Qaşıqçı Ər-Riyada qayıtmadığına görə öldürülüb - Mevlüt Çavuşoğlu

"Səudiyyə rəhbərliyi Türkiyədən bütün informasiyaları tələb edir, özləri isə heç nə vermək istəmirlər"

Jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanına qayıtmaq təklifinə "yox" dediyinə görə öldürülüb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibəsi zamanı səsləndirib.

Anadolu agentliyi yazır ki, Mevlüt Çavuşoğlu jurnalistin öldürülməsi zamanı qeydə alınan audio yazılara şəxsən qulaq asdığını bildirib.

"Artıq bu haqda xüsusi xidmət orqanları heç nəyi gizlətmirlər. Camal konsulluğa girəndən 7 dəqiqə sonra öldürülüb. Söhbət onun qəsdən öldürülməsindən gedir. Ondan öncə qayıtmağı soruşublar. Jurnalistin "yox" cavabı isə onun ölümü ilə nəticələnib.

Audio yazıda aydın eşidilir ki, tibbi məhkəmə eksperti cəsədin doğranılması zamanı musiqini qoşmağı xahiş edib. Səsindən aydın olur ki, o, öz işini çox məmnuniyyətlə həyata keçirir. Yəqin insanları hissələrə bölməyi xoşlayır. Bu, dözülməzdir". Çavuşoğlu belə deyib.

Türkiyəli nazir əlavə edib ki, bir çox ekspertlərin fikrincə, jurnalistin ölümünün arxasında şahzadə Məhəmməd bin Salman dayanır:

"Ancaq bu işdə bir çox suallar cavabsız qalır. Qatillər təbii ki, birbaşa göstəriş olmadan bu işi edə bilməzdilər. Sonra Türkiyədə onlara kim kömək edib? Cəsəd hardadır? Səudiyyə rəhbərliyi Türkiyədən bütün informasiyaları tələb edir, özləri isə heç nə vermək istəmirlər".

Babək Göyüş

© AzNews.az

image description