Hörmüz boğazı təkcə ABŞ-nin məsələsi deyil - Heqset

Ölkələr Hörmüz boğazının açılması üçün addım atmağa hazır olmalıdır.

APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.

"Hörmüz boğazı təkcə bizim problemimiz deyil, baxmayaraq ki, boğazın açıq qalması üçün hazırlıqların əsas hissəsini biz görmüşük. Bu, arzuolunan bir nəticədir. Düşünürəm ki, Tramp bu məsələdə haqlıdır. Dünya ölkələri bu kritik su yolunun açılması üçün addım atmağa hazır olmalıdır. Sadəcə ABŞ donanması yox. Ötən dəfə yoxlayanda gördüm ki, böyük və bacarıqlı Kral Donanması da bu missiyaya töhfə verməyə hazırlaşa bilər”, - Heqset bildirib.

Heqset NATO ilə münasibətlərə də toxunub.

“Sənin ehtiyacın olan zaman dəstək göstərməyən ölkələr varsa, çox da ittifaqdan danışmaq olmaz”, - o əlavə edib.