• Qərb
  • 14 İyul 19:58
  •  1 537

“Rusiya qazından tamamilə imtinaya hazırlaşmaq lazımdır” - Makron

Fransanın ümumi qaz idxalının 20 faizini Rusiyadan aldığı təxmin edilir

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa bu payız mümkün enerji çatışmazlığı ssenarisinə hazırlaşmaq üçün səfərbər olmalıdır, çünki Rusiya Ukrayna ilə müharibədə Avropaya tədarükün kəsilməsindən silah kimi istifadə edir.

Aznews.az xəbər verir ki, bu barədə Makron TF1 telekanalına müsahibəsində deyib.

“Rusiya artıq “Şimal axını-1” boru kəmərini bağlamaqla qaz tədarükünü kəsməyə başlayıb. Bu, çox aydın mesajdır: O, qazdan müharibə silahı kimi istifadə edəcək”, - Fransa Prezidenti vurğulayıb.

O bildirib ki, Rusiya qazından tamamilə imtinaya hazırlaşmaq lazımdır.

Makron eyni zamanda, xəbərdarlıq edib ki, Rusiya enerjisindən uzaqlaşmaq “yay və payızın başlanğıcı çox çətin olacaq” deməkdir.

O əlavə edib ki, hətta Ukraynada uzun sürən münaqişə vəziyyətində belə, Fransa Kiyevə Moskvadan özünü müdafiə etməyə yardım edəcək, eyni zamanda, Rusiyaya qarşı sanksiyalara sadiq qalacaq:

“Biz özümüz müharibə etmədən bu müharibəni dayandırmaq istəyirik”.

Prezident Makron Fransanın enerjidən istifadəsinin bir il əvvəllə müqayisədə “bir az azaldığını” qeyd edib və səlahiyyətliləri, istehlakçıları və sənayeni enerjiyə qənaət etməyə və enerji israfını aradan qaldırmağa çağırıb:

“Biz kollektiv təmkin məntiqini qəbul etməliyik. Daha az enerji istifadə etmək həm iqlim üçün, həm də enerji müstəqilliyimiz üçün yaxşıdır”.

Fransa dövlət başçısı təsdiqləyib ki, Fransa hazırda ölkənin elektrik enerjisinə ehtiyacının təxminən 70 faizini təmin edən nüvə enerjisi sektoruna daha çox sərmayə qoyacaq: “Nüvə enerjisi həm Fransa, həm də digər ölkələr üçün davamlı həll yoludur”.

Qeyd edək ki, Fransanın ümumi qaz idxalının 20 faizini Rusiyadan aldığı təxmin edilir.