Varlı dövlətlərin cəmiyyətləri kasıb ola bilməz Varlı dövlətlərin cəmiyyətləri kasıb ola bilməz

Azərbaycan sosial dövlətə doğru...

Varlı dövlətlərin cəmiyyətləri kasıb ola bilməz

Son bir neçə ay Azərbaycanda sözün elə həqiqi mənasında sosial proqramlar ayları olubdur. Üstəlik, prezident İlham Əliyevin Azərbaycanın sosial dövlətə çevriləcəyilə bağlı verdiyi mühüm anons, eləcə də yüksək rütbəli digər dövlət rəsmilərinin ölkədə yeni sosial-iqtisadi modelin hazırlanması ilə bağlı mediada səsləndirdikləri bəyanatlar onu deməyə əsas verir ki, biz dövlət və cəmiyyət olaraq çox mühüm islahatlar ərəfəsindəyik.

Əlbəttə ki, ölkədəki son sosial addımlarla bağlı bir qədər fərqli mülahizələr də var. Daha liberal düşüncəli insanlarımız belə hesab edir ki, dövlət sosial siyasət sahəsində indiyədək yürütdüyü siyasəti – ünvanlı sosial yardım siyasətini davam etdirməlidir. Sadəcə, şəraitin, xüsusən də Azərbaycanın iqtisadi yüksəlişinin məntiqi nəticəsi olaraq ünvanlı sosial siyasət daha da güclənməli və dərinləşməli, sosial dəstəyə ehtiyacı olan sosial kəsimin bazisi imkan daxilində genişlənməlidir.

Qeyd etmək lazımdır ki, bu cür baxışların tərəfdarları hesab edirlər ki, bütün hallarda gənc dövlət olan Azərbaycanı böyük sosial öhdəliklərlə yükləməyin neqativ nəticələri də ola bilər.

Amma daha çox insanlar bu fikirdədirlər ki, dövlətin öz sosial öhdəliklərini genişləndirməsində mühüm məntiq var. Məsələ bundadır ki, sosial dövlət modeli indi dünyada daha geniş yayılmaqdadır, ölkələrin milli gəlirləri artdıqca, iqtisadiyyatları gücləndikcə sosial sahəyə yönəlik maliyyə inyeksiyaları da çoxalır. Bir daha deyirik ki, bu da təsadüfi deyil.

Birincisi, nəzərə alınır ki, cəmiyyətin sağlamlığına və təhsilinə pul xərcləməyən, insanlarının güzəranını daim yaxşılaşdırmağı düşünməyən ölkələr sonradan bunun bədəlini ödəməli olurlar–cəmiyyətdə dərin sosial uçurum yaranır, radikal meyllər, sosial qarşıdurmaya maraq güclənir, üstəlik, cəmiyyətin kreativliyi, əmək məhsuldarlığı və insan resurslarının effektivliyi aşağı düşür.

İkincisi, artıq qeyd etdiyimiz kimi, sosial bərabərsizlik və polyarizasiya kimi çox mənfi fenomenlər var ki, onlar cəmiyyətin hormonik durumunu aşağı salır, onu təzadlara sürükləyir.

Bu baxımdan əlbəttə ki, sosial dövlət modelinə dəstək verənlər daha haqlı görünürlər. Məsələ həm də hər bir ölkənin tarixi–siyasi təcrübəsindən də asılıdır. O, ölkələrdəki liberal düşüncə daha dərindir, orada əksər məsələlərə yanaşma da liberallığı ilə fərqlənir. Amma elə də ölkələr var ki, onlar tarixən solçu–sosialist baxışların təsirinə daha çox məruz qalıblar.

Belə ölkələrin də coğrafiyası heç də Şərqi Avropa ölkələrilə məhdudlaşmır, biz arabir unuduruq ki, Azərbaycan kimi ölkələr həm də vaxtilə sovetlərin tərkibində olublar –burada sosial ədalət və ya bərabərlik hisləri daha güclüdür. Bu da bizim tarixi təcrübəmizdir və biz heç bir halda onu nəzərə almaya bilmərik.

Bu tarixin möhürü yaxınlığımızdakı əski sovet ölkələrində də var və odur ki, insanlar daim müqayisələr aparırlar və tutuşdurmağa çalışırlar: Niyə Rusiyada belədi, bizdə elə? Niyə Türkmənistanda, ya Qazaxıstanda bu məsələ bu cürdür, bizdəsə başqa cür?..

Əlbəttə, belə müqayisələr heç də tamam obyektiv olmur, məsələn, sadaladığımız ölkələrdə bir milyon qaçqın və ya köçkün yoxdur, onların müharibə kimi problemləri yoxdur, daim hərbi büdcələrini artırmaq qayğıları yoxdur, amma bir çox hallarda insanlar bunun fərqinə varmır və dövlətdən daha çox tələb edirlər. Dövlət də belə tələbləri nəzərə almaya bilməz, çünki bu, dövlətlə cəmiyyət arasında uçurum yaradar və bunun neqativ sosial nəticələri meydana çıxar.

Həm də belə bir məsələ var ki, dövlətin iqtisadi göstəriciləri də bir yerdə durmur, onlar statik deyil, arada böhranlar yaşansa da ümumi tendensiya budur ki, iqtisadiyyatı düzgün özüllər üzərində qurulan dövlətlər inkişaf edir və varlanırlar – varlı dövlətlərin isə cəmiyyətləri kasıb ola bilməz...

Müəyyən dövr vardı ki, vətəndaşlardan Azərbaycan dövlətinə şans vermək tələb olunurdu – bu təxminən 1991-2000-ci illərdə lazım idi. O vaxt əlbəttə, maaşlar da çox az idi, təqaüdlər və s. haqqında isə heç danışmağa dəyməzdi. Ümumilikdə, dövlətin sosial öhdəlikləri simvolik bir xarakter daşıyırdı.

Biz həmin dövrü başa vurduq, insanlarımız səbr və mətinlik nümayiş etdirdi. İndi dövlətimizin insanlarımıza şans vermək məqamı çatıbdır: vətəndaşlar var ki, işsizdirlər və yaxud da işləyirlər, amma yüksək maaş almırlar. Dövlət üzünü artıq bu vətəndaşlarına doğru çevirməlidir - onun sosial dövlətə çevrilməsinin də məntiqi elə budur...

Hüseynbala Səlimov