Türkiyədə hər il 200 min nəfərə xərçəng diaqnozu qoyulur

Türkiyədə hər 10 kişidən və hər 20 qadından biri siqaret çəkir

Türkiyədə hər il 200 min nəfərə xərçəng diaqnozu qoyulur. Son hesablamalara görə, dünya üzrə bu xəstəliyə tutulanların sayı ildə 18 milyon nəfər təşkil edir.

Statistik göstəricilərə görə, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Bu diaqnoz qoyulan insanlardan təxminən yarısı həyatını itirir.

Bu barədə məlumat verən Türkiyənin Hacettape Universitetinin professoru Tezer Kutluk xərçəngdən qorunma və müalicə üsullarının yeni texnologiyalar vasitəsilə iki dəfə artdığını deyib. Onun sözlərinə görə, bu vasitələrdən düzgün istifadə edildiyi təqdirdə xərçəngdən ölüm faktlarını iki dəfə azaltmaq mümkündür.

Professor xərçəngin yaranma səbəbləri arasında siqaretçəkmənin ilk sıralarda olduğunu bildirib. Belə ki, tütün xərçəngin yaranmasına səbəb olan maddələrdən biridir. Ümumiyyətlə dünyada hər il tütünlə bağlı 5 milyondan çox ölüm faktı qeydə alınır. Tütünün səbəb olduğu xəstəliklərə nəfəs darlığı və ürək damar sistemi xəstəlikləri də aiddir.

Türkiyədə tütündən istifadə səbəbindən xərçəngə tutulanların sayı isə təxminən iki milyon nəfərdir.

İstanbul Mədəniyyət Universitetinin rektoru, Beynəlxalq Yaşılay Federasiyasının rəhbəri professor İhsan Karaman siqaretin yaratdığı xəstəliklər səbəbindən Türkiyədə hər gün 300 nəfərin öldüyünü deyir. Onun sözlərinə görə, tütünün yaratdığı xəstəliklər hər beş dəqiqədə bir insanın həyatına son qoyur. Bu insanların əksəriyyəti infarkt, ağciyər xərçəngi və xroniki bronxit səbəbindən dünyasını dəyişir.

İ.Karamanın sözlərinə görə ölkədə azyaşlılar arasında siqaret çəkənlərin yaşı 13-15-ə enib. Türkiyədə hər 10 kişidən və hər 20 qadından biri siqaret çəkir.

Professor ölkədə siqaretə hər gün 90 milyon, ildə isə 30 milyard türk lirəsinin xərcləndiyini də bildirib.

Dünya Səhiyyə Təşkilatı, ABŞ-ın Xərçəng Cəmiyyəti və Dünya Ağciyər Təşkilatının birgə hazırladığı “Tütün atlasına” görə Türkiyədə hər il dünyasını dəyişən kişilərin 31 faizi siqaretin yaratdığı xəstəliklər səbəbindən ölür. Bu göstəriciyə görə Türkiyə Şimali Koreyadan sonra ikinci yerdə durur. Ölkədə hər il bu səbəbdən dünyasını dəyişən qadınların sayı isə ümumi ölümlərin 12 faizini təşkil edir.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən məlumata əsasən 2018-ci ildə ölkədə təxminən 172 milyard ədəd siqaret çəkilib. Bu rəqəm əvvəlki ilə nisbətən 10 faiz artıb.

Son hesablamalar görə, Türkiyədə hazırda təxminən 14,5 milyon nəfər siqaret çəkir ki, onların da təxminən 252 mini azyaşlıdır.

Onkoloqların fikrincə isə xəstəliklə mübarizədə əsas üsul erkən diaqnozdur. Yaranan problemin ilk mərhələdə aşkarlanması xərçəng kimi bir çox ağır xəstəliklərin sağalmasına kömək edir.(AZƏRTAC)

AzNews.az