Mövcud reallıq ondan ibarətdir ki, regionun geosiyasi dinamikası Azərbaycanın fəaliyyəti ilə sıx bağlıdır. Mövcud reallıq ondan ibarətdir ki, regionun geosiyasi dinamikası Azərbaycanın fəaliyyəti ilə sıx bağlıdır.

Regionun yeni reallığı

Mövcud reallıq ondan ibarətdir ki, regionun geosiyasi dinamikası Azərbaycanın fəaliyyəti ilə sıx bağlıdır.

Özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün digər qonşu dövlətlərlə strateji əməkdaşlıq qura bilib. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndirib və ortada ölkəmizin yaxın gələcəkdə mövqelərinin daha da güclənəcəyini proqnozlaşdırmaq üçün ciddi əsaslar var.

Birincisi, son 15 ildə Azərbaycanın həyata vəsiqə qazandırdığı qlobal iqtisadi layihələr və bilavasitə ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşlıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir.

İkincisi, bir müddətdir qlobal güclər, həm İran, həm də Rusiyaya qarşı təzyiq və təcrid siyasəti həyata keçirməkdədir. Müstəqil siyasət yürüdən Azərbaycan bütün cəhdlərə rəğmən nəinki bu siyasətə qoşulmadı, əksinə İran və Rusiya ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini möhkəmləndirdi.

İlk olaraq, Rusiya ilə əlaqələrə nəzər yetirək. Ötən il Rusiya-Azərbaycan münasibətlərinin inkişafı baxımından çox önəmli olub. “Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir”- deyə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Azərbaycan və Rusiya Prezidentləri 2018-ci ildə çoxsaylı görüşlər keçiriblər. Bu görüşlərin nəticəsi olaraq, qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb, 2019-cu il üçün planlar müəyyənləşdirilib.

Regionun əsas fiqurlarından olan İranla əlaqələr də daha da genişləndilib. Məhz iki ölkənin rəhbəri arasındakı xoş münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına müsbət təkan verir. Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri qarşılıqlı əlaqələrə yeni stimul verib və bir çox iqtisadi layihələr çərçivəsində sıx əməkdaşlıq mövcuddur. Yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerini qəbul edərkən sonuncunun səsləndirdiyi bəyanata da regionda yaranmış yeni geosiyasi mənzərə kontekstindən yanaşmaq daha doğru olar. “İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”-deyə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib.

Azərbaycanın regionun güc mərkəzlərindən olan Türkiyə ilə əlaqələri isə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Kifayət qədər yaxın münasibətlərə malik Türkiyə və Azərbaycan əlaqələri Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya miqyasında qardaşlıq nümunəsinə çevrilib, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib.

Azərbaycanın ən yaxın qonşularından olan Gürcüstanla əlaqələri də dinamik inkişafda olub. Sirr deyil ki, ölkəmizin səyləri nəticəsində gerçəkləşən transmilli layihələr Gürcüstanın inkişafında çox mühüm rol oynamaqdadır. Eyni zamanda, qonşu ölkənin təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktor daşıyır.

Bütün bu sadalananlar Azərbaycanın region ölkələri ilə əlaqələrini daha da inkişaf etdirərək, onların strateji tərəfdaşlıq səviyyəsini yüksəltməyə nail olduğunu isbat edir. Nəticədə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verən Azərbaycan dövləti, bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Bu reallığı qısaca olaraq belə xarakterizə etmək olar:

- bir tərəfdə güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdıran Azərbaycan;
- digər tərəfdə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan.

Bilavasitə Prezident İlham Əliyevin gerçəkləşdirdiyi siyasətin doğurduğu bu reallıq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar meydana çıxarıb. Yaranan bu vəziyyət münaqişənin yaxın gələcəkdə Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağını qaçılmaz edir.

İndiyə qədər Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini bütün sferalarda davam etdirib və təcrid siyasəti işğal altında olan torpaqlar geri qayıdana qədər qüvvədə olacaq. Xüsusi vurğulamaq yerinə düşər ki, məhz bu təcrid siyasəti işğalçı ölkənin siyasi və iqtisadi sisteminin çökməsinə gətirib çıxarıb. Bunun davamı olaraq Ermənistanda 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejimini iqtidardan kənarlaşdırılıb.

Ermənistanda baş verən hakimiyyət dəyişikliyi bu ölkənin xarici siyasətində izsiz qalmayıb. İşğalçı ölkənin Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi yaranıb. Bu isə rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur etməyə bilməz. Anti-Rusiya meylli Paşinyanın iqtidara gəlişi, parlamentdə hansı yolla olur-olsun səs çoxluğu əldə etməsi, paralel olaraq işğalçı ölkədə anti-Rusiya əhval ruhiyyəsinin güclənməsi ilə müşahidə olunmaqdadır. İran tərəfi isə Ermənistanla bəzi iqtisadi layihələrdən faktiki olaraq imtina edib və əvvəlki dövrlərdə olduğu kimi bu ölkə ilə əlaqələrin inkişafında maraqlı görünmür.

Rəsmi Bakının Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməsi, paralel olaraq ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanı Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücə çevirib.

Ermənistanın yeni rəhbərliyinin isə yaranmış regional vəziyyəti düzgün dəyərləndirməkdən başqa çarəsi qalmır. Bunun əksi Ermənistanın yeni hakimiyyətinə yaxşı heç nə vəd etmir.

© AzNews.az