Bu gün dünyanın nəzər-diqqəti yenidən Azərbaycana yönəlib Bu gün dünyanın nəzər-diqqəti yenidən Azərbaycana yönəlib
  • Tribuna
  • 25 İyul 2022 16:37
  •  8 437

Çingiz Qənizadə: Qarabağa Böyük Qayıdış 30 illik yurd həsrətinə son qoydu

Bu gün dünyanın nəzər-diqqəti yenidən Azərbaycana yönəlib

Otuz illik həsrətdən sonra soydaşlarımız doğma dədə-baba yurdlarına qayıdır və bununla da uzun illərin yurd həsrətinə son qoyur. Bu sevincli günləri xalqımıza Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz öz gücü ilə bəxş edib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə Azərbaycanı dünyada rəsmən qalib ölkə kimi tanıtdı. İndi dünya birliyi Azərbaycanı qalib, Ermənistanı isə məğlub ölkə kimi qəbul edir. Artıq işğaldan azad edilmiş ərazilərdəki doğma yurda qayıdışa yol açılıb. Qarabağa Böyük Qayıdış 30 illik yurd həsrətinə son qoydu. Böyük Qayıdışın ilk müjdəsi Zəngilan rayonunun Ağalı kəndindən gəldi.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Komitə sədri bildirib ki, doğma yurdlarından didərgin salınmış soydaşlarımız məcburi köçkün həyatı yaşadıqları dövrdə daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin yeritdiyi siyasət sayəsində dünya birliyində Qarabağın Azərbaycan olması tam əminlik yaratdı. Dövlət başçımızın davam etdirdiyi strateji xətt keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətləndi. Bu işdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti xüsusilə qeyd edilməlidir. Artıq bütün gərgin fəaliyyət, diqqət və qayğı öz bəhrəsini verib. 30 illik yurd həsrəti keçmişdə qaldı. Böyük Qayıdışın ilk müjdəsi dünyada rezonans yaratdı. Zəngilan rayonunun Ağalı kəndinə keçmiş sakinlərin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib.
Ç.Qənizadə deyib ki, Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi də nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. Evlərin bölgüsü, məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsi hazırda qüvvədə olan qaydalar, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma yolu ilə aparılıb. Hüquq müdafiəçisi köçürülən 41 ailədən hərəsinin bir üzvünə iş də təklif olunduğunu və həmin təkliflərin qəbul edildiyini bildirib: “Ağalıya köçürülən sakinlər iş yerlərində rəsmi şəkildə qeydiyyata alınıb fəaliyyətə başlayacaqlar. Köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar vardır.
Komitə sədri onu da bildirib ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Hüquq müdafiəçisi bütün işlərin qabaqcadan düşünülmüş, planlı şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Deyib ki, kənddə hər cür infrastruktur yaradılıb: “Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsidir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya DOST xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq”.
Ç.Qənizadə vurğulayıb ki, bundan başqa, kənd ərazisində yeni intensiv bağlar salınır. Onun deməsinə görə, Zəngilan rayonunda ən yüksək məhsuldarlığa malik meyvə bağları olub. Bu baxımdan burada bağçılığın da sürətli inkişafı diqqət mərkəzində saxlanılır və bu məqsədlə layihələr həyata keçirilir: “Digər layihə camışçılıq təsərrüfatıdır. Xarici investisiya hesabına kəndin kənarında camışçılıq ferması yaradılacaq və orada süd emal olunacaq. Bir sözlə, Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Əhalinin rahat və təhlükəsiz yaşaması və məşğulluğunun təmin olunması sahəsində hər cür şərait mövcuddur. Bu ay ərzində 41 ailənin 4 mərhələdə Ağalı kəndinə köçürülməsi nəzərdə tutulmuşdu. Bu gün Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Hazırda, ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlardan 1357-si bu kənddə yaşamaq istədiyini bildirib”.