- Qərb
- 12:03
- 423
Makron: Avropanın enerji asılılığı ciddi problemə çevrilib
Avropa ucuz Rusiya qazından imtina etdikdən sonra yeni formada enerji böhranı ilə üzləşib.
Bunu Fransa Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib.
Fransa liderinin sözlərinə görə, Hörmüz boğazı ətrafında yaranan vəziyyət Avropa iqtisadiyyatlarının həssaslığını bir daha təsdiqləyib. O vurğulayıb ki, regionda qalıq yanacaqlardan asılılıq hələ də yüksək olaraq qalır və bu, suverenliyə və rəqabət qabiliyyətinə nail olmağa mane olur.
“Ümumilikdə Avropanın ciddi asılılıqları var. Bu o deməkdir ki, əgər eyni zamanda daha suveren və rəqabətqabiliyyətli olmaq, eləcə də karbon emissiyalarının azaldılması ilə bağlı məqsədlərimizə çatmaq istəyiriksə, qarşıda ciddi enerji problemimiz var”, - deyə Makron bildirib.
Fransa Prezidenti qeyd edib ki, Ukraynadakı vəziyyət səbəbindən Avropa ölkələri Rusiyadan ucuz enerji resurslarından məhrum olublar. Onun sözlərinə görə, məhz bu qaz qitənin sənaye nüvəsi olan və regionun digər iqtisadiyyatlarının inkişafına təkan verən “Lotaringiya Avropası”nın fəaliyyətini təmin edirdi.
Makron bildirib ki, hazırda böhran yeni formada özünü göstərir. O əlavə edib ki, karbon emissiyalarının azaldılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmiş İspaniya və Fransa kimi ölkələr belə enerji asılılığı səbəbindən problemlərlə üzləşməkdə davam edirlər.
Mövsüm,
AzNews.az