Mirşahindən yazıram. Mirşahindən yazıram.

Elə isə Mirşahini niyə söyürsünüz?

Mirşahindən yazıram.

Bu adamla arabir sözümüz çəp də gəlib, bir-birimizə xoş sözlər dediyimiz anlar da olub. Dost deyilik, bir çevrənin adamları da deyilik. Sadəcə olaraq mən onu efirdən tanımışam, tanıyıram və çıxışlarına diqqətlə qulaq asıram. Gizlətmirəm, bəzən özümə rəva bilməyəcəyim tərzdə danışmasını da qınayıram. Özlüyümdə əlbəttə. Yəni bu haqda yazmıram, danışmıram, kiməsə şikayət etmirəm. Heç Mirşahinin özünə də.

Bütün bunlarla bərabər Mirşahini bir usta jurnalist hesab edirəm. Çox təcrübəlidir. İnformasiyası boldur. Hər kəsə verə biləcəyi bir cavabı da var. Niyə də olmasın ki? Adam bütün ömrünü bu sahəyə həsr edib, püxtələşib, ustalaşıb və söz üçün heç vaxt cibə girməli olmur.

Və bu girişin ardından əsas mövzuya gəlirəm.

Mirşahin Real TV-dəki vaxtında yenə də fırtına qoparıb. Azərbaycanı söyüş müstəvisinə çevirmək istəyənlərə sərt cavab verib. Müxalifətçiliklə əxlaqsızlığı, tərbiyəsizliyi qarışdıranlara onların öz dilində həyatı başa salıb. Eyni zamanda Azərbaycan hakimiyyətinin ayrı-ayrı qollarına aid yüksək vəzifəli şəxsləri – nazirləri tənqid edib. Özü də açıq ifadələrlə, sərt şəkildə. Düzdür, belə baxanda bu verilişdə şəxsən mənim üçün də uyğunsuz hesab edilən ifadələrə yer verilib. İlk baxışdan belədir. Amma bir çoxlarından fərqli olaraq mən Mirşahinin niyə belə ifadələrə – üsluba yol verdiyini anladığım üçün hətta o verilişi Facebook səhifəmdə paylaşmışam da. Ki, görməyənlər də görsün. Görsün ki, Mirşahin yalnız müxalifəti deyil, həm də hakimiyyəti lap belə nəyi var yıxıb sürüyür, hər kəslə anladığı dildə danışır…

Bu paylaşımı etməklə həm də bir eksperiment məqsədi güdürdüm. Özlüyümdə düşünürdüm ki, görək, Mirşahinin bu verilişdə istifadə etdiyi dildən narazı olanlar özlərini necə ifadə edəcəklər? Söyüşləmi, yoxsa ədəbləmi?

Zənnim məni aldatmadı. Söyüş söyənlər çoxluqda oldu. Özü də o kəslər söyüş söyürdü ki, Mirşahinin dilindən təhqirlər səsləndiyini iddia edirdilər. Mən də onu deyirəm: ola bilsin Mirşahinin ifadələri etik deyil. Yaxud da uyğunsuzdur. Elədirsə, biz də qeyri-etik cavab verməliyik? Yaxud birisi söyüş söyürsə, biz də söyüş söyüb ağzımızı bulaşdırmalıyıq?

Hər şey bir yana, Mirşahin kimi usta bir jurnalist niyə o verilişdəki kimi uyğunsuz ifadələrdən istifadə etməyə məcbur qalır? Bəlkə söyüş söyənlər bunun səbəbi haqqında fikir bildirsinlər? Bəlkə bəzən bizləri sərt ifadələr işlətməyə məcbur edənlər bu haqda düşünsünlər? Nədir bizim üslubumuzu sərtləşdirən, özümüzə xas olmayan bir dildə yazmağa, danışmağa vadar edən?

Bunun səbəbi sizsiniz, siz, ey söyüş söyənlər! Siz bu cəmiyyəti öz iyrənc söyüşlərinizlə elə bir həddə çatdırmısınız ki, artıq normal, ədəbli insanlar da duruş gətirə bilmir, sizinlə öz dilinizdə danışmağa məcbur olurlar! Çünki siz və sizin kimilərə dəstək verənlər üsuldan, ədəbdən anlamırsınız. Biz sizinlə adam kimi, əxlaq çərçivəsində, tərbiyə həddində danışırıq, sizsə əvəzində söyüş söyürsünüz! Bax, Mirşahini bir anlıq da olsa sizin mərtəbənizə qədər enməyə, sizin dilinizdə danışmağa vadar edən budur! Əgər siz adi bir söyüş deyib keçdiyiniz ifadələri sosial mediada, video çıxışlarınızda belə gen-bol tirajlamasaydınız, nəinki Mirşahin, heç kim ağır ifadələrdən istifadə etməzdi.

Mən bir şeyi heç cür anlaya bilmirəm: bu siyasi müxaliflik edənlərin böyük bir qismi niyə axı söyüşün arxasında gizlənir? Siz hakimiyyətdən narazısınız? Hansısa korrupsioner nazir-oliqarx sizi boğaza yığıb? Mümkün hallardır. Bütün bunları ədəbli-tərbiyəli bir dildə ifadə etmək doğrudanmı çətindir?

Məncə çətindir. Mirşahin üçün, elə mənim üçün deyil, sizin üçün çətindir. Hətta mümkünsüzdür. Bilirsiniz, niyə? Ona görə ki, siz zəka savaşına hazır deyilsiniz. Sizin beyinləriniz, deməzdim orta əsr, ibtidai icma səviyyəsindən də aşağıdır. Çoxunuz Avropada, ABŞ-da oturub bu söyüş kampaniyalarını aparırsınız. Olduğunuz coğrafiya dünyanın hər yerində hörmətə sahib olsa da siz oraları da öz varlığınızla zibilləməkdəsiniz. Avropada yaşamaq heç də Avropalı olmaq demək deyil. Bunu sizin kimi söyüşçülərə baxanda dərhal qət etmək olur.

Hələ mən onu da anlamaqda çətinlik çəkirəm: axı sizin söyüşlərinizi analarınız, bacılarınız, arvadlarınız, qızlarınız da görür, oxuyur, dinləyir. Buna da normal yanaşırsınız. Onda bu qənaətə gəlirəm ki, siz ailə içində də söyüşlə danışırsınız. Açığı, belə bir durumu anlamaq mənim zəkamın gücü yetəcək bir şey deyil. Mən nəinki ailəmin içində, cəmiyyətin içində belə söyüşü dilimə gətirmərəm. Çünki ağzımdan çıxacaq istənilən söyüşün hədəfdən öncə məhz öz ağzımı bulaşdıracağının fərqindəyəm. Sizsə bunun ya fərqində deyilsiniz, ya da fərqindəsiniz, amma vecinizə almırsınız. Çünki sizdəki ağız elə bulaşmağa layiq ağızdır da, ondan…

Elə isə Mirşahini niyə söyürsünüz? Axı o, durub-durduğu yerdə sizinlə başa düşdüyünüz sərt dildə danışmır. O adam sizə anladığınız, öyrəncəli olduğunuz dildə xitab edir də. Dözün buna, dözün. Mirşahini söyəcəyinizə, özünüzə çəki-düzən verin. Hər şey bir yana, ana-bacılarınızın, arvadlarınızın, qızlarınızın ədəb və əxlaqını düşünün heç olmasa. Və söyüş söyməyin. Söyməyin ki, söyülməyəsiniz…

Azər Həsrət