• Tribuna
  • 22 Sentyabr 2023 21:47
  •  20 160

AİHM, yoxsa sorosçu və səlibçi yığınağı?

Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini ildırım sürətilə yerinə yetirərək Azərbaycan əleyhinə atdığı bugünkü addımı tam təbiidir. Ona görə ki, bəlkə, bu tələb heç Ermənistanın özünün də deyildi, onun adından edilmişdi. Edənlər isə Fransa, Almaniya və səlibçi zehniyyətinin daşıyıcıları olan, dünyaya min il bundan əvvəlin standartlarıyla yanaşan digərləridir. Onların diqtəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsi belə operativlik sərgiləyir.

Əgər kim sözü gedən məhkəmənin özəlliklə də 2012-ci ildən sonra müstəqil və ədalətli qərar qəbul etdiyini düşünürsə, ya həddən artıq sadəlövh, ya da tam informasiyasızdır. Burada 2012-ci il ona görə vurğulanır ki, məhz həmən ildə qəsdən hakimlərin seçkisində QHT-lərin də cəlb olunması kimi bir prosedur dəyişikliyi edildi. Nəticədə nə baş verdi bilirsinizmi, sorosçular və qərbdəki bəlli çevrələrə bağlı olan digərləri ora dürtüldülər. Bunu mən demirəm. Strasburqda yerləşən Avropa Hüquq və Ədalət Mərkəzinin apardığı araşdırma göstərir ki, Avropa İnsan Hüquqları Məhkəməsi hakimlərinin xeyli hissəsi peşəkarlıq baxımından yumşaq desək, elə də yüksək səviyyədə olmamaları bir yana onların dördən biri Soros Fonduna bağlı QHT-lərlə sıx əlaqəlidirlər. Və oradakı 100 hakimdən nə az, nə çox, düz 51 nəfəri heç vaxt hakim nədir heç onun köməkçisi olaraq da çalışmayıblar. İndi belələri düzgün və ədalətli qərar çıxara bilərlərmi? Və yaxud bu cür tərkib ədalətli qərar çıxarmaq üçünmü formalaşıb? Ələbəttə yox, Avropa İnsan Hüquqları Məhkəməsi əgər diqtə altında fəaliyyət göstərməsə idi, onda əleyhinə ən çox qərar çıxarılan ölkələrin sırasında Rusiya ilə Türkiyə birinci və ikinci yeri bölüşməzdilər ki.

Maraqlıdır, hər cür dəstək verməyə çalışdıqları bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə tətbiq edəndə, minlərlə adamı qırıb-çatanda bu məhkəmədəkilər və onlara tapşırıq verənlər harada idilər? Son zamanlar dillərindən düşməyən bir nəsnə vardı ey - status, indi o olan yerdə?

Azərbaycana İnsan Haqları üzrə Konvensiyanın 2-ci (Hər kəsin yaşamaq hüququ qanunla qorunur...) və 3-cü (Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.) maddələrini pozacaq hərəkətlərə yol verməmək öhdəliyi qoyan məhkəmədəkilər kordurlar, görmürlər ki, dövlətimiz Qarabağdakı “sevimli”lərinin ərzaqla, dərmanla təminatları üçün hansı addımlar atır, xəstələrinə necə yanaşır, hətta quldur dəstələrindəkilərə könüllü tərkisilah olsalar, amnistiyaya düşəcəkləri bildirilir. Bundan artıq nə etməliyik? Bəlkə, Fransanın afrikalılarla davrandığı kimi davranaq onlarla? Bu sorosçu və səlibçi yığınağındakılar əgər düşünürlərsə ki, belə hərəkətlərlə öz torpaqları üzərində suverenliyini təmin edən Azərbaycana geriyə addım atdıracaqlar, onlar ən azı Paşinyan qədər yanılırlar. Belə getsə, bəli, fikrimcə, Azərbaycan müəyyən addımlar atacaq, amma həmin addımlar onlarla əlaqələrə yenidən baxmaq yönündə olacaq.

Sahib Alıyev,

Millət vəkili