrael Ori 1711-ci ildə Həştərxanda qəflətən öldü. İranda fransızların Sultan Hüseynin sarayında onu casus kimi qələmə verməsi reaksiyasız qalmamışdı. Fransızlar Sultan Hüseynə açıqca bildirmişdilər ki, Ori Rusiyanın köməyi ilə Ermənistan dövləti yaradılmasına, özü isə erməni çarı olmağa çalışır.

İsrael Ori ölsə də, erməni kilsəsi fitnəkar fəaliyyətini davam etdirməkdə idi.

Müasir ermənişünaslıqda erməni milli-azadlıq hərəkatının banisi və ideoloqu kimi təqdim edilən İsrael Ori, əslində, kimdir? Məsələyə başqa rakursdan yana­şanlardan biri milliyyətcə erməni olan və Yaxın Şərq tarixi üzrə tanınmış tədqiqatçı Filipp Ekoz­yantsdır.

Tədqiqatçı “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirir ki, İsrael Ori patriarx IV İako­vun 1678-ci ildə Qərbə uğursuz səfərindən düz 21 il sonra 1699-cu ildə geri qayıtmışdır.

Filipp Ekozyants “İsrael Ori. Pandoranın mücrüsü, 1-ci kitab. Persiya” adlı əsərində İsrael Ori və “erməni məliklərinin məktubu” haqqında məlum olan bütün sənədləri və məlumatları dərc etmişdir. Müəllif açıqca bildirir ki, məlum sənədlərin ənənəvi şərhi obyektivlikdən çox uzaqdır və bütün bunlar Yaxın Şərq xristian­larını Qərbin İran və Türkiyədəki maraqlarının alətinə çevrilən Ermənistanın saxta tarixinin yaradılması üçün üç əsrdən bəri aparılan gərgin işin nəticəsidir.

İsrael Orinin şəxsiyyəti və fəaliyyəti haqqında mifləri, ənənəvi baxışları ifşa edən Ekozyants qeyd edir ki, bu kitab, hər şeydən əvvəl, mənim atamın mənsub olduğu xalqın daha doğru olan tarixinə həsr olunmuşdur. Filipp Ekozyants “Vestnik Kavkaza” agentliyinə müsahibəsində deyir: “Miflərin ifşa olunması yalnız nəticədir, kitab, həqiqətən, bu şəxs haqqında ənənəvi baxışları alt-üst edir. Mən əsəri ona görə İsrael Oridən başladım ki, İrandakı təkcə ermənilərin yox, bütün xristian əhalinin ciddi problemləri məhz onun 1699-cu ildə İrana gəlişindən sonra başlamışdır. Məliklərin məktubu ilə insanlar arasında parçalanma bombasını məhz o qoymuşdur. XX əsrin əvvəlində babamın ailəsinin başına gələn hadisələri anlamaq üçün mən lap əvvəldən başlamalı idim. Başlan­ğıcda isə İsrael Ori durur. Bu kitabı ona görə yazmışam ki, oxucu onu oxuyaraq İrandan məliklərin məktubunu Avropaya gətirən İsrael Ori kim olub sualına özü cavab tapa bilsin. Qətiyyətlə deyə bilərəm ki, 1678-ci ildə (başqa məlumata görə, 1674-cü ildə) İranı tərk edən 18 yaşlı İsrael Ori ilə 1699-cu ildə İrana gələn İsrael Orinin eyni şəxs olduğunu təsdiq edən heç bir sübut yoxdur. Halbuki onların tamamilə ayrı-ayrı adam­lar olduğunu sübut edən çoxlu fakt vardır. Oxucunun bunu özü üçün aydınlaşdırması və bu fiqur barədə qərar qəbul etməsi üçün kitabda kifayət qədər sənədlər vardır”.

Hörmətli oxucularımızın haq­qında söhbət gedən məliklərin məktubu məsələsini daha yaxşı anlaması üçün qeyd edim ki, erməni tarixçiləri indiyə qədər öz əsərlərində yazırdılar ki, 1695-ci ildə Düsseldorfa gedən İsrael Ori orada Pfalts kurfürsti (Müqəddəs Roma imperiyasında kurfürst sta­tusuna malik yeddi imperiya knya­zı var idi. İmperatoru seçmək hü­ququ onlara məxsus olduğu üçün onlara seçici-knyaz da deyirdilər) İohan Vilhelmlə əlaqə yaradır. Kurfürst erməni məsələsinin Av­ropanın siyasi dairələrində maraq oyada biləcəyini zənn edərək İsrael Oriyə Avstriya imperatoru və Toskana hökmdarı ilə görüşmək üçün təqdimat məktubu verib.

Görüş zamanı Ori qaldır­dığı məsələnin ermənilərin əksəriyyətinin iradəsini ifadə etməsini sübut edən heç bir sənəd təqdim edə bilmədiyindən onun müraciətinə diqqət yetirilməmişdir. Bundan sonra Ori İohan Vilhelmin məsləhəti ilə Avropada müzakirə üçün sənəd gətirmək üçün Ermənistana qayıdıb və məlik Saf­razla birlikdə Sünik vilayətindəki Angexakot kəndində on bir Sünik məliyinin gizli görüşünü təşkil edib. Görüşdə məliklər hərbi yardım göstərilməsinə dair Av­ropa dövlətlərinə rəsmi məktubla müraciət ediblər. 1700-cü ildə Müqəddəs Roma imperatoru I Leopoldla görüş zamanı imperator planın uğur qazanması üçün Rusi­yanın köməyinin lazım gələcəyini bildirib. Almaniya və Avstriyada nəticə əldə edə bilməyən Ori Rusi­yaya yola düşüb.

Filip Ekozyants

Erməni tarixçilərindən fərqli olaraq, Filipp Ekozyants məliklərin məktubu məsələsinə “Vestnik Kav­kaza” agentliyinə müsahibəsində maraqlı yanaşma sərgiləyir: “Birinci növbədə, məliklər torpaq və əhalinin aşağı təbəqələrinin sahibi olan knyazlardır. XIX əsr fransız şərqşünası Antuan-Jan de Sen-Marten onları “erməni knyazları” yox, “Ermənistanın kiçik knyazları” adlandırır, bu, vacib məqamdır... On­lar müxtəlif konfessiyalara, katolikliyə, Şərq dini ayinlərinə aid ola bilərdilər, amma təsdiqləyici cavab vermək olar ki, məliklər, həqiqətən, xristian idilər. O ki, qaldı məliklərin erməni xalqına etnik mənsubluğu məsələsinə, ilk növbədə, qeyd etmək lazımdır ki, XVII əsrdə erməni xalqı arasında etnik sərhədlərin olmasını təyin etmək çox çətindir. Mən əminəm ki, etnik sərhədlər olmayıb, ermənilik isə real həyatdan daha çox kağız üzərində mövcud olub. Diqqət yetirin, bu məşhur məktubu imzalayan məliklərin ad­larını və soyadlarını erməni ad və soyadı adlandırmaq çox çətindir. Yalnız bir adın erməni soyadına oxşarlığı var, qalanları müxtəlif variasiyalara malikdir, müxtəlif dillərdə – rus, fransız, fars, erməni dillərində səsləndirəndə çox vaxt bir-birindən fərqlənir. Mənim adaşım və eyni soyadı olan şəxs məktubu imzalayanların siyahısında birincidir – Filip de Eqoz, yəni Eqoz nəslindən olan, amma erməni dilində bu soyad Akazi kimi səslənir, rus dilində I Pyotra məktubda isə Eqiya Fi­lippov (İoann Vilhelmə məktubda isə Xeqias Filipp) kimi yazılmışdır. Yəni o vaxt dil standartları hələ formalaşmamışdı”.

Filipp Ekozyants daha sonra qeyd edir ki, məktubu imzala­yan məliklərin hamısının adları türk adlarıdır. Onların erməni dilini bilib-bilməməsi də bəlli deyil. Bəlli olan budur ki, o vaxtlar Avropada və Rusiyada hansısa idarədə, nazirlikdə erməni dili tərcüməçisi yox idi. İrana gələn katolik missionerləri oradakı xristian əhalini erməni kimi qələmə verirdilər. Halbuki İranın özündə xristian əhaliyə nəsrani deyirdilər. Deməli, məktubu imzalayan məliklər, əslində, İranda yaşayan xristianlar idi.

Rusiya tarixinin tanınmış tədqiqatçısı Gerasim Artyom­yeviç Ezovun əsərlərinə istinad edən Ekozyants diqqətə çatdırır ki, Rusiyanın İsrael Oriyə cavab məktublarında da ermənilərdən yox, İranın xristian əhalisindən bəhs edilir: “Osmanlı imperiya­sının şərqinə gedən missionerlər yalnız türk dilini öyrənirdilər. Onlar özləri bunu yazırlar. Onların heç biri erməni dilini öyrənmirdi. Kim mənim təsdiq etdiyim bu fikrə qar­şı nəsə qoymağa çalışsa, əminəm ki, o çox çətinə düşəcək, çünki İranda yerli əhali ilə işləmək üçün erməni dilini öyrənən adamların olması barədə dəlil yoxdur. O zaman hamı, o cümlədən erməni adlananlar türk dilində danışırdı­lar”.

Filipp Ekozyants XVII əsrdə Ermənistan sözünün yalnız coğrafi ərazinin adı olduğunu vurğulayır və bildirir ki, dövlət başçıları­nın və məmurların yazışmaları da daxil olmaqla, sənədlərdə Ermənistandan dövlət kimi yox, yalnız yerin adı kimi bəhs edilir. İsrael Ori özü də 1699-cu ildə Ermənistan sözündən yerin adı kimi istifadə edib.

İsrael Orinin mənsub olduğu tayfanın adı Boros, Broş, yaxud Proş kimi göstərilib. Yerusəlim assizlərində bu tayfanın adı Barux kimi qeyd olunub. Baruxla­rın bir qismi XVII-XVIII əsrlərdə Pfaltsda məskunlaşmışdır. Görünür, kurfürst İohan Vil­helmin İsrael Orini məliklərin məktubunu almağa göndərəndə özəl niyyəti varmış. Bu işdə əsas məqsəd Ermənistanın “azad olunması” deyildi, məqsəd İranın ələ keçirilməsi idi. Yezuit missionerlərin təbliğatından sonra xristian əhaliyə arxalanmaqla Müqəddəs Roma İmperiyasını genişləndirmək olardı.

İsrael Ori və İrandakı xristian­lar arasında iş aparan yezuitlər arasında əlaqələr olması məlum məsələdir. Orinin Yezuitlər orde­ninin üzvü olması və ya yalnız rəğbət bəsləyərək onların əmrini yerinə yetirməsi o qədər də aydın deyil. İrandakı yezuitlərin proku­ratoru padre Krusinski İsrael Orini avantürist kimi xarakterizə edirdi.

Filipp Ekozyantsın gəldiyi yekun nəticə saxta erməni tarix­şünaslığı üçün ağır ittihamdır. O bildirir: “Mənim tədqiqatıma görə, Ermənistan adı tarixi əsərlərdə yox, bədii ədəbiyyatda meydana gəlmişdir. Bu nəticə bizə məlum olan və mötəbərliyini doxsan faiz inamla təsdiq edə biləcəyimiz kitablardan irəli gəlir”.

İrəvanda tanınmış tarixçi, publisist, tərcüməçi Filipp Ekoz­yantsı sevmirlər. Sevmirlər demək azdır, orada bu istedadlı ziyalıya, həqiqəti söyləməkdən çəkinməyən cəsarətli tədqiqatçıya, yumşaq desək, nifrət edirlər. Amma dün­yanın bir çox ölkələrində onun əsərlərinə obyektiv qiymət verən, onu müdafiə edən, istedadını dəyərləndirən, ədalətli mövqe­yini dəstəkləyən insanlar daha çoxdur. Onlardan biri tanınmış Litva jurnalisti Gintaras Visotskas yazır: “F.Ekozyantsın əsərində bizi çoxlu sayda düşünməyə məcbur edən inandırıcı faktlar tapırıq, bəs müasir erməni tarixçiləri xristian iyerarxlarının abır-həya etmədən vəzifə ticarəti barədə niyə susur­lar, erməni din xadimləri arasında didişmələr, ziddiyyətlər, rəqabət haqqında niyə heç nə demirlər?

Nəhayət, kimdir axı, bu İsrael Ori? Bu gün Ermənistan onu milli qəhrəman hesab edir. Amma Ekozyantsın tədqiqatı (əlyazmaları, məktubları, müqayisəsi, tarixçilərin təhlilləri) göstərir ki, o heç də Ermənistanda onu qəbul etdikləri kimi olma­yıb. Yezuitlər Ordeninin İran­da möhkəmlənməsinə çalışan avantürist, casus və intriqaçıdır bu İsrael Ori. Erməni məsələsi ona elə buna görə lazım idi. İsrael Orini onu müşayiət edən vardapet (monax) Minas ifşa edib. Məhz o, başa düşmüşdü ki, İsrael Orinin heç bir sözünə inanmaq olmaz.

Bəs Venetsiyadan bir qədər aralı olan Müqəddəs Lazar adasında yuva salmış monax­lar kim idi? Allaha səmimiyyətlə ibadət edənlər, keçmiş hadisələri təfərrüatı ilə, dəqiq və vicdanla qələmə almağa çalışanlar, yoxsa oxucuları “sıxışdırılan xristian qardaşlar” barədə böyük miflərə inandırmaq üçün əlyazmaların məzmununu təhrif edən, məharətlə saxtalaşdıran mirzələr?

Məliklərin üç məktubunu bu gün əldə rəhbər tutanlar (guya bu məktublarda ermənilərin onları fars köləliyindən azad etmək xahişləri əks olunmuşdur) aşkar həqiqətləri niyə görmürlər? Bu məktubları Avropaya aparanların İranın bütün erməniləri adın­dan danışmaq hüquqları yox idi. Niyə heç kim görmür ki, 1692-ci ildə baş vermiş çəkişmələrdə müsəlmanlar yox, xristianlığın iki təmayülünə mənsub olan erməni icmalarını bir-birinin üstünə qal­dırıb özünə tabe etməyə çalışan intriqaçı Yezuit ordeni günahkar idi?”

Filipp Ekozyants tədqiqatlarında erməni xalqının yaranması və tarixi məsələsindən bəhs edərkən bildirir ki, ermənilərin qədimliyi konsep­siyasının müəlliflərini orta əsr Avropasında axtarmaq lazımdır. XVI əsrdən başlayaraq Avropa elitası öz hakimiyyətini qoruyub saxlamaq və yeni ərazilər işğal etmək üçün müxtəlif yollar axtarır və bu məqsədlərin reallaşdırıl­masında öz ordularından daha çox, geosiyasi rəqiblərinin daxili problemlərinə istinad edirdilər. Dini prinsip üzrə bölgü ayırıcılıq, parçalanma salmaq üçün kifayət etmirdi. Belə bir məqamda etnik qarşıdurma yaradılması planları ortaya çıxmağa başladı. Xalqla­rın, etnosların tarixini yazmaqla məhz Avropa tarixçiləri məşğul olurdular. Onların yazdığı tarix çox keçmədən xalqlar arasın­da bitib-tükənməyən iddiaların mənbəyinə çevrildi.

Ekozyants “Vestnik Kavkaza”ya müsahibəsində deyir: “Erməni xalqı bizim eranın XVI-XVII əsrlərində meydana gəlmişdir. Onun yaranmasının əlaməti fiziki-coğrafi vilayətlər idi: tələsik bu vilayətlərin əhalisini ermənilər adlandrmağa başla­dılar. Erməni xalqının qədimliyi konsepsiyasının tərəfdarlarının əsas arqumenti erməni dili idi, an­caq faktlar göstərir ki, erməni dili bizim eranın XV-XVII əsrlərində yaranmışdır, müvafiq olaraq erməni xalqı həmin vaxtdan tez meydana gəlməmişdir”.

Erməni tarixçisi Filipp Ekoz­yantsın bu fikirlərinə yekun olaraq bircə onu əlavə etmək lazım gəlir ki, erməni tarixinin “qədimliyi” barədə erməni dilində yazıl­mış bütün mətnlər Müqəddəs Lazar adasında yazılmışdır. Bu mətnlərin əksəriyyəti Matenada­randa saxlanılır.

Matenadaran rəhbərliyi və mxitaristlər bu mətnlərin tarixini müəyyənləşdirmək üçün müstəqil ekspertiza aparılmasına icazə verməsələr də, mütəxəssislər bildirirlər ki, həmin mətnlərin hamısı XVIII əsrin ikinci yarısın­da yazılmışdır. Mətnlərin böyük qismi isə latın və yunan dilindəki əlyazmaların saxtalaşdırılmış tərcüməsindən ibarətdir.

Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist

Redaksiyadan: Məqalə "Xalq qəzeti"nin saytında 27 yanvar 2021-ci ildə yerləşdirilib.