Dostumuz, tanınmış iş adamı Mürvət Həsənli ona “Zəvzək” deyir. Dostumuz, tanınmış iş adamı Mürvət Həsənli ona “Zəvzək” deyir.

ZƏVZƏK

Dostumuz, tanınmış iş adamı Mürvət Həsənli ona “Zəvzək” deyir.

Doğrusu, insanlara ayama qoşulması ilə aram, insanlara qoşulan ayamalarla işim olmadığından ondan bunun səbəbləri barədə soruşmamışam.

Dünən Mürvət Həsənlinin “Zəvzək” dediyi, rəsmi adı və soyadı birdən çox olan şəxsin Ukraynada keçirilən seçkilərlə bağlı sosial şəbəkələrdə yaydığı açıqlama gözümə dəydi.

Sən demə, “Zəvzək” Ukraynada prezidentliyə namizədlərin- P. Poroşenko ilə V. Zelenskinin stadionda keçirilən debatına baxıb və həmin polemikadan əxz etdiyi qənaətləri sayı xüsusu proqramla artırılmış Feysbook dostları ilə bölüşüb.

Məlum debata Azərbaycanda siyasətlə maraqlanan çoxları nəzər salıb, ümumi ab-hava xaricində, əminəm ki, içi mən qarışıq, heç kim debatda səslənən fikirləri, ifadə edilən mövqeləri, ittiham və müdafiə zamanı qabardılan dəlilləri tam başa düşməyib.

O sadə səbəbə görə ki, həmin debat Ukrayna dilində gerçəkləşmişdi.

Deyilə bilər ki, ukraynalıların lisanı rus dili ilə çox yaxındır və ruscanı yaxşı bilən adamın debatda danışılanları başa düşməsi mümkündür.

Bəli, hər iki dil, üstəlik belorusca Slavyan dillərinin şərq qrupuna daxildir. Lakin müəyyən oxşarlıqlara rəğmən rus və Ukrayna dilləri arasında ciddi fərqlər var, bu fərqlər siyasi müzakirədə səslənən fikirləri tam olaraq mənimsəməyə imkan vermir. Bunun üçün təkcə rus dilini yaxşı bilmək yetərli deyil, Ukrayna dilini də mükəmməl bilmək lazımdır. Bircə misal deyəcəm. “Mən bunu etməliyəm” cümləsi rus dilində “я должен это сделать” şəklində, ukraynaca isə “я маю це зробити” formasında tərcümə edilir.

Çox pakizə, amma bir dili bilməyən, bilmədiyi bir dildə edilən mübahisəni “qismən”, lap olsun, “xeyli dərəcədə” başa düşən bir adam həmin lisanı “tum kimi çırtlayıram” görüntüsü yaradaraq dəyərləndirmə aparması, ehtimallar irəli sürməsi, hətta Bakıda oturub da Kiyevə ağıl verməsi hansı mərəzdən xəbər verir?

Bax, bu sual üzərində düşünəndə Mürvət Həsənlinin adı və soyadı birdən çox olan bəni-adəmə qoyduğu “Zəvzək” ayamasının nə qədər sərrast olduğunu fərq etdim. Üstəlik ərinməyib zəvzəklərin psixologiyası ilə bağlı bir balaca araşdırma da apardım.

Kimdir zəvzək?

Danışmaqdan yorulmayan, danışdıqca öz nadanlığını ortaya qoyan adamdır ilk növbədə. Ona görə hər şey bir oyundur. Özlərini həyatda “mahir oyunçu” zənn edir və hər zaman suflyorlara ehtiyac duyurlar. Qaydaları bilsələr də, hiyləyə əl atırlar, hüquqdan danışıb, imtiyazlara can atırlar. Girəvəçirlər! Hər fürsətdə “bir güllə ilə iki dovşan vurmaq” niyyətindədirlər. Oyunun yox, alqışın hayındadırlar. “Bir dəqiqə dayan” deməyin yeri yoxdur, şıltaqlaşır, aqressivləşir, şantaja keçirlər. Əslində isə, saxtakar, qorxaq və yalqızdırlar. Özlərində həqiqətə söymək, doğruları qaralamaq haqqı görürlər.

Cek Londonun məşhur “Martin İden” əsəri yadınızdadır?

Rufun ailəsi prokuror Blounta böyük rəğbət bəsləyirdi, Martin isə onu Herbert Spenseri qaraladığı üçün “başıboş zəvzək” adlandırmışdı. Mübahisə zamanı isə özünü belə müdafiə etmişdi:

“Bəs, prokuror Blount həqiqətə söymək haqqını haradan alır? Heç şübhəsiz, həqiqətə söymək, o prokuror kimi cılız bir şəxsiyyəti təhqir etməkdən daha böyük qəbahətdir. O, daha betərini edib! Ah, İblislər, İblislər”!

Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru