Sosial siyasətin gerçəkləri

"Ölkənin iqtisadi imkanları, resursları düzgün təhlil edilərsə, yaxşı nəticələr əldə etmək mümkündür".

Yaxşı yadımızdadır ki, İlham Əliyev axırıncı prezident seçkisinin andiçmə mərasimindən dərhal sonra, ilk olaraq sosial sahəyə aid fərman imzaladı; bu fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini özündə ehtiva edirdi və inam yaradırdı ki, ölkə rəhbəri 7 ildə sosial siyasəti prioritet istiqamət seçəcək, aztəminatlı ailələrdən tutmuş, əlillər, təqaüdçülər və başqa kateqoriyanın problemlərinin həlli bu xəttin tərkib hissəsi kimi hər daim diqqətdə olacaq.

Atılan bütün addımlar, verilən bütün qərarlar ictimai gözləntiləri doğrultmağa yönəlib və geri çəkilən bir niyyət ortada yoxdur. Çünki sosial siyasət təkcə əhalinin güzəranına hədəflənmiş siyasət deyil, eyni zamanda, ölkəni gücləndirməyə, dövləti ayaqda etibarlı saxlamağa xidmət edir. Təbii ki, ölkənin iqtisadi imkanları, resursları düzgün təhlil edilərsə, yaxşı nəticələr əldə etmək mümkündür.

Əgər keçən dövrün pozitiv nəticələrinə baxsaq,-yəni prezident harda, hansı obyektin açılışını etdi, hansı xoş hadisələr birinci şəxsin göstərişiylə reallaşdı-o zaman iqtisadi potensialın müsbət dəyərləndirildiyi önə çıxmış olur.

5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verildi (bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilib). Üstəlik, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626-dan çox mənzil verildi və indiyədək bu kateqoriyadan olan şəxslərə verilən mənzillərin sayı 6654-ə çatdı.

Bu gün gənc ailələrin, ümumiyyətlə evsiz insanların mənzil ala bilməmək kimi problemləri ciddi narahatçılıq doğurmaya bilməz. Bunun üçün uğurlu bir siyasət də artıq ortaya qoyulub və yaxşı sonuclar verməyə başlayıb. Keçən il sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 150 milyon manat vəsait ayrılıb, ümid etmək olar ki, bu, xeyli gənc ailənin mənzilə əlini çatan edə biləcək.

Əhalinin sayı artır və demək artırsa, ölkədə infrastruktur layihələrinin sayı da artmalıdır. Yeni məktəblərin tikintisi də bu gerçəkdən doğan faktordur. Keçən ilin payına 140-dan çox orta məktəbin tikilməsi düşür.

Statistika Komitəsi əhalinin pul gəlirləri haqqında mütəmadi məlumat verir və gəlirlərin 9,2 faiz artması, əhalinin gəlirlərinin inflyasiyanı (2,3 faiz) üstələməsi bilgisinə ancaq sevinmək olar. 2018-ci ildə 118 min daimi iş yeri yaradılıb. Prezidentin sərəncamlarına uyğun olaraq sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırılıb. Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramına ötən il 104 milyon manat vəsait xərclənib.

Özünüməşğulluq proqramı 6,5 dəfə genişlənib, nəticədə 5000-dən çox ailə kiçik ailə təsərrüfatlarını yaradıb.

5 milyondan çox insan pulsuz olaraq tibbi müayinədən keçib.

Nəticələr təbii ki, bu faktlarda gözəl isbat olunur.

Amma cari ilin planları ötən ilin görülən işlərindən heç də məhdud deyil , əksinə geniş və əhatəlidir. Dövlət büdcəsini sosialyönümlü saxlamaq, başqa sözlə, davam etdirmək alqışlanmalıdır, çünki insan olan yerdə problem, qayğı həmişə var, bu məsələ bir neçə dəfə tədbirlər həyata keçirməklə finala çata bilməz. Əgər cədvəl şəklində baxsaq, carı ildə dövlət başçısının xeyir-duası, iradəsi ilə yerinə yetiriləcək işlərin uzun bir siyahı təşkil etdiyini görmək mümkündür.
Bəs, bu işlər nələri özündə ehtiva edir?

2019-cu ildə məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək və təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər veriləcək. 800 mənzil isə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə hazırlanır.

Şəhid ailələrinin vərəsələrinə 11 min manat birdəfəlik ödəmə davam etdiriləcək. Ölkə əhalisinin 21 faizinin pensiya və müavinət, təqaüd və sosial yardım formasında ödənişlərlə təminatı davam etdiriləcək. Əhalinin aztəminatlı təbəqəsinin ailə təsərüfatlarının yaradılmasın hədəfləyən özünüməşğulluq proqramına 42 milyon manatdan çox vəsait sərf olunacaq. 100-dən çox məktəbin tikintisi həyata keçiriləcək. İl ərzində 10-a yaxın mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək.

Sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək.

Ümumilikdə bu il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu siyahını daha da genişləndirmək və bura çəkiləcək yeni yolları, açılacaq yeni sosial obyektləri və s. əlavə etmək olar. Çünki iqtisadi potensial, maddi resurslar geniş, çoxşaxəli işlərin görülməsinə imkan yaradır. Və prezident İlham Əliyevin uğurlu fəaliyyəti, sosial siyasətin aparılmasına göstərdiyi ciddiyyət, həssaslıq, qərarlılıq xronikalı təhlil etdiyimiz bu inkişafın reallığa çevirilməsində əsas səbəblərdən biri kimi çıxış edir.

Ölkә vәtәndaşları isə ölkәmizdә hәyata keçirilәn bu siyasәtin alternativsizliyini birmәnalı başa düşür vә onun davamlı olmasını dəstəkləyirlər.

Elman Babayev

AzNews.az