Bakıda NATO və Rusiya ordularının komandanları arasında daha bir görüş baş tutdu... Bakıda NATO və Rusiya ordularının komandanları arasında daha bir görüş baş tutdu...

Bakının geosiyasi modelini təqlid etmək asandırmı?

Bakıda NATO və Rusiya ordularının komandanları arasında daha bir görüş baş tutdu...

Ümid edirik ki, görüşü təhlil edəcək rusiyalı analitiklər “General V.Gerasimov Bakıda NATO komandanını qəbul etdi” yox, “Bakıda NATO və Rusiya ordularının hərbi rəhbərlərinin görüşü baş tutdu” yazacaqlar. Bunu ona görə qeyd etməyi vacib bilirik ki, rusiyalı təhlilçiləri bu cür görüşlərin məğzindən daha çox onların təqdimatı, özü də yanlış təqdimatı düşündürür – elə yazırlar ki, sanki Bakı da Rusiyanın yüzlərlə şəhərlərindən, özü də ən adi şəhərlərindən biridir...

O ki qaldı bu cür görüşlərin bilavasitə nəticələrinə, iki hərbi vektor arasındakı ziddiyyətlər o qədər dərindir ki, onları hərbi rəhbərlər deyil, yalnız siyasətçilər həll edə bilərlər.

Amma yenə də buna baxmayaraq onların arasında birbaşa kontaktların olması çox önəmlidir, çünki bu cür kontaktlar tələsik qərarların, münasibətlərdə düşünülmədən yaranmış anlaşılmazlıqların və ya qarşıdurmaların qarşısnı ala, bir növ preventiv xarakter daşıya bilər. Belə situasiyalar isə hər an yarana bilər. Məsələn, hazırda Qara dəniz və Azov dənizi akvatoriyaları belə risqli məkanlardan biri hesab edilir.

Fəqət, əlbəttə ki, bizim üçün daha önəmlisi iki güc mərkəzinin dialoq üçün məhz Bakını seçməsidir. Xüsusən də nəzərə almaq lazımdır ki, bu təmaslar üçün Bakı birinci dəfə seçilmir, yəni burada hansısa təsadüfilik elementləri yoxdur, əksinə NATO rəhbərləri də, Rusiyanın siyasi – hərbi elitası da belə addımla Bakının tutduğu geosiyasi modelə özlərinin sayğı və hörmətlərini ifadə edirlər.

Dərhal qeyd etmək lazım gəlir ki, Bakı geosiyasi modeli çoxuna cəlbedici görünür, xüsusən də Ermənistanda son hadisələrdən sonra bu cür sorğular daha çox səslənir ki, nədən İrəvan balanslaşdırılmış siyasət apara bilməz?

Səbəblər çoxdur. Əvvala, balanlaşdırılmış siyasət heç də “iki stulda oturmaq”, “geosiyasi şpaqat” nümayiş etdirmək deyil. Bunun üçün ölkə hər şeydən əvvəl müstəqil olmalıdır ki, bunu Ermənistan haqqında qətiyyən demək olmur; bu ölkə alternativ, hətta deyərdik ki, rəqib hərbi blokun üzvüdür və ərazisində də Rusiyanın hərbi bazaları var.

Hətta nəzəri cəhətdən qəbul etsək ki, İrəvan da belə bir geosiyasi kurs götürəcək, o halda birinci olaraq qəbul etmək lazımdır ki, bu elə də asan və sürətlə baş tutan iş deyil, olduqca çətin prosesdir. Kremlin buna qarşı nümayiş etdirəcəyi maneələr bir tərəfə, ikinci bir amil də var: balanslaşdırılmış siyasət aparmaq üçün ölkə iqtisadi cəhətdən həqiqətən müstəqil olmalıdır.

Əks təqdirdə nə Kremlin, nə də ki, demokratik Qərbin maliyyə institutları və yaxud mənbələri buna imkan verməz. Düşünürük, burada Bakının iqtisadi resurslarını və ya iqtisadi durumunu İrəvanla müqayisə etməyə heç bir halda ehtiyac yoxdur.

Belə geosiyasi seçimçün Bakı hansı sınaqlardan keçməli oldu? İrəvan buna hazırdırmı və ən əsası da onun bunun üçün müqavimət imkanları yetərlidirmi? Əlbəttə ki, yox...

Üstəlik, belə kurs götürmək yolunda İrəvanın qarşısında daha bir ciddi maneə də var ki, bu da əlbəttə ki, Dağlıq Qarabağ problemidir. İllərdir ki, məhz Kremlin sayəsində Ermənistan Dağlıq Qarabağ hərbi teatrında özü üçün müəyyən üstünlük təmin edib. Odur ki, Ermənistanın fərqli bir hərbi-siyasi istiqamətə dreyf etməsi dərhal Qarabağın onun nəzarətindən çıxması ilə nəticələnə bilər.

Güman ki, bunları İrəvandakı yeni hakimiyyət götür-qoy edir. Düzdür, hələ yeni siyasi hakimiyyətin aparacağı kursdan danışmaq tezdir– bunun üçün yeni kabinet təşkil edilməli, müəyyən vaxt keçməlidir.

Odur ki, indi yalnız N.Paşinyanın ziddiyyətli bəyanatlarına diqqət kəsilmək lazım gəlir. Onlarsa bir daha qeyd edirik ki, yetərincə ziddiyyətli və daha çox mesaj xarakterlidir – Ermənistanın yeni lideri bunların köməyilə Rusiyanın və eləcə də Qərbin “geosiyasi landşaft”ını özü üçün zondlamağa cəhd edir.

Amma əvvəlki hakimiyyətlərdən ciddi fərqlər var: hətta Qərblə münasibətlərin Rusiyayla münasibətlərlə bərabər tutulması İrəvan üçün yeni bir hadisədir və bəri başdan demək lazımdır ki, Kreml belə simmetrik münasibətlərə nəinki hazır deyil, hətta onları heç bir halda qəbul da etməz. Odur ki, N.Paşinyanın “geosiyasi şpaqatı”, “iki stulda oturmaq” istəyi daha bir erməni arzusu olaraq qalacaqdır, çünki “Böyük Ermənistan” kimi bu da xəstə təxəyyülün məhsuludur...

Hüseynbala Səlimov
AzNews.az