Öldü. Heç kimin vecinə də olmadı. Öldü. Heç kimin vecinə də olmadı.

Əsl aclıq aksiyası və dünyanın “reaksiyası”

Öldü. Heç kimin vecinə də olmadı.

Heç bir beynəlxalq təşkilat onun uzun müddətdir əzab çəkməsini vecinə də almadı.

Bilmirdilərmi? Şübhə yox ki, bilirdilər. Lakin veclərinə almırdılar. Çünki onun əzab çəkməsi üzərindən Azərbaycanı ittiham etmək üçün səbəb yox idi.

Azərbaycana heç cür calamaq olmazdı bu məsələni. Ona görə də sonadək susdular və adam öldü.

Öldü, hələ də susurlar. Heç olmasa ölməsinə görə “hiddət” ifadə etmirlər.

Söhbət bir ermənidən gedir. Həm media nümayəndəsi, həm də bir siyasət adamıdır. Dünyanın ayağa qalxması üçün əməlli-başlı materialdır. Adam haynews.am saytının rəsmisi və Erməni Qartalları – Vahid Ermənistan Partiyasının sədr müavinidir.

Mger Yegiazaryan adlı bu erməni ötən il dekabrın 5-dən təcridxanada aclıq aksiyasına başlamışdı. Bu haqda xəbərlər geniş tirajlanmasa da hər şeydən anında xəbər tutan beynəlxalq qurumların xəbəri vardı. Amma susurdular…

Yegiazaryan fırıldaqçılıqda ittiham edilərək həbsə atılmışdı. O, bu ittihamla razılaşmırdı, ona görə də aclıq aksiyasına başlayaraq etirazını bildirirdi. Sadəcə şəxsinə münasibətdə ədalət istəyirdi.

Biz bu adamın haqlı və ya haqsız olması haqqında bir söz deyə bilmərik. Lakin Ermənistan dövlətinin həbsə aldığı bir vətəndaşını qoruya bilməməsi göz önündədir.

Ermənistandakı bu aclıq aksiyası və ölümün bizdəki siyasi proseslər fonunda baş verməsi də diqqətimizdən qaçmır. Ötən ilin sonunda aclıq aksiyasına başlamış məlum Mehman Hüseynovun məsələsini deyirəm. O, bu Mgerdən düz 20 gün sonra aclıq elan etmişdi. Bir balaca dözüb sonra qatıqla, xamayla, südlə “aclığ”ını davam etdirirdi. “Vaşinqton Post” qəzeti aləmi qatmışdı. Beynəlxalq təşkilatların səsindən qulaq tutulurdu. Hətta Avropa Parlamenti ayrıca qətnamə də qəbul etdi. Üstəlik, ABŞ siyasilərinin də bəyanatları qulaqlarımızı zəlil etmişdi.

Mehman Hüseynovun, əslində, elə də ciddi problemi yox idi. Heç ona qarşı qeyri-humanist hərəkət də edilmirdi. Di gəl ki, az qala bütün dünya çapında Azərbaycana qarşı kampaniya başlamışdı…

İkili standartın daha bir örnəyi deyilmi bu? Əlavə olaraq, Azərbaycan dövlətinin humanizmi bir daha sübut olunmadımı? Bəzilərinin bəhbəhlə bizə təriflədiyi Ermənistan, vətəndaşının canından olmasına, görə-görə susduqca susdu. Azərbaycan isə heç ciddi əsaslar olmadığı halda belə öz vətəndaşının – məhbus Mehman Hüseynovun üzərində əsdikcə əsdi. Hətta o həddə ki, ölkə Prezidenti İlham Əliyev şəxsən Mehmanın müraciətini nəzərə alıb humanizm sərgilədi, ona münasibətin yumşaldılması üçün qanun çərçivəsində tədbir görülməsi üçün yolu açdı. Lakin yenə də biz ittiham edilirik.

Mger Yegiazaryan öz ölümü ilə dünyanın insan haqları dəllallarını mat qoydu. Azərbaycanın haqlı mövqeyini öz ölümüylə dünyaya hayqırdı bu Mger. Həm Ermənistan hakimiyyətinin, həm də Azərbaycan hakimiyyətinin əsl mahiyyətini göstərdi o.

Mgerin ölümüylə bir daha əmin olduq ki, Azərbaycanda nə olur olsun, o qurumlar, o mərkəzlər üstümüzə gəlməyə davam edəcək. Ermənistanda isə vətəndaşı aclığa məhkum edib öldürsələr belə o dəllallar susmağa davam edəcəklər…

Mger həm də Mehman kimilərinə aclığın necə olduğunu göstərdi. Prinsipiallığın, özünün haqlı olmasına inamın necə ifadə edilməli olduğunu göstərdi o.

Mehman bir gün aclıq edib bütün dünyaya haray saldı, əlindən gələni etdi ki, aclığı tez dayandırsın. Mgersə sadəcə aclıq etdi. Özü də südlə, qatıqla deyil, əməlli-başlı aclıq. Ölümünə aclıq yəni. Və öldü də.

Heç olmasa indi hərəkətə keçsin bəlkə bu insan haqları dəllalları? Keçərlərmi? İnanmırıq, amma hər halda gözləmək istərdik. Görək, necə davranırlar? Görək, Avropa Parlamenti bu məsələylə bağlı da qətnamə qəbul edəcəkmi? Bizcə, bu məsələylə bağlı qətnamə Mehmanla bağlı qətnamədən daha sərt – ultimativ olmalıdır. Ən azından ona görə ki, Mehman məsələsi o qədər də dəhşətli deyildi, Prezident İlham Əliyevin və Azərbaycandakı sistemin humanizmi sayəsində tez həll edildi. Ermənistandakı olaysa çox dəhşətli sonluğa gəlib çıxdı. Nə Ermənistan dövləti, nə də beynəlxalq ictimaiyyət bir insanın ölüm aclığına oturmasına reaksiya vermədi. Adamı göz görə-görə ölümə tərk etdilər. O da öldü…

Bilmirəm, bu durumu əlavə şərh etməyə gərək varmı? Məncə yoxdur. Sadəcə olaraq o siyasi dəllalların ardınca gedənlər ən azından bu iki aclıq aksiyası olayından özləri üçün nəticə çıxara bilərlər və çıxarmalıdırlar…

Qaynaq: www.azerhasret.com