Laçın dəhlizinə nəzarət Azərbaycan üçün qırmızı cizgiyə çevrilib Laçın dəhlizinə nəzarət Azərbaycan üçün qırmızı cizgiyə çevrilib
  • Tribuna
  • 9 Aprel 2021 12:41
  •  16 468

Təyyarə həm boş getdi, həm də mesajla dolu... - TƏHLİL

Laçın dəhlizinə nəzarət Azərbaycan üçün qırmızı cizgiyə çevrilib

Prezident İlham Əliyev, necə deyərlər, tam formadadır.

Hücum, yarımmüdafiə və müdafiə xətti 44 günlük savaşda darmadağın edilmiş Ermənistanın sorosçu komandasının “kapitan”ı Nikol Paşinyan ciddi zədələr alıb meydançada sürünür, ehtiyat oyunçular skameykasından gətirilib qapıya qoyulmuş xarici işlər naziri Ara Ayvazyan isə ard-arda qol buraxır.

Obrazlı desək, Azərbaycan diplomatiyası Ermənistanla matçda hokkey hesabı ilə irəliləyir.

Dünən müdhiş bir hadisə baş verdi.

10 noyabrdan sonra, ötən ilin dekabrında Müdafiə Nazirliyinin və DTX-nın birgə keçirdiyi anti-terror əməliyyatı ilə əsir götürülmüş erməniləri Bakıdan aparmağa gələn uçaq İrəvana boş döndü.

Ermənistan mətbuatının yazdığına görə, terrorçuların yaxınları təyyarəni səbirsizliklə gözləyirmişlər və hava limanına axın edibmişlər.

Təyyarə hava limanına qanadları gövdəsindən, onlar isə hava limanından əlləri ətəklərindən uzun dönməli olublar, birbaşa Ermənistan Müdafiə nazirliyinə yürüyərək məğlub ordunun baş qərargahını mühasirəyə alıblar.

İndi isə, icazənizlə, məsələyə soyuqqanlı yanaşmağa çalışaq.

Əvvəla, işğalçı Ermənistan ordusunun qalıqları Qarabağ dağlarında partizan müharibəsi aparmağa cəhd göstərir, ordumuzun bölmələrinə, mülki vətəndaşlara hücumlar edir, yeni sahələr minalayırdılar.

Azərbaycan qətiyyətli davrandı, xüsusi əməliyyatla onları qandallayıb Bakıya gətirdi.

10 noyabr Üçtərəfli Bəyanatının imzalanmasından sonra keçirilən əməliyyat bəyanatın gerçəkləşməsinə mane olan faktorları aradan qaldırmağa yönəldiyindən Rusiya da səsini çıxara bilmədi. Əməliyyat Azərbaycan ərazilərində keçirildiyindən və tam haqlı əsaslara malik olduğundan etiraz ediləcək bir məsələ də yoxdu. Üstəlik, həmin militanlar elə bölgəyə gəlməkdə olan rus sülhməramlıları üçün də təhlükə törədirdi.

Həmin terrorçuları 10 noyabr Üçtərəfli Bəyanatının mükəlləfiyyətləri çərçivəsində Azərbaycandan geri almaq mümkün deyil. Çünki o sənəddəki müddəalar 44 günlük savaş əsirlərinin və meyitlərinin qaytarılmasını ehtiva edir.

Lakin həmin terrorçuları geri almaq Nikol Paşinyan üçün xüsusi önəm kəsb edir.

Bu əsirlərin Azərbaycanda qalması, mühakimə edilməsi, məhkəmə qarşısına çıxarılması Ermənistanın məğlub Baş nazirini məğlub cəmiyyətin qəzəbi qarşısında qoyur.

Ermənistandakı siyasi böhranın Paşinyanı seçkilərə sürüklədiyini nəzərə alanda, bu qəzəbi soyutmaq Nikola hava, su kimi lazımdır.

Elə bu səbəbdən də Nikol Paşinyanın Moskvaya son səfərində Rusiya prezidenti Vladimir Putinə “ölmüşəm, məni yerdən götür” janrında yalvaracağı heç kimə sirr deyildi.

Rusiya prezidentinin Nikol Paşinyanın bu yalvarışlarını ürəyinin daş yerinə salıb dinləməyəcəyi də bəlli idi.

Məsələ burasındadır ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya ovqatı yetərincə güclənib və 44 günlük savaşdakı yenilgini natamamlıq kompleksindən əsrlər boyu əziyyət çəkən ermənilər Kremlin, şəxsən Vladimir Putinin ayağına yazırlar.

Putin özünün və ölkəsinin reputasiyasını Ermənistanda təmir etmək istəyir.

Nikol Paşinyanın şərabının qoxusu qaldığı oteldən çəkilməmiş Putinin Rusiyanın Baş prokuroru İqor Krasnovu Bakıya və İrəvana ezam etməsinin əsas səbəblərindən biri də məhz bu idi ki, Azərbaycan terrorçuları gecə ilə Ermənistana göndərsin.

Lakin Azərbaycanın xarici siyasət strateqləri məsələnin bu yerə gələ biləcəyini təxmin etdiklərindən işi ehtiyyatlı tutmuşdular.

Rusiyanın istehsal etdiyi, istisna edilməyən ehtimallara görə, düyməsini də elə rus əsgərlərinin basdığı Şuşaya atılmış “İskəndər-M”-in qalıqları nümayişə çıxarılmış və bununla Kremlə sərrast bir mesaj verilmişdi: “Azərbaycan ərazi bütövlüyünü Rusiyanın öyünc silahına rəğmən bərpa edib”!

Başqa sözlə, Rusiyanın Ermənistanda reputasiyasını xilas etməyə ehtiyacı varsa, Azərbaycanda da sülhməramlı kimi ictimai etimad qazanmasına gərək var. Odur ki, Rusiya “İskəndər-M”-in Ermənistanın əlinə necə düşdüyünə, ən əsası, Şuşaya haradan və niyə atılmasına aydınlıq gətirməlidir. Bu isə Rusiya üçün heç də cavab veriləsi bir sual deyil. Hətta Rusiya hər hansı bir cavab təqdim etsə və Azərbaycan da “rəsmi şəkildə” verilən cavabla qane olduğunu açıqlasa, qarşı addım erməni terrorçuların İrəvana təhvil verilməsi deyil.

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Əl-Osayminlə birgə mətubat konfransı keçirdi.

Nazirin çıxışında iki epizod xüsusi ilə diqqət çəkici idi.

Ceyhun Bayramov ilk növbədə onu bəyan etdi ki, hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu mövzu bağlanıb.

Bakıdan İrəvana boş qayıdan təyyarə Ceyhun Bayramovun bu bəyanatının məzmununu bütün çılpaqlığı ilə ortaya çıxardı.

Azərbaycan milli maraqlarına uyğun olmayan daha bir “rica”nı əlinin dalı ilə itələmişdi.

Zira, Ceyhun Bayramovun brifinqdə söylədiyi, siyasi müşahidəçilərin hələ üstündə durmadığı daha bir məqam var:

“Erməni hərbi qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. Məlumatlar var ki, Ermənistan tərəfi öz hərbçilərini Azərbaycan ərazisində yerləşdirmək cəhdlərindən əl çəkmir”.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bu bəyanatı səsləndirəndə Moskvadan İrəvana qayıtmış Nikol Paşinyan Qarabağdakı erməni seperatçılarının qalıqlarının rəhbəri Arayik Harutyunyanla müzakirə aparır, “səfər təəssüratları”nı bölüşürdü.

Qənaətimə görə, o görüşdə ana gündəm maddəsi təxminən belə olmalıdır:

“Azərbaycan Qarabağdan erməni qoşunlarının qalıqlarının çıxarılması, 10 noyabr Üçtərəfli Bəyanatının şərtlərinin dərhal və tam şəkildə yerinə yetirilməsi və Laçın dəhlizindən ermənilərin Qarabağa gediş-gəlişini kontrol etmək üçün konkret addımlar atılmasını tələb edir”.

Bəli, Laçın dəhlizinə nəzarət, yəni oradan keçən erməniləri kontrolda saxlamaq Azərbaycan üçün qırmızı cizgiyə çevrilib.

Yəqin ki, o görüşdə Arayikə deyilmiş bir “acı xəbər” də var: əgər bu addımlar atılmazsa, Azərbaycan may ayında anti-terror əməliyyatı keçirərək səni də əlindəki əsirlərin arasına qatacaq!

Bunu hardan bilirəm?

Bu gün Azərbaycan mediasında Qarabağda yeni anti-terror əməliyyatlarının keçirilməsi barədə təhlil və proqnozlar önə çıxıb, hətta vaxt da göstərilir.

Əlbəttə, bu cür əməliyyatların ayını, gününü, saatını öncədən bilmək və təxmin etmək mümkün deyil. Lakin Azərbaycanın may ayında Qarabağı erməni ordusunun və hərbi xuntanın qalıqlarından təmizləyəcəyi deyilirsə, ordu bu yöndə təlimlər keçirirsə, bu, artıq konkret əzmin, iradənin nümayişidir.

Odur ki, Paşinyanın Azərbaycana təklif etdiyi “mənə xal verin, seçkini udum, sonra bir-bir 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirərik” variantı Azərbaycan üçün məqbul deyil.

Azərbaycanın cavabı belədir: “Sənin seçkin bizim problemimiz deyil. Tör-töküntülərini ya Qarabağdan çək və bəyanatın müddəalarını yerinə yetir, ya da “Dəmir yumruq” bir daha başına dəyəcək”!

Sonda ən yeni xəbərdən də, yəqin ki, agahsınız.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan sabah Bakıya gəlir.

Rəsmi məlumata görə, “Etnospor forumu” keçirməyə.

Ancaq bir incə məsələ var ki, forum pandemiya səbəbindən on-line qaydada baş tutacaq.

Madam forum virtual keçiriləcək, COVİD-19-un tüğyan etdiyi bir zamanda sayın Bilal bəyin ta Bakıyacan gəlməsinə nə gərək vardı?

Bu səfər Azərbaycanın və Türkiyənin “ilgili çevrələr”ə birlik və bərabərlik mesajının təzələnməsidir.

Putin Paşinyandan öncə Köçəryanı video-formatda qəbul etmişdi axı...

Taleh ŞAHSUVARLI