Türkiyəyə Rusiyadan nümayəndə heyəti gələcək – İdlib müzakirəsi

Çavuşoğlu: Fəlakətə son qoymaq üçün nə lazımdırsa edəcəyik

“Suriyada Əsəd rejiminin təcavüzkarlığı səbəbiylə İdlib şəhərində vəziyyət gərgin olaraq qalır, çox sayda insan evlərini tərk edib. Bu mövzunu müzakirə etmək üçün sabah Türkiyəyə Rusiyadan nümayəndə heyəti gələcək”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Xarici və Avropa İşləri naziri Miroslav Layçak ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Çavuşoğlu Türk əsgərlərinə də hücum edildiyini və 8 şəhid verildiyini xatırladaraq “Bunun qat-qat artıq cavabını verdik. Bu mövzudakı qətiyyətimizi Rusiyaya da çatdırdıq. İnsanlıq faciəsinə və ya fəlakətə son qoymaq üçün nə lazımdırsa edəcəyik”, - deyə bildirib.

Nazir qeyd edib ki, Rusiya və İranla Astana-Soçi mexanizmləri işə salınıb və bu mexanizmlər Suriyada atəşkəs rejiminin bərpa edilməsini, bunun daimi olmasını, siyasi prosesə keçidin təmin olunmasını hədəfləyir: “Bu günə qədər bunların faydalarını gördük. Ancaq siyasi proseslərə inanmayan, yalnız hərbi yolla sülh gətirəcəyini düşünən rejimin təcavüzkarlığı artıb. Təbii ki, çox səhv düşüncədə olduğunu mütləq qeyd etməliyəm”.

Ləman Hüseynzadə