“Patriot”la bağlı Vaşinqtondan müsbət cavab gəldi - Mövlud Çavuşoğlu

Hazırda bu məsələnin detalları müzakirə edilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-ın Türkiyəyə “Patriot” raket müdafiə sistemi satması ilə bağlı danışıqlar aparılır.

Anadolu agentliyinə istinadla xəbər verilir ki, Eskişehirdə yerli televiziyaya müsahibə verən M.Çavuşoğlunun sözlərinə görə, Ankaranın “Patriot” raket müdafiə sistemi ilə bağlı Vaşinqtona iki il əvvəl etdiyi müraciətə müsbət cavab gəlib: "Hazırda bu məsələnin detalları ilə bağlı danışıqlar davam edir".

Nazir əlavə edib ki, silahların qiyməti, çatdırılma müddəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılır. Ankaranın “Patriot” almaqla bağlı bundan əvvəlki səyləri nəticəsiz qaldığından, hökumət Rusiyadan “S-400” hava müdafiə sistemi almağa qərar vermişdi.

Lakin nazir Çavuşoğlu vurğulayıb ki, Rusiyadan “S-400” hava müdafiə sisteminin alınması ABŞ-dan “Patriot” ala bilmədiklərinə görə deyil, Türkiyənin maraqlarına uyğun olduğu üçün həyata keçirilib. (AZƏRTAC)

image description