Avropaya vahid ordu deyil, birgə təhlükəsizlik və müdafiə siyasəti lazımdır. Avropaya vahid ordu deyil, birgə təhlükəsizlik və müdafiə siyasəti lazımdır.
  • Qərb
  • 3 Yanvar 2019 17:04
  •  1 394

Avstriya Avropada vahid ordu yaradılmasını dəstəkləmir

Avropaya vahid ordu deyil, birgə təhlükəsizlik və müdafiə siyasəti lazımdır.

Bu fikri Avstriyanın müdafiə naziri Mario Kunasek ölkəsinin Avropa İttifaqı Şurasına sədrliyinin yekunlarına dair müsahibəsində bildirib.

Nazir Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi müsahibədə qeyd edib ki, Avropanın vahid quruluşa malik ordu birləşmələri əvəzinə, ümumi təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa ehtiyacı var. Vahid ordu təklifi nəticədə vahid komandanlıq, uniforma və birgə hərəkət anlamına gəlir, lakin Avstriya kimi əbədi neytral dövlətin bu prinsiplə hərəkət etməyəcəyi aydın məsələdir.

M.Kunasek, həmçinin qeyd edib ki, ölkəsi ordu birləşmələrində vahid strukturların yaradılması, birgə missiyalarda iştirak, təlim-məşq toplanışlarının keçirilməsini dəstəkləyir, lakin bütün üzv ölkələrin silahlı qüvvələrinin vahid ordu halına gətirilməsinə etiraz edəcək. Onun sözlərinə görə, Avropa ölkələrinin NATO-dan məsafəli davranmasına gərək yoxdur. Əksər Aİ ölkələri onsuz da NATO üzvüdürlər və vahid ordu ilə bir sıra vacib məqamlarda paralel sistemlərin yaradılması məntiqsiz olardı.

Nazir ölkəsinin sədrliyi dövründə Avropa Müdafiə Fondu üçün 13 milyard avro vəsaitin ayrılmasını da Avropanın müdafiə siyasəti üçün mühüm addım adlandırıb.(AZƏRTAC)

© AzNews.az