• Tribuna
  • 2 May 2023 11:43
  •  15 616

Ulu Öndərin aqrar islahatları – uğurlu siyasətin möhkəm təməli

Bu il Azərbaycan xalqı özünün böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 100 illiyini böyük təmtəraqla qeyd edir. Müasir Azərbaycanın qurucusu olan dahi rəhbərin həyatımızın bütün sahələrində inkişafın əsasını qoyduğu tariximizin danılmaz faktıdır. Belə sahələrdən biri də kənd təsərrüfatıdır.

Ulu Öndər hələ Sovet dövründə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdən kənd təsərrüfatının inkişafına böyük diqqət ayırıb. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən az sonra, 1970-ci ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul edilməsinə nail olub. Bu qərarın qəbulundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafına daha çox diqqət yetirilməyə, müxtəlif sahələrin sürətli artımı üçün vəsaitlər ayrılmağa başladı. Nəticədə kənd təsərrüfatının orta illik ümumi məhsulu 1971-75-ci illərdə 1,4 milyard manata çatdırıldı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları üzrə nəzərdə tutulduğundan xeyli artıq istehsala nail olunmuşdu. 1975-ci ildə Azərbaycanda istehsal olunan kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 1969-cu ildəki 999 milyon manatdan 1 milyard 572 milyon manata yüksəldi. Bu, 57 faiz artım demək idi.

Heydər Əliyevin fəaliyyəti nəticəsində “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” 1975-ci il 9 iyul tarixli, o cümlədən “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında” qərarlar da qəbul edildi. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti oldu. Ölkədə bir sıra mühüm meliorasiya qurğuları, su anbarları bu qərarlardan sonra yaradıldı.

Ulu Öndər Azərbaycanın torpaq və iqlim şərtlərinin üzüm istehsalı üçün çox əlverişli olduğunu nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirirdi. Onun qayğısı sayəsində 1980-ci ildə Azərbaycanda üzüm istehsalı artıq 1,4 milyon tona çatmışdı. Analoji uğur pambıq istehsalında da əldə olunmuşdu. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə məhz bu illərdə ardıcıl olaraq 13 dəfə Azərbaycan Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağı ilə təltif edilmişdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın sükanı arxasına keçən Heydər Əliyev aqrar sahədə çox geniş miqyaslı və tarixi islahatlar həyata keçirdi. Ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Beləliklə, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.
Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla, ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1993-2003-cü illərdə aqrar sektorda islahatların birinci mərhələsi başa çatıb, kənd təsərrüfatının inkişafı bütünlükdə bazar mexanizminin qanunauyğunluqlarına tabe etdirilib. Kənd təsərrüfatının dünyanın bütün ölkələrində dövlət tərəfindən dəstəkləndiyini bilən Ulu Öndər 22 mart 1999-cu il tarixli "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərman imzalayıb. Nazirlər Kabineti həmin fərmanın icrası çərçivəsində kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis həmin fərmana əsasən hazırlanmış layihəni müzakirəyə çıxararaq kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.

H.Əliyevdən sonra ölkə iqtisadiyyatı onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında çox sürətli inkişaf yolunu davam etdirib. Ulu Öndərimizin xarici transmilli şirkətlərlə imzaladığı neft-qaz müqavilələrinin icrası sayəsində Azərbaycanın əldə etdiyi gəlirlərin mühüm bir hissəsi cənab İlham Əliyevin tapşırıqları, təşəbbüsləri əsasında aqrar sektorun dövlət tərəfindən dəstəklənməsini nəzərdə tutan mexanizmlərin tətbiqinə yönəldilib. Bu gün Azərbaycanın aqrar istehsalçıları əksər vergilərdən azaddırlar. Onlara çoxsaylı mexanizmlər əsasında hərtərəfli dövlət dəstəyi təmin edilib: əkin, məhsul subsidiyaları, avadanlıq, texnika və gübrələrin güzəştli satışı, aqrar məhsulların ixracına 3 faizlik ixrac təşviqinin ödənməsi və sair addımlar aqrar istehsalçılar üçün əlvrişli şərtlər formalaşdırır. Fevrmerlərə verilən subsidiyaların həcmi ildən-ilə artır. Məsələn, 2020-ci illə müqayisədə 2021-ci ildə dövlətin fermerlərə verdiyi əkin subsidiyalarının məbləği 25,2 milyon manat və ya 10,8 faiz artaraq 258,6 milyon manata yüksəlib. Bu dövrdə orta hesabla bir fermerə düşən subsidiya məbləği 12,6 faiz artaraq 642,2 manata çatıb.

Kənd təsərrüfatının inkişafı istiqamətində daha bir mühüm addım dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmidir. Bununla bağlı Prezident İlham Əliyev 2019-cu il avqustun 19-da “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Bununla da aqrar sığorta sahəsində bir neçə ölkədə tətbiq olunan modellər öyrənilib, bu modellər əsasında Aqrar Sığorta Fondu yaradılıb, aqrar sığorta mexanizminin tətbiqi təmin edilib.

Aqrar sığorta mexanizmi kommersiya məqsədi daşımır, könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Bu mexanizm hesablanmış sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsini nəzərdə tutur.

Dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şaxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır.

Çoxcsaylı dövlət dəstəyi mexanizmlərinin tətbiqinin nəticəsidir ki, 2022-ci ildə Azərbaycandan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı və emalı məhsullarının dəyəri 1 milyard 140 milyon 865 min ABŞ dollarına çatıb. Kənd təsərrüfatı məhsulları ixracının həcmi 2021-ci ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3,2 faiz artıb.

Bununla yanaşı, 2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu, 2021-ci ildəki ixracdan 9,4 faiz çoxdur. İxrac olunan məhsulun həcmində də artım var. Belə ki, ixrac həcmi 396 min tona yaxın olub ki, bu da 2021-ci ilin göstəricisinə nisbətən 5,6 faiz çoxdur.

ÜmumilikdəŞ, 2022-ci ildə Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib və bu, 2021-ci illə müqayisədə 3,4 faiz çoxdur. İstehsal edilmiş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 3,3 faiz artaraq 5 milyard 538 milyon dollar, heyvandarlıq məhsullarının dəyəri isə 3,4 fazi artaraq 5 milyard 446 milyon dollar təşkil edib.

Bu gün Azərbaycanda Cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığına əsasən ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu baxımdan, quşçuluq və heyvandarlıq sektorunda mühüm payı olan yem və yem əlavələrinin, dərman preparatlarının, avadanlıqların idxalının ƏDV və gömrük rüsumundan azad olunması xüsusilə diqqəti cəlb edir. Məhz bu addımın sayəsində 2022-ci ildə Azərbaycanda quşçuluq məhsullarının qiyməti xeyli ucuzlaşıb. Quşçuluq təsərrüfatları ölkəni bütün növ quşçuluq məhsulları ilə tam təmin etmək gücündədir, son iki ilə xaricə ixracı da sürətlə artırırlar.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən aqrar siyasət Azərbaycan istehsalçıları üçün komfort şərtlər təmin etməklə, bu sahənin sürətli inkişafını təmin edir. Biz sahibkarlar bu siyasətin nəticəsində daha böyük uğurlara nail olacağımıza əminik.

Mürvət Həsənli,

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyi İdarə Heyətinin sədri