• Qərb
  • 22 Sentyabr 13:43

Erməni qadınların ağuşundakı avropalı deputatlar – Faktlar

Bu barədə Martin Sonneborn öz Feysbuk səhifəsində məlumat verib

Bu yaxınlarda ABŞ-ın nüfuzlu “foreingpolicynews.org” saytında erməni xanımları tərəfindən ələ alınmış avropalı deputatların fəaliyyəti barədə yazı dərc olunub.

Amerikalı jurnalist Peter Tasein müəllifi olduğu məqaləni təqdim edirik:

Avropa Parlamentində Almaniyanı təmsil edən millət vəkili Martin Sonneborn bu yaxınlarda Almaniya Federativ Respublikası (AFR) tərəfindən tanınmayan və erməni separat rejimi tərəfindən idarə olunan Dağlıq Qarabağ Respublikasına səfər edib. Onu bu səfər zamanı milliyyətcə erməni olan xanımı Klaudiya Tursərkisyan və Almaniyadan olan yazıçı, alim, jurnalistlərdən ibarət 25 nəfərlik heyəti müşayət edib. Bu barədə Martin Sonneborn öz Feysbuk səhifəsində məlumat verib.

"Mən Almaniyadan jurnalist, yazıçı, professorlardan ibarət 25 nəfərlik heyətlə Qarabağa gəlmişəm. Xanımım Klaudiya Tursərkisyan da mənimlədir. O, bura Qarabağ haqqında film çəkmək üçün gəlib. Biz bu filmi dünyaya göstərəcək və bu bölgənin müstəqilliyə layiq olduğunu dünyaya nümayiş etdirəcəyik. Mən Brüsselə qayıdan kimi bu bölgənin müstəqil dövlət olmağa layiq olması ideyasını təbliğ edəcəyəm”, – deyə Almaniyadan olan millət vəkili Dağlıq Qarabağda keçirdiyi mətbuat konfransında bildirib.

Martin Sonneborn 2014-cü ildə Avropa Parlamentinin üzvü olub. Beş il müddətində "Titanik” satirik nəşrinin redaktoru olan Sonneborn seçki kampaniyası gedişində digər ölkələrin "uğurlu siyasi təlxəklərindən”, – o cümlədən ABŞ Prezidenti Donald Trampdan ilham aldığını bildirib. Onun seçkilərdə qələbə qazanması nəinki Almaniya siyasi dairələri, o cümlədən Sonnebornun özü üçün gözlənilməz olub. Alman mətbuatında Sonnebornun partiyasının "Merkel axmaqdır” kimi populist şüarlar hesabına parlamentdə iki yer qazanması vurğulanır.

Sonnebornun seçiləndən sonra ətraf mühitin qorunması, maliyyə böhranı, milliyyətçiliyin inkişafının qarşısının alınması kimi Almaniya vergi ödəyicisini narahat edən problemləri qırağa qoyub separatçı erməni rejimi tərəfindən idarə edilən Dağlıq Qarabağ Respublikasına iki dəfə səfər etməsi və separatçı rejim tərəfindən yaradılan dövlətin müstəqilliyi fikrini lobbiləşdirməsi də bəlkə onun ciddi siyasətçi deyil, populist təbiətindən irəli gəlir.Dağlıq Qarabağ Cənubi Qafqazda yerləşən neftlə zəngin Azərbaycanın ərazisində yerləşir. SSRİ dağılan dövrdə həmin ərazidə yaşayan etnik ermənilər Ermənistan Respublikasının təhriki ilə özlərinin müstəqilliyini elan edir və Azərbaycandan ayrılmaq istəyini ortaya qoyurlar. BMT erməni etnik azlığının elan etdiyi "Dağlıq Qarabağ Respublikasını" tanımır və bu barədə bir neçə qətnamə qəbul edir.
Dağlıq Qarabağ Martin Sonnebornun təmsil etdiyi AFR tərəfindən də separatçı rejim kimi dəyərləndirilir. Bu barədə AFR XİN-in rəsmi saytında da məlumat yer açıb.

AFR XİN-nin rəsmi saytında Almaniyanın "Dağlıq Qarabağ Respublikası”nı tanımaması və ora səfər edən Almaniya vətəndaşlarına konsul dəstəyinin göstərilməməsi açıq şəkildə öz əksini tapıb. Saytda həmçinin qeyd olunub ki, Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan edilən səfərlər Azərbaycan qanunvericiliyinə zidd olduğundan AFR XİN öz vətəndaşlarını bu əraziyə səfərlərdən çəkinməyə çağırır.

Martin Sonnebornun Dağlıq Qarabağa son səfərinə qiymət verən AFR XİN millət vəkilinin separatçı rejimin hakimiyyətdə olduğu ölkəyə səfərini pisləyib, amma millət vəkillərinə təsir etmək imkanında olmadığını deyib.

Öz növbəsində Azərbaycan ərazisinə qanunsuz səfər etmiş alman millət vəkilini "arzuolunmaz qonaqlar" siyahısına salıb. Amma özünü Avropa dəyərlərinin daşıyıcısı hesab edən Sonneborn Tvitter hesabında bundan əsla qayğılanmadığını və gələn dəfə Dağlıq Qarabağa 100 nəfərlik heyətlə getməyə hazırlaşdığını bildirib.

Bəs görəsən cənab Sonnebornu Avropa dəyərlərinə zidd hərəkətlər etməyə hansı maraqlar vadar edir? Avropalı parlamentar separat rejimlər tərəfindən idarə olunan ölkələrin dərdinə qalırsa, nədən digər bu qəbildən olan ölkələrə, məsələn Osetiyaya, Abxaziyaya və ya Krıma deyil, məhz erməni separatçıları tərəfindən idarə olunan Dağlıq Qarabağa səfərlər edir, hər hansı sübut gətirmədən azərbaycanlıları "köçəri tatarlar” adlandırır, qondarma respublikaya avropalıların turist səfərlərini təşkil etmək istəyini ortaya qoyur?

Bəlkə cənab Sonnebornu Avropa dəyərlərinə qəti şəkildə uyğun gəlməyən islamafob rasist hislər idarə edir? Belə ki, adını çəkdiyimiz və separatçı rejimlər tərəfindən idarə olunan digər ölkələr – Ukrayna və Gürcüstan Azərbaycandan fərqli olaraq müsəlman ölkələri deyil.

Azərbaycan rəhbərliyini korrupsiyalaşmada ittiham edən cənab Sonneborn bəlkə özü Ermənistan hakimiyyəti ilə korrupsiya əlaqəsinə girib? Onun Dağlıq Qarabağa səfərinin Brüsseldə mənzillənmiş və "Böyük Ermənistan” ideyasının lobbiləşdirilməsi məqsədilə yaradılan "The European Armenian Federation for Justice and Democracy" (EAFJD) tərəfindən açıq dəstəklənməsi məhz bu fərziyyənin doğru olması qənaətinə gəlməyə imkan verir. (Anyus.az)

AzNews.az