Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir
  • Tribuna
  • 20 İyul 2022 14:44
  •  9 346

Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən qərəzli beynəlxalq təşkilatlar layiqli cavablarını alırlar

Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir

Azərbaycan müstəqilliyini bərpa etdikdən bir müddət sonra yüksəliş yoluna qədəm qoyması və beynəlxalq əlaqələrini getdikcə genişləndirməsi təbii ki, anti-Azərbaycan qüvvələrin ciddi narahatlığına səbəb olurdu. Müstəqillik yoluna yenicə qədəm qoymuş bir ölkənin sürətli inkişafı beynəlxalq aləmə inteqrasiyası anti-Azərbaycan dairələri narahat etməyə bilməzdi. Ona görə də bəzi qurumlar öz hesabatlarında ölkəmizə daim böhtan və iftiralar yağdırır, guya Azərbaycanda insan hüquqları kobud şəkildə pozulduğunu, söz və mətbuat azadlığının boğulduğunu bildirirlər. Ermənipərəst mövqeyini gizlətməyən bir sıra beynəlxalq təşkilatlar bununla da beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırdılar. Xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində açıq-aşkar işğalçı ölkənin tərəfini saxlayır, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edirdilər.
Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyev bu günlərdə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu dəfə də avropalı diplomatlara ustad dərsi keçdi, onların ölkəmiz haqqında yalan, böhtan, qərəzlə dolu məlumatlar yaydığını açıqcasına bildirərək dedi: “Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir”.
Ç.Qənizadə bildirib ki, Ermənistan hərbçiləri işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni irsini darmadağın edib, məscidlərimizi təhqir ediblər. Bir sözlə, daş üstə daş qoymayıblar. Bütün bunları görməzliyə vuran Avropa Parlamentinin ədalətsiz mövqeyi bu quruma olan inamı heçə endirib. Komitə sədri müharibə bitəndən sonra səfirliklərin nümayəndələrinin, siyasətçilərin, Avropanın bəzi ölkələrinin parlament sədrlərinin və jurnalistlərin Qarabağa çoxsaylı səfərlərini xatırladıb. Vurğulayıb ki, onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar. Nümayəndələr hər hansı erməni mədəni irsinin dağıdılmasını görməyiblər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər.
Hüquq müdafiəçisi Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini xatırladıb. Qeyd edib ki, Azərbaycan öz milli maraqları çərçivəsində qurum ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Görünür, bu perspektivli əməkdaşlıq Avropa parlamentarilərini qane etmir. Ona görə də bu dəfə də dövlətimizin başçısı tərəfindən layiqli cavablarını aldılar. Bütün bunlardan sonra Avropa Parlamenti ikili standartlardan və ədalətsiz mövqeyindən əl çəkməlidir.