Ağsu və İsmayıllıda heyvandarlığın inkişafına həsr olunmuş ictimai müzakirə keçirildi

İyunun 18-19-da “Quşçu” Heyvandarlıq İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Heyvandarlıq təsərrüfatlarında maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Ağsu və İsmayıllı rayonlarında ictimai müzakirələr təşkil olunub.

Redaktor.az xəbər verir ki, ictimai müzakirələrin əsas məqsədi heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərin üzləşdiyi problemlərin öyrənilməsi, mövcud imkanların qiymətləndirilməsi, maarifləndirmə işlərinin aparılması və bu sahənin inkişafı ilə bağlı təkliflərin müzakirəsi olub.

İlk tədbir iyunun 18-də Ağsu Rayon Şahmat Məktəbində keçirilib. Tədbirdə rayonun müxtəlif kənd və yaşayış məntəqələrində fəaliyyət göstərən fermerlər, heyvandarlıq təsərrüfatlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və ictimaiyyət fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov layihənin məqsəd və istiqamətləri barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində əsas diqqət heyvandarlıq təsərrüfatlarında çalışan şəxslərin maarifləndirilməsinə, onların qarşılaşdığı çətinliklərin müəyyən edilməsinə və bu məsələlərin həlli yollarının aidiyyəti qurumlarla birgə müzakirəsinə yönəlib.

Daha sonra layihə eksperti, baytar həkimi Eldəniz Məlikov məruzə ilə çıxış edərək heyvandarlıq sahəsində mövcud vəziyyət, təsərrüfatların inkişaf perspektivləri, baytarlıq xidmətlərinin düzgün təşkili, heyvan xəstəliklərinin qarşısının alınması və fermerlərin üzləşdiyi əsas problemlər barədə geniş məlumat verib.

Müzakirələr zamanı KOB Ağsu rayon təmsilçisi Abas Abasov, Ağsu rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Gəgəli kənd sakini, fermer Əli Abışov və digər fermer təsərrüfatlarının rəhbərləri çıxış edərək yem təminatı, otlaq sahələrindən səmərəli istifadə, təsərrüfatların inkişafı və dövlət dəstəyi imkanları ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Ağsu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ümid Cavid tədbirdə qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb. O, layihəni yüksək qiymətləndirərək heyvandarlıq sahəsində fermerlərlə əməkdaşlığın və maarifləndirmə işlərinin aparlmasının vacibliyini qeyd edib.

Layihə çərçivəsində növbəti ictimai müzakirə iyunun 19-da İsmayıllı rayonunda keçirilib. DAİM-in iclas zalında təşkil olunan görüşdə fermerlər, təsərrüfat rəhbərləri və yerli icma nümayəndələri iştirak ediblər.

İsmayıllıda keçirilən tədbirdə də layihə rəhbəri Tahir Məmmədov heyvandarlıq sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə məlumat verib.

Layihə eksperti Eldəniz Məlikov isə rayon üzrə heyvandarlığın mövcud vəziyyəti, məhsuldarlığın artırılması yolları, müasir təsərrüfat idarəçiliyi, baytarlıq xidmətlərinin təşkili və fermerlərin qarşılaşdığı çətinliklərlə bağlı təqdimatla çıxış edib.

Müzakirələr zamanı fermerlərdən Elsevər Əzizov, Cavid Süleymanov və digər təsərrüfat rəhbərləri sahədə mövcud problemləri diqqətə çatdırıb, inkişaf imkanları ilə bağlı təklif və tövsiyələrini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, heyvandarlıq sektorunda mövcud problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, görüşlər zamanı səsləndirilən təklif və rəylər ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunacaq.

AzNews.az

image description image description image description