• Qərb
  • 9 İyul 2019 09:47
  •  589

Xarici işlər nazirləri bir araya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmin görüşdə iştirak edəcək

Bu gün Slovakiyanın Vysoke Tatry şəhərində ATƏT-ə üzv olan dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmin görüşdə iştirak edəcək.

Rusiya XİN-dən verilən məlumata görə, nazirlər ATƏT-in məsuliyyət zonasında böhranların və münaqişələrin qarşısının alınması və həlli üzrə işləri müzakirə edəcəklər.

"Biz Avropada təhlükəsizlik və dövlətlərarası münasibətlərin normallaşdırılması sahəsində böhranın aradan qaldırılması yolları haqqında müzakirələr gözləyirik",-deyə XİN-dən bildiriblər.

Qeyd edək ki, bu formatda görüşlər hər il keçirilmir. Sonuncu qeyri-rəsmi görüş 2017-ci ilin yayında Avstriyanın Mauerbax şəhərində keçirilib. Bu cür görüşlərdə heç bir qərar qəbul edilmir. Tərəflər fikir mübadiləsi aparır və ATƏT-in Xarici İşlər Nazirləri Şurasının rəsmi iclaslarına hazırlaşırlar.

Belə qeyri-formal görüşlər ikitərəfli danışıqların aparılması üçün istifadə olunur. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova daha əvvəl qeyd edib ki, Lavrov ATƏT rəhbərliyi ilə, eləcə də Andorra, Qazaxıstan, Finlandiya XİN başçıları ilə ayrı-ayrı görüşlər keçirməyi planlaşdırır.

Pərvanə Ağazadə

AzNews.az