Makron Trampın sözlərinə sərt reaksiya verdi: “Nə xoşdur, nə də səviyyəli”

Fransa Prezidenti Emmanuel Makron iki günlük rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seula gedib. O, burada mətbuata açıqlamasında Yaxın Şərqdə baş verən son hadisələr və ABŞ Prezidenti Donald Trampın özü və ailəsi haqqında dediyi sözlərə münasibət bildirib.

“NƏ XOŞDUR, NƏ DƏ SƏVİYYƏLİ”

Makron Trampın özü və həyat yoldaşı Bricit Makron barədə səsləndirdiyi fikirlərə belə cavab verib:

“Bu gün biz son dərəcə ciddi məsələlərdən danışırıq. Müharibədə olan qadın və kişilərdən, öldürülən mülki şəxslərdən, regionda davam edən müharibədən danışırıq. Bu müharibənin iqtisadiyyatlarımıza təsirindən bəhs edirik. Vətəndaşlarımızı düşünürəm, amerikalılar da eyni vəziyyəti yaşayır. Yanacaq və qazın qiymətləri artır. Eşitdiyim sözlər – nəzərdə tutduğunuz ifadələr – nə xoşdur, nə də səviyyəli.”

Fransa lideri əlavə edib ki, Trampın bu açıqlamaları “cavab verməyə dəyməz”.

NƏ BAŞ VERMİŞDİ?

ABŞ Prezidenti Donald Tramp “Xalqa müraciət” çıxışında Makronun həyat yoldaşı Bricit Makronun ona pis davrandığını iddia edib və Makronun “hələ də aldığı zərbənin təsirindən çıxmağa çalışdığını” deyib.

Tramp həmçinin bildirib ki, telefon danışığı zamanı Makrondan Fransa tərəfindən Körfəz bölgəsinə hərbi dəstək və dərhal hərbi gəmilər göndərilməsini istəyib, lakin bu tələb rədd olunub.

Onun sözlərinə görə, Makron ABŞ müharibədə qalib gəldikdən sonra gəmilər göndərməyi təklif edib. Tramp isə buna belə cavab verdiyini deyib:

“Xeyr, Emmanuel, müharibə bitdikdən sonra buna ehtiyacım olmayacaq.”

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Makronun Vyetnamın paytaxtı Hanoya səfəri zamanı həyat yoldaşı ilə təyyarədən enərkən çəkilən görüntülər də sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Videoda qırmızı pencəkli şəxsin Makronu üzündən itələdiyi görünür, daha sonra həmin şəxsin Bricit Makron olduğu məlum olur.

Mövsüm,

AzNews.az