- Tribuna
- 09:35
- 1 410
“Azərbaycan+Mərkəzi Asiya” formatı: Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və müttəfiqliyin yeni mərhələsi
Prezident İlham Əliyevin noyabrın 15‒16-da Özbəkistana işgüzar səfəri və keçirdiyi görüşlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yüksək səviyyəsini və strateji əlaqələrin xarakterini bir daha nümayiş etdirdi.
Dövlət başçımızın həmkarı Şavkat Mirziyoyevlə təkbətək görüşü Özbəkistanla Azərbaycan arasında müttəfiqlik münasibətlərinə əsaslanan əlaqələrin uğurla inkişafını, qarşılıqlı fəal siyasi dialoqun müsbət dinamikasını əks etdirmiş oldu.
Prezidentlərin bəyan etdikləri kimi, Azərbaycanın Özbəkistan və digər Mərkəzi Asiya ölkələri ilə əlaqələri son dövrlərdə daha da genişlənərək nümunəvi formata çevrilib. Son illərdə hər iki qardaş dövlətin liderlərinin intensivləşən və ənənə halını alan qarşılıqlı səfərləri regional əməkdaşlığı daha da gücləndirərək yeni çağırışların tələbatlarına uyğun prioritet sahələrdə birgə layihələrin və təşəbbüslərin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana budəfəki səfəri də ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da irəliyə aparmaq üçün mühüm fürsət və potensial imkan kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə növbəti dəfə iştirakı Azərbaycana və onun Liderinə olan böyük etimadın, xüsusi rəğbət və hörmətin nümunəsi sayıla bilər. Azərbaycan dövlət başçısının üçüncü dəfədir ki, iştirak etdiyi bu mühüm regional təsisat çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik ailəsində sıx birləşmiş Azərbaycanla Mərkəzi Asiya arasında əsas birləşdirici amil kimi əhəmiyyət kəsb edir.
Son illərdə müntəzəm xarakter alan yüksəksəviyyəli qarşılıqlı səfərlər dünya praktikasında demək olar ki, təsadüf edilməyən hadisədir. Son üç ildə Prezident İlham Əliyevin bu regiona 14 dəfə, Mərkəzi Asiya ölkələri rəhbərlərinin isə Azərbaycana 23 dəfə gerçəkləşən səfərləri münasibətlərin nə dərəcədə yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü regional platforma kimi vacib bir coğrafiyada siyasi birlik, iqtisadi həmrəylik, mədəni-humanitar əməkdaşlıq potensiallarını vahid bir inteqrativ formatda birləşdirməyi hədəf seçib və təşkilatın strateji yol xəritəsinə region ölkələrinin nəqliyyat və tranziti haqqında sazişlər hazırlaması, Çin, Cənubi Asiya və Yaxın Şərq ölkələrinə, Avropa İttifaqına çıxış üçün səmərəli nəqliyyat dəhlizlərinin konkret mexanizmlərinin biznes üçün sərfəli keçid tarifləri tətbiq edilməklə yaradılması, nəqliyyat xidmətlərinin liberallaşdırılması üzrə tədbirlər planının tərtib edilməsi, icazə prosedurlarının optimallaşdırılması, beynəlxalq daşımaların inteqrasiyalı rəqəmsal platformalarının qurulması kimi böyük prioritetlər daxildir.
Həmin hədəflər qlobal enerji-nəqliyyat layihələrinin təşəbbüskarı və müəlliflərindən biri olan Azərbaycanın da regional baxışlarına daxildir və bu baxımdan Mərkəzi Asiya ölkələrinin strateji prinsipləri ilə Azərbaycanın prinsipləri üst-üstə düşür, vahid bir koalisiya quruculuğunu tamamlayır.
Məşvərət Görüşündə Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında bir sıra müqavilə və bəyannamələr imzalayıb. Ölkəmiz Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Bu vahidlik birgə platformada müştərək addımların atılması, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar artıq Mərkəzi Asiya-Cənubi Qafqaz coğrafiyasında türk-islam vəhdətinin, siyasi ittifaqının və iqtisadi brendinin formalaşdığını təsdiqləyir.
Məhz bu birliyin və vahidliyin nəticəsidir ki, ölkələrimiz inkişaf və rifah quruculuğu yolunda ayrılmaz bir siyasi-iqtisadi orqanizmin üzvləri kimi müştərək hərəkət edirlər. Bu müsbət situasiyalara uyğun olaraq, Mərkəzi Asiya ölkələrini öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanla birgə Qarabağ və Şərqi-Zəngəzurun dirçəldilməsində və genişmiqyaslı işlərdə çiyin-çiyinə görmək mümkündür. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda Manas məktəbinin inşası, habelə Füzulidə Türkmənistan tərəfindən məscidin təməlinin qoyulması özbək, qazax, qırğız və türkmən qardaşlarımızın Azərbaycana dost paylarıdır.
Hazırda Azərbaycan və Mərkəzi Asiya dövlətləri Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində eyni missiyanı və inkişaf proqramlarını icra edir, ümumnəqliyyat konsepti olan Orta Dəhlizdə nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər dayanmadan davam etdirilir.
Orta Dəhlizin ayrılmaz parçası olacaq Zəngəzur yolu Azərbaycanla bərabər Mərkəzi Asiya dövlətlərini Naxçıvan Muxtar Respublikasından keçməklə Türkiyə, növbəti mərhələdə isə Avropa ilə sıx birləşdirəcək. İlkin olaraq 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək və dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi başa çatdıqdan sonra Asiya-Avropa coğrafiyasında nəhəng nəqliyyat habı formalaşacaq. Həmçinin Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi Asiya-Avropa “Rəqəmsal İpək Yolu”nu ərsəyə gətirəcək və qlobal bazarlara qeyri-enerji mənbələrinin ixrac marşrutunu təmin edəcək.
İclasın yekununda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qəbul edilən Qərar adıçəkilən təsisatla ölkəmiz arasında münasibətlərin tamamilə yeni mərhələyə daxil olmasını şərtləndirir. Bu, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin birgə siyasi-iqtisadi klubunda yer almaqla, əməkdaşlıq platformasında yerini legitimləşdirəcək.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyərək geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək.
Ramid Namazov
Milli Məclisin deputatı