"Bu gün miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq" - Mustafa Şentop

"Bu gün Türkiyə dünyada ən çox miqranta ev sahibliyi edən ölkədir"

"Son illər dünyanın ən ciddi problemlərindən biri məcburi miqrasiyadır. Bu baxımdan, Parlamentlərarası İttifaq çərçivəsində bir proqram təşkil etməyi qərara aldıq. Bu gün miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq. Hesab edirik ki, bu kimi problemlərə qarşı da fövqəladə qərarlar qəbul etmək lazımdır. Lakin bir çox ölkənin, xüsusilə də Qərb dövlətlərinin bu məsələyə laqeyd yanaşdıqlarını düşünürdük. Daha sonra Ukraynada baş verən hadisələr fonunda 7 milyondan artıq insan Avropaya köç etməyə məcbur oldu. Biz bu məsələnin də qlobal əhəmiyyət daşıdığının anlaşılmasının mühüm olduğunu düşünürük".

Aznews.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün Türkiyə dünyada ən çox miqranta ev sahibliyi edən ölkədir: "Biz on ildən çoxdur bu məsələ ilə məşğuluq, bu səbəbdən də xeyli təcrübə əldə etmişik. Bununla yanaşı, qarşılaşdığımız çətinliklər də mövcuddur. Belə ki, 3,6 milyon suriyalı başda olmaqla 4 milyondan artıq miqranta ev sahibliyi etmək Türkiyəyə həm təcrübə, həm də müəyyən çətinliklər qazandırıb. Bu məqsədlə də burada öz təcrübəmizi paylaşmağı arzuladıq. Bütün bu amilləri birləşdirdiyimiz zaman Qlobal Parlament Konfransı ərsəyə gəldi".