Bu barədə Pərisa Rəfiinin anası Tvitter səhifəsində məlumat paylaşıb Bu barədə Pərisa Rəfiinin anası Tvitter səhifəsində məlumat paylaşıb

İranda azərbaycanlı qıza 7 il həbs və 74 şallaq cəzası verildi

Bu barədə Pərisa Rəfiinin anası Tvitter səhifəsində məlumat paylaşıb

Ali Məhkəmə birinci və apellyasiya instansiyası məhkəmələrinin zəncanlı öyrənci barəsində çıxardığı ağır həbs və şallaq hökmünü olduğu kimi qüvvədə saxlayıb.

Günaz TV-yə istinadən xəbər verilir ki, İran Ali Məhkəməsinin 11-ci şöbəsi noyabrın 16-da Güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində hökm çıxarıb.

Bu barədə Pərisa Rəfiinin anası Tvitter səhifəsində məlumat paylaşıb.

Bildirilir ki, İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən (Əşədd-i mücazat) azərbaycanlı gənc qız barəsində verilən həbs cəzasının 5 ili icra olunacaq.

Pərisa Rəfii bundan əvvəl birinci instansiya məhkəməsində 7 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Bundan əlavə, məhkəmə öyrəncinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum edib.

Fəalın vəkili Səid Xəlili sentyabrın 25-də İnstaqram səhifəsində öyrəncinin məhkəmə işi barədə yazmışdı ki, birinci instansiya məhkəməsinin hökmü bütün iradlara baxmayaraq, Apellyasiya Məhkəməsində təsdiqlənib.

22 yaşlı öyrənci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində "ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək", "sistemin əleyhinə təbliğat aparmaq” və "ictimai nizam-intizamı pozmaq” kimi qondarma ittihamlarla üzləşib. O qeyd edilən ittihamlara görə toplam olaraq 7 il həbs cəzasına məhkum edilmişdir.

Zəncanlı öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdı. O, 23 gün birnəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Azərbaycanlı qız saxlandığı müddətdə "bakirəlik testi” və edam edilmə ilə təhdid edilib, ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyətlərlə məşğul olub.

AzNews.az