O, əlində qılınc Ölüm mələyinin yabası ilə döyüşür O, əlində qılınc Ölüm mələyinin yabası ilə döyüşür

Hacı Nuranın rəngli dünyası

O, əlində qılınc Ölüm mələyinin yabası ilə döyüşür

Sürrealist və maqik elementlərlə zəngin türk serialı vardı - “Leyla ilə Məcnun”.

“Gezi olayları”na toxunduğu üçün bir neçə il əvvəl yayımı dayandırıldı. Lakin serial o qədər bənzərsiz, qeyri-adi idi ki, hələ də unudulmayıb, yaddaşlarda qalır, zarafat və personajları xatırlanır, baxılır. İş o yerə çatıb ki, serialın bölümlərini hazırda Youtube-da izləyənlər o vaxtı televiziyada izləyənlərdən çoxdur.

Şəxsən mən Youtube-da baxmışdım. Hər bölümünü böyük həvəslə izləyirdim.

Serial Azərbaycanda da maraqla qarşılandı. Hətta “Leyla ilə Məcnun”a həsr olunmuş kafe açıldı.

Serialın İsmayıl adlı məşhur obrazı var. Boğazda dayanıb keçən gəmilərə əl edir, rəngbərəng kostyumlar geyinir. Elə kostyumlar ki, onları heç bir kloun özünə yaraşdırmaz. Onun belə geyinməyi tamaşaçıda gülüş doğurur, İsmayılı lağlağı obyektinə çevirir.

Normal adam niyə rəngbərəng kostyumlar geyinsin? Serialın ortalarına doğru rejissor (Məşhur Onur Ünlü) tamaşaçıda yaranmış bu suala cavab verir:

İsmayıl hələ uşaq ikən anası atıb gedib. İsmayıl “Anam niyə bizi atıb getdi?” deyə soruşanda atasından belə cavab alır: “Anan RƏNGLİ dünyalar üçün getdi, oğlum.”

Rejissor əlavə izah verməsə də, aydın olur ki, İsmayılın rəngli kostyumlar geyinməyinin səbəbi RƏNGLİ dünyalar axtarışında olan anasını geri qaytarmaqdır.

Kədərlidir, deyilmi?

Bizsə, İsmayıla gülürdük.

İsmayılın Boğazdan keçib gedən gəmilərə əl eləməsinin faciəsi daha dərindi: Atası ölüm ayağındaykən ağlıkəsməz oğluna bir gün bir gəmi ilə qayıdacağını deyir. İsmayıl da o gündən Boğazdan keçən gəmilərə əl edir ki, birdən atası da içində olar.

İndi isə İsmayılı qoyaq kənara. Keçən Nurana, bizm Hacı Nurana.

Sosial mediyada tez-tez Hacı Nuranla bağlı lağlağı statuslar görürük. Ən çox Hacı Nuranın adamlarla şəkil çəkdirməyi gülüş hədəfinə çevrilib. Belə deyirlər: Şəkil çəkdirmədiyi adam qalmayıb. Kimi görürsə, dərhal yanında bitib kameraya fokuslanır.

Başqa bir lağlağ hədəfi isə geyimidir. İnanmıram, bilməyən olsun, ancaq yenə də yazaq ki, Hacı Nuran allı-güllü parçalardan tikilmə kostyumları geyinməyi xoşlayır. O cür parçalardan adətən yorğan üzü çıxır.

Hacı Nuranın belə geyinməyi də lağlağı obyektinə çevrilib.

Bir də görürsən, kimsə allı-güllü bir “otopleniya” şəkli paylaşır, yazır Hacı Nuranındı. Başqa biri isə allı-güllü “lapatka” şəkli paylaşır. O da yazır ki, Hacı Nuranındır.

Qərəz bu cür paylaşımlar çoxdur. Allı-güllü görkəmdə bir şey gördülərmi, altına yazırlar - Hacı Nuranındır.

Eşitdiyimə görə, bu cür paylaşımlar Hacı Nurana da gedib çatıb. Bunları görəndə çox məyus olub, xətrinə dəyib.

Hacı Nuranla tanışlığım yoxdur. Fəaliyyətini də doğru-düzgün izləməmişəm. O, bir neçə il əvvəla ağır xəstəliyə düçar olması ilə mənim xatirimdə qalıb. Adətən o amansız xəstəliyin adını çəkməzlər, “şoğərib” deyərlər. Həmin vaxt Hacı Nuran yox, dostları onunla foto paylaşırdılar. O fotolar hələ də gözümün qabağındadır. Kimya terapeyası üzüb əldən salmışdı, saralmışdı, pis vəziyyətdə idi. Lakin sonra dövlət üzərinə götürdü, Hacı Nuranın müalicəsinin davamı Almaniyada aparıldı.

Hacı Nuran artıq yaxşılayıb. Əvvəlki xəstəxal görkəmindən zahirən bir əlamət yoxdur. Amma bildiyim qədəri ilə müəlicə yenə də davam etdirilir, bunun üçün ildə iki-üç dəfə Almaniyaya yollanır. Vəziyyətinin stabil qalması üçün dieta saxlayır, ciddi rejimdə yaşayır.

Bu heç də gəlişi-gözəl ifadə deyil: Adam sözün həqiqi mənasında o dünyanı görüb gəlib. Əzrayılın əlindən tutub, ölümün kandarından dönüb. Yenidən həyatdan yapışıb.

Çox ağır sınaqdan keçib, bəlkə də təhlükə tam sovuşmayıb. Yəni onun həyatı biz düşündüyümüz kimi rəngarəng deyil. Əksinə o, əlində qılınc Ölüm mələyinin yabası ilə döyüşür. Və bu döyüşdə ölüm qaraya bürünübsə, Hacı Nuran da rənbərəng paltarlardan zireh geyinib.

Bizim gördüyümüz gül-çiçək elə onun geyimlərindədir.

İndi bildinizmi, adam niyə allı-güllü, rəngbərəng kostyumlar geyinir? Bu çətin həyatını bir qədər rəngli etmək üçün. Heç olmasa, zahirən.

Bizsə, onun geyimlərini ələ salmaqla məşğuluq.

Əgər mənimlə razı deyilsinizsə, onda “Leyla ilə Məcnun” serialına baxın. Daha heç nə demirəm.