• Qərb
  • 7 Dekabr 2019 09:22

Avstriyalı diplomat BMT-də böyük vəzifəyə təyin edildi

E. Tixi-Fisslberqerin namizədliyi Qərbi Avropa ölkələri qrupu tərəfindən irəli sürülüb və yekdilliklə qəbul olunub

Avstriyalı diplomat Elizabet Tixi-Fisslberqer BMT-nin İnsan Haqları Şurasının prezidenti seçilib.

Bu barədə məlumatı Cenevrədə yerləşən qurumun mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, Avstriyanın BMT yanında daimi nümayəndəsi 2020-ci ildə Şuraya rəhbərlik edəcəkdir.

E. Tixi-Fisslberqerin namizədliyi Qərbi Avropa ölkələri qrupu tərəfindən irəli sürülüb və yekdilliklə qəbul olunub.

Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq bu seçimi ölkəsinin insan haqları sahəsində göstərdiyi fəaliyyətə verilən qiymət kimi dəyərləndirib. O qeyd edib ki, Avstriya qadın və uşaqların, jurnalist və milli azlıqların hüquqlarının qorunmasında xüsusilə ciddi səylər göstərir.

BMT-nin İnsan Haqları Şurası dünyada insan haqlarının qorunmasına nəzarət edən orqandır. Şura hər il azı üç dəfə iclaslarını keçirir və bu iclasların müddəti azı on iş həftəsi davam edir. BMT-yə üzv olan bütün dövlətlər mütəmadi olaraq öz ölkələrindəki vəziyyətlə bağlı Şura qarşısında hesabat verirlər.

AzNews.az