• Qərb
  • 18 Sentyabr 2023 17:31
  •  3 802

Aİ Türkiyə, İtaliya və Rumıniyaya yardım edəcək

Aİ Türkiyədə baş verən zəlzələ, İtaliyada baş verən daşqınlar və Rumıniyada baş verən quraqlıq fəlakətlərinə görə bu üç ölkəyə ümumilikdə 454,8 milyon avro yardım edəcək.

Aznews.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərə görə Türkiyəyə 400 milyon avro yardım edəcək.

Aİ Şurasının bazar ertəsi verdiyi açıqlamada, Avropa Komissiyasının Türkiyəyə yardımla bağlı tövsiyəsinin təsdiqləndiyi bildirilib.

Açıqlamada Türkiyə ilə yanaşı Rumıniya və İtaliyaya da maliyyə dəstəyi veriləcəyi bildirilib.

Buna uyğun olaraq, bu ilin mart və aprel aylarında və keçən ilin iyul-avqust aylarında yaşanan quraqlıq səbəbindən Rumıniyaya 33,9 milyon avro maliyyə dəstəyi veriləcək.

2022-ci ilin sentyabr ayında ölkənin mərkəzi bölgələrində yaşanan şiddətli yağışlar və daşqınlar səbəbindən İtaliyaya 20,9 milyon avro yardım ediləcək.

Aİ-nin 2023-cü il büdcəsindən Həmrəylik Fonduna köçürüləcək pulun bu fonda müraciət edən Türkiyə, İtaliya və Rumıniyaya ödəniş etməsi nəzərdə tutulur.

Ödənişin həyata keçirilməsi üçün Avropa Parlamenti də bunu təsdiq etməlidir. Məsələnin oktyabrın əvvəlində parlamentin gündəliyinə daxil olacağı gözlənilir.

Qeyd edək ki, Aİ Həmrəylik Fondu Aİ-yə üzv və namizəd ölkələrdə baş verə biləcək böyük fəlakətlərdən sonra yardım göstərməyi nəzərdə tutur.

Mövsüm