"Salmanın razılığı olmadan belə addımı ata bilməzdilər" "Salmanın razılığı olmadan belə addımı ata bilməzdilər"
  • Qərb
  • 21 Oktyabr 2018 23:55
  •  2 470

"Məhəmməd bin Salman vəliəhdlikdən əl çəkməlidir"- ABŞ senatoru

"Salmanın razılığı olmadan belə addımı ata bilməzdilər"

Konsulluqda öldürülən jurnalist Cemal Kaşıkçı olayına görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud istefa verməli və vəzifəsini ailənin digər üzvünə ötürməlidir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ senatoru Rend Pol "Fox News" telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, guya jurnalistin konsulluqda bir dava nəticəsində ölməsi sadəcə "təhqiredicidir": "Bu insidentə görə Səudiyyə Ərəbistanı taxt-tacının varisi istefa verməlidir".

Siyasətçi əlavə edib ki, jurnalisti öldürmək üçün Ər-Riyaddan 15 nəfər və Salmana yaxın məmurlardan biri İstanbula göndərilir: "Onlar məhz Cemal Kaşıkçını aradan götürmək üçün gəlmişdilər. Özü də Salmanın razılığı olmadan belə addımı ata bilməzdilər".

Bir müddət öncə respublikaçı senator Lindsi Qrem isə Səudiyyə Ərəbistanına sanksiya tətbiq etməyi təklif etmişdi: "Şəxsən mən bu insidentə görə özümü təhqir edilmiş hesab edirəm. Belə ölkə liderləri ilə heç bir iş görülə bilməz".

İki gün əvvəl isə ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, jurnalistin ölümünə görə Səudiyyə Ərəbistanına veriləcək cavab Konqreslə birgə hazırlanmalıdır: "Ola bilər ki, şahzadənin bu hadisədən xəbəri yoxdur. Ancaq çox böyük ehtimalla jurnalistin meyitinin harada olmasını o, bilir".

Xatırladaq ki, Cemal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu Krallığın İstanbuldakı baş konsulluğuna baxış keçirib və konsulun iqamətgahında axtarış aparıb. Təhqiqatın nəticələri hələlik açıqlanmır.

Babək Göyüş

© AzNews.az