- Türkiyə
- 8 İyul 14:48
- 4 714
Türkiyə və Böyük Britaniya hərtərəfli müdafiə müqaviləsi imzalayacaq
Türkiyə ilə Böyük Britaniyanın müdafiə sənayesindən kibertəhlükəsizliyə qədər bir çox sahəni əhatə edən yeni təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalayacağı gözlənilir.
Bloomberg agentliyinin məsələ ilə tanış olan bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, sənəd iki NATO müttəfiqi arasında müdafiə sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasını nəzərdə tutur.
Mənbələrin bildirdiyinə əsasən, saziş müdafiə sənayesi, terrorizmlə mübarizə, hibrid təhdidlərə qarşı fəaliyyət, kibertəhlükəsizlik və müdafiə sahəsinin digər istiqamətləri üzrə iki ölkə arasında daha sıx əməkdaşlığı ehtiva edir.
Mənbələr sənədin məzmunu ilə bağlı ətraflı məlumat verməsələr də, onun "hərtərəfli" xarakter daşıdığını bildiriblər. Qarşılıqlı müdafiə öhdəliklərinin əhatə dairəsi isə açıqlanmayıb.
Sazişin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında keçiriləcək görüş zamanı imzalanacağı gözlənilir.
Məlumata görə, sənədin mahiyyəti etibarilə 2021-ci ildə Fransa ilə Yunanıstan arasında imzalanmış ikitərəfli müdafiə sazişinə bənzədiyi qeyd olunur. Həmin sənəddə qarşılıqlı müdafiə öhdəliyi yer alsa da, Türkiyə ilə Böyük Britaniya arasında imzalanacaq yeni sazişdə analoji müddəanın olub-olmayacağı barədə məlumat verilməyib.
Mənbələr həmçinin bildiriblər ki, Ankara və Böyük Britaniyanın Baş nazir Aparatı sazişin tam mətnini ictimaiyyətə açıqlamağı planlaşdırmır. Bu qərarın sənəddə yer alan bəzi müddəaların həssas xarakter daşıması ilə əlaqədar olduğu vurğulanır.
Qeyd edək ki, Türkiyə və Böyük Britaniya bu ilin aprel ayında NATO müttəfiqləri və strateji tərəfdaşlar kimi iki ölkə arasında dialoq və əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Strateji Tərəfdaşlıq Çərçivəsini imzalamışdı.
Bundan əlavə, Ankaranın ötən ilin iyul ayında milyardlarla dollar dəyərində müqavilə çərçivəsində Eurofighter Typhoon döyüş təyyarələrinin alınmasına qərar verməsi Türkiyə ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verib.
Mövsüm,
AzNews.az