"Məhkəmə bu faktları nəzərə alıb öz səhvini düzəltməlidir" "Məhkəmə bu faktları nəzərə alıb öz səhvini düzəltməlidir"

Krasnodar tornaçısı Ali Məhkəməni necə aldatdı?

"Məhkəmə bu faktları nəzərə alıb öz səhvini düzəltməlidir"

Açığı, Aslan İsmayılovun savadsız olduğu bizə əvvəldən əyan idi. Hətta bir çox vaxtlarda işimizi-gücümüzü buraxıb özünü “dahi hüquqşünas” kimi cəmiyyətə təqdim etmək istəyən bu adama hüquq dərsi keçmiş, Konstitusiyamızın ən mühüm maddələrini başa salmışdıq. İnsafən, əməyimizin puça getmədi və Aslan İsmayılov bu dərslərdən yaxşı nəticələr çıxartdı. Onun ötən gün Ali Məhkəmənin iclasında bisavad olduğunu hər kəsin gözü qarşısında boynuna alması və hüquqlarının daha yaxşı müdafiəsi üçün hakimdən vəkil tələb etməsi də yaxşı tələbə ola biləcəyinin göstəricisidir.

Krasnodar tornacısı və gecə kursu məzununun bu səmimi etirafı təqdirə layiqdir. Çünki bir insanın savadlanması öz savadsızlığı dərk etdiyi andan başlayır. Məşhur bir aforizmdə deyildiyi kimi: “Dörd cür adam var: Bəziləri bilmir ki, bilir, bəziləri bilir ki, bilir, bəziləri bilir ki, bilmir, bəziləri isə bilmir ki, bilirlər. Dad, sonuncuların əlindən”. Aslan İsmayılov da bu zamana qədər sonuncu kateqoriyaya aid birisiydi. Son məhkəmə prosesində isə o, səmimi etirafı ilə “bilir ki bilmir” səviyyəsinə yüksəldi. Bunun necə böyük inkişaf yolu olduğunu isə “bilmir ki, bilmir” səviyyəsinə malik insanları tanıyanlar gözəl anlayarlar. Zira, sonuncu kateqoriyaya aid olanların çətinliklə mərhələ qət edib daha yüksək səviyyəyə yüksəldikləri danılmaz faktdır. Aslan İsmayılov isə son etirafları ilə islaha meylli birisi olduğunu təsdiqlədi. Səmimi deyirəm, özünü belə ağıllı aparsa, mən ona qarşı bütün iddialarımdan vaz keçib, adamı bağışlayacağam. Qoy, bu da mənim amnistiya aktım olsun.

Amma onu da gizlətməyim ki, Ali Məhkəmənin dünənki iclasında Aslan İsmayılovun səmimiyyətinə bir az şübhə etdim. Çünki bu adamın “Troqovi” kimi bahalı bir yerdə ofisinin, bir neçə villasının, dəyəri yüzminlərlə ölçülən evinin, maşının olmasına baxmayaraq, məhkəmədə özünü məzlum kimi aparması, vəkili dövlət hesabına tutmaq istəməsi iki ehtimalı ağla gətirirdi: ya müasir Hacı Qaradır, ya da yalan danışır.

Bu iki ehtimalın hansının doğru olduğunu müəyyənləşdirməyi sizin öhdənizə buraxıram. Məni maraqlandıran isə Aslan İsmayılovun bu etirafından sonra ona “savadlı hüquqşünas” deyənlərin daşıyacağı məsuliyyət yüküdür. Nədən ki, Krosnadar tornaçısının bu etirafı Ali Məhkəmə tərəfindən haqlı görüldü və o, vəkillə təmin olundu. Bu vəsatətin qəbul olunması həm də məhkəmənin dolayısıyla onun savadsızlığı barədə çıxartdığı hökmüdür. Ən yüksək məhkəmə istansiyası tərəfindən qəbul olunan bu qərardan sonra Aslan İsmayılova “savadlı” demək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, hüquqi məsuliyyət yaradır. Ehtiyatlı olun, aslansevənlər, ona nə deyirsiniz deyin, amma savadlı deməyin. Yoxsa, yanar və cərimə ödərsiniz.

Məni narahat edən digər məsələ Ali Məhkəmə kimi ən yüksək hüquq instansiyasının məlum prosesdə qanunları pozmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Aslan İsmayılovun vəkilin qonararını verə bilməyəcək qədər kasıb olmadığı ortadadır. Deməli, o, prosesdə məhkəmə heyətini aldatmağa cəhd göstərirdi. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267-ci maddəsinə görə, cinayətdir və hüquqi məsuliyyət yaradır. Maddədə həmin cinayət üçün nəzərdə tutulan cəzalar isə belə sıralanır:
“297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—
— beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ali Məhkəmə isə nəinki Aslan İsmayılovu cəzalandırmadı, əksinə yalan olduğu bilə-bilə onun vəsatətini təmin etdi. Bir növ, özü də eyni cinayəti törətmiş oldu, Krosnadar tornaçısının suç ortağına çevrildi.

Halbuki, Krasnodar tornacısının sabit gəlir mənbəyi var və bunu özü də dəfələrlə etiraf edib. Onun etiraflarına görə, erməni əsilli Türkiyə iş adamının adından imza və sərancam vermə hüququ olan şirkətdən hər ay gələn 1000 ABŞ dolları alır. Bu sabit gəlirlə yanaşı, onun ehtiyat mənbələri də var. Söhbət həmin erməni əsilli təsiscinin imza və sərancam vermə hüququ olan şirkətlə 2016-cı ilə qədər eyni ofisdə yerləşən, eyni mühasibəsi olan bir digər müəssisənin direktorundan aldığı qonarardan gedir. Məndəki məlumata görə, Aslan İsmayılov həmin adamın İstanbulun Ataşəhər və Şərifəli rayonlarında icarə verilmiş binalarının gəlirindən 1000 ABŞ dolları həcmində qonarar alır.

Azərbaycan reallığında çox az adamın qazana biləcəyi bu qədər gəliri olmasına baxmayaraq, vəkil pulunu vermək istəməməsi onun həm keçmiş həmkarının əməyini istismar etməsi, həm də dövlətə zərər vurmasıdır. Axı, vəkilin bu pulunu onun əvəzinə dövlət ödəməlidir.

Hesab edirəm ki, məhkəmə bu faktları nəzərə alıb öz səhvini düzəltməlidir. Əks halda, çıxaracağı qərar ədalətli olmayacaq.

Mürvət Həsənli,
ADAM sədri

AzNews.az