Türkiyə prezidenti İsrailin Qəzzaya hücumunu İkinci Dünya Müharibəsində nasistlərin vəhşiliyinə bənzədib

"İsrailin Qəzza sektorunu bombalaması İkinci Dünya Müharibəsi zamanı nasistlərin törətdiyi vəhşiliklərlə müqayisə oluna bilər".

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

"Bütün dünyanın gözü qarşısında İsrail, onun işğalçı qüvvələri başda qadın və uşaq olmaqla fələstinliləri qətlə yetirir. Minlərlə fələstinli qardaşımız işgəncələrə məruz qalıb. İsrailin mülki əhalini hədəfə aldığı zərbələr nəticəsində 67 mindən çox günahsız fələstinli yaralanıb. Dini saytlar, məktəblər, xəstəxanalar və bütün mülki infrastruktur İsrailin nasist vəhşilikləri ilə müqayisə oluna biləcək hücumlarının hədəfindədir”, o, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının gənclər forumunun iştirakçılarına müraciətində bildirib.

Türkiyə liderinin sözlərinə görə, ölkəsi və digər müsəlman ölkələri dünya ictimaiyyətinin diqqətini İsrailin insanlığa qarşı cinayətlərinə və müharibə qaydalarını pozmasına yönəltmək üçün səylərini əsirgəmir.

"İslam ölkələrinin Qəzzada İsrailin zülmünə reaksiya verməsi və birgə hərəkət etməsi üçün diplomatik səylərimizi davam etdiririk. 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüdsdə olan müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövləti yaradılana qədər mübarizəmizi davam etdirəcəyik",-deyə Ərdoğan vurğulayıb.

Mövsüm