Nemət Pənahlını Azərbaycan Xalq Hərəkatından nə üçün qovdular? Nemət Pənahlını Azərbaycan Xalq Hərəkatından nə üçün qovdular?
  • Tribuna
  • 26 Avqust 2022 08:05
  •  22 814

Nemət Pənahlı, get, suyunu sat!

Nemət Pənahlını Azərbaycan Xalq Hərəkatından nə üçün qovdular?

Çağdaş Azərbaycan siyasətində varlığı ilə yoxluğu bilinməyən biri var. Səhnəyə çıxan gündən tək bir missiyası olub və həmin missiya indi də davam edir. Onun siyasi kimliyini xarakterizə edən keyfiyyətlər isə avantürizm, ara qarışdırmaq, yalan və dönüklükdür. Hələ 34 il bundan əvvəl o, xarici kəşfiyyat orqanlarının Azərbaycan xalqına qarşı başlatdığı qorxunc eksperimentin əsas fiqurantlarından biri kimi meydanda zühur etmişdi. Bisavad, dünyadan və özündən xəbərsiz gənci təlimatlandırıb, xüsusi proqramla özünəvurğunluq (‘’maniya veliçiya’’) xəstəliyi yaradaraq, etirazçı xalqın qarşısına çıxartmaq və o xalqa kütlə, “sürü” kimi yanaşmanı tətbiq etmək, bundan sonra isə böyük faciələri katalizə etmək əsas məqsəd idi. Etiraf etmək lazımdır ki, haqqında yazdığımız həmin gənc o vəzifəsinin öhdəsindən yüksək bacarıqla gəldi...

Bəli, Nemət Pənahlı dövrün geosiyasi və geoiqtisadi proseslərinin nəticəsi kimi dağılmaq ərəfəsində olan keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının qanlı planlarında baş rollardan birini oynayırdı. Bir müddət sonra o, öz xalqına xəyanət etmək üçün xüsusi xidmətin milli hərəkatın içərisinə atdığı “Troya atı” idi...

İlk cümlədə yazdığımız missiya bax, budur!

Mən onu Azərbaycan siyasətinin üz qarası hesab edirəm. Əminəm ki, bu fikirdə olan insanların sayı minlərlədir. Hər kəsin də yaddaşında o, meydan hərəkatının ilk günlərindən xalqın müxtəlif təbəqələrini üz-üzə qoyan, milləti qana, faciəyə, uçuruma, fəlakətə sürükləyən bir tip kimi qalıb. Xüsusilə yaşlı və orta nəslin nümayəndələri həmin vaxt Azadlıq meydanında keçirilən mitinqlər zamanı Nemətin kimlərinsə təhriki ilə tribunaya qalxıb, xalqı silahlı qarşıdurmaya səsləyən avantürist çıxışlarını yaxşı xatırlayırlar. O, özünün həmin təxribatçı çıxışları ilə azadlıq, istiqlaliyyət amalı ilə meydana toplaşan insanların mübarizə əzmini qırmağa xidmət edirdi. 20 yanvar faciəsi ərəfəsində bu avantürist ‘’Troya’’ tribunalardan bağıra-bağıra bəyan edirdi: “Artıq bizə silah gəlir, heç yerə dağılmayın, hamınızı silahlandıracağıq, vuruşacağıq”...

Azadlıq, istiqlaliyyət, Qarabağ naminə meydanlara axışan xalqı “qırmızı ordu”nun süngüsü qarşısında əliyalın vəziyyətdə saxlayan, bilərəkdən meydanda qan tökülməsinə rəvac verən Nemət Pənahlı 1990-cı ilin qanlı 20 Yanvar faciəsinin törədilməsində Azərbaycan xalqının qatı düşmənləri ilə yanaşı ciddi məsuliyyət daşıyır. Axı, bu gün 32 il öncə baş verənləri xatırlayan kifayət qədər insanlar var. Onlar bir daha sual edirlər ki, 20 Yanvar faciəsi günü Nemət Pənahlı İran səfirliyində, qanlı qırğından sonra isə İranda peyda olmasını necə izah edə bilər? Təkcə bu faktın özü Nemət Pənahlının xarici xüsusi xidmət orqanlarına işlədiyini, sifariş yerinə yetirdiyini və xalqı məqsədli şəkildə qırğına vermək tapşırığı daşıdığınnı, işğala və qətliama gələn orduya bəhanə yaratmağa xidmət göstərdiyini bir daha təsdiqləyir. Başqa cür bu “alovlu” təxribatçının insanların azadlıq, müstəqillik istəyini fundamentalizm və radikalizm ideyasına sırınması planlarında rol almasını necə izah etmək olar? Yaxud da ki, Surət Hüseynovun Gəncədəki qiyamı, Əlikram Hümbətovun ölkəmizin cənubundakı separatizm fəaliyyəti zamanı saqqalını qırxdirmış halda həmin yerlərdə zühur etməsi və katalizator rolunu oynaması da bu cahilin antixalq və antidövlət xislətindən xəbər vermirdimi? Nemət Pənahlı həmin vaxt ortaya qoyduğu bu üzdəniraq fəaliyyəti ilə ölkənin parçalanması, separatizm meyillərinin güclənməsi və kövrək müstəqilliyimizin itirilməsi üçün demək olar ki, canla-başla çalışırdı. Yuxarıda qeyd olunanlara əsaslanaraq bu gün birmənalı bəyan etmək olar ki, onun məqsədi xalqın Azadlıq arzusunu beşikdəcə boğdurmağa şərait yaratmaq, ölkəni parçalamaq istəyənlərə dəstək vermək olub.

Çox maraqlıdır. Vaxtilə Nemət Pənahlı ilə bir sırada duranlar indi nə üçün onu özlərindən uzaqlaşdırırlar? Ona görə ki, onun əsl simasını, daha doğrusu simasızlığına bələd oldular. İlk öncədə xalq və cəmiyyət onu təcrid etdi. Bütün tədbirlərdə uzun-uzadı və zəhlətökən söhbətlər edən, mövzu nı olsa da, mütləq və mütləq 34 il öncəki hadisələrdən danışan, ‘’maniya veliçiya’’ simptomları ilə xəstə çıxışlar edən Nemət Pənahlı indi ‘’izqoy’’ vəziyyyətdə qalıb. Bu durum onun onsuz da xəstə olan psixologiyasını daha da pozur və aqressivləşdirir...

Nəhayət, zəmanəmizin Şeyx Nəsrullahından soruşmaq gərəkdir ki, özünü cəmiyyətə Milli Dövlətçilik Partiyasının sədri kimi təqdim edən Nemət Pənahlını bir müddət öncə təsis olunmuş Azərbaycan Xalq Hərəkatından nə üçün qovdular? Əlbəttə, bu qurumda cəmləşənlərin əksəriyyəti də vaxtilə dövlətə və xalqa qarşı planlarda yer alıblar. Ancaq yenə qeyd etmək yerinə düşər ki, vaxtilə onunla eyni sırada dayananlar belə, sonradan ondan üz döndərdilər. Niyə istisnasız olaraq hər kəs belə etdi? Niyə bir siyasətçi olaraq, Nemət tək qaldı və bu gün adına partiya dediyi qurumda heç sekta qədər də insan resursu yoxdur. Bu sualın cavabı fikirimcə, aydın və birmənalıdır. Səbəb odur ki, Nemət Pənahlı və onun kimilər ömrünün hər anını dövlət və xalq əleyhinə fəaliyyət göstərən qruplara, təşkilatlara həsr edib. Onu hər zaman tez-tez gurultulu ibarələrlə bəyan etdiyi dövlətin və xalqın mənafeyi deyil, şəxsi ambisiyaları maraqlandırıb və tendensiya bu gün də davam etməkdədir. Hətta, vaxtilə “bəy” deyib əlini öpdüyü Əbülfəz Elçibəyi belə təhqir etməsi, satqın adlandırması Nemət Pənahlının siyasi simasızlığından, mənəvi keyfiyyətsizliyindən xəbər vermirmi?

Fəaliyyətini xəyanət və küskünlük üzərində qurmuş birinin “Varlıq Cəmiyyət”indən sonra AXC-nin İdarə Heyətinə seçilməməsinin ardınca “Turan” adlı təşkilatı yaratmış Nemət Pənahlı nəhayət, etiraf edə bilərmi bütün bu addımları hansı qrupların tapşırığı ilə atıb?

Ümumiyyətlə, həyat və fəaliyyət fəlsəfəsi xəyanət üzərində qurulmuş Nemət Pənahlının bu gün hansısa tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı, ölkəni parçalanmaqdan, dünyanın siyasi xəritəsində silinməkdən xilas edən Ümummilli Lider, bu gün milyonların partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının qurucusu haqqında fikir bildirməsi hansı mənəvi çərçivəyə sığır? Onun bu fikirləri səsləndirməyə heç bir mənəvi haqqı yoxdur...
Son 35 ilə yaxın müddətdə Azərbaycan cəmiyyətinin xarici xüsusi xidmət orqanlarının ‘’Troya atı’’ kimi tanıdığı Nemət Pənahlıya başqa daha nə adlar vermək olar?

Təəssüflər olsun ki, hər addımlarında ölkənin uğurlarını inkar etməklə özlərinin cılız hisslərini qabarıq şəkildə büruzə verən Nemət Pənahlı kimi antimilli ünsürlər yerlərinin tarixin arxivi olduğunu unudurlar. Bütün “karyerası” boyu xalqın, dövlətin, ölkənin milli maraqlarının əleyhinə çıxış etmiş, bu istiqamətdə fəaliyyət göstərmiş Nemət Pənahlı kimi siyasətbazlar bilməlidirlər ki, Azərbaycan xalqı heç nəyi və heç kimi unutmur.
Onu da qeyd etmək yerinə düşər ki, Şamaxı rayonunun səfalı kəndlərindən biri olan Qaleybuğurd kəndinin ərazisində yerli əhalinin istifadə etdiyi “El” adlı bulağı zəbt edib, orada sex açaraq özünə biznes quran bu siyasətbazı orada nifrətlə yad edirlər. Uzun illərdir ki, axar bulağın suyunu kəsərək, şüşələrə doldurub satan Pənahlı yerli əhalini su kimi nemətə həsrət qoyub. Görəsən həmin o axarlı-baxarlı el bulağı bu qondarma siyasətçi-biznesmenin xəyanətlərini, günahlarını, böhtanlarını yuya biləcəkmi?!

Çətin.. Siyasət sənlik deyil, Pənahlı, sən get suyunu sat!

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist