“Demokrat” Paşinyanın fiaskosu …

Qarabağ siyasi klanının nəzarətində hərbi birləşmələr, Paşinyanın sərəncamında isə küçə və meydanlar var. Görək, indi kim daha üstün gələcəkdir?

Rusların təbirincə desək, N.Paşinyanın stixiyası piketlər, mitinqlər və digər siyasi aksiyalardır, o səbəbdən də ilk imkan düşən kimi onlara müraciət edir, baxmayaraq ki, bu və ya digər siyasi prosesə təsir etmək üçün sərəncamında yetərincə inzibati-hüquqi resurslar var.

Bir tərəfdən daim deyir ki, Ermənistan demokratik ölkədir və burada məhkəmələr müstəqildir, digər tərəfdən isə onları öz qərarlarını dəyişməyə məcbur etmək üçün insanları məhkəmə binalarının qapılarını kəsməyə çağırır.

Bir tərəfdən əvvəlki hakimiyyətləri yalanda və yaxud şarlatanlıqda ittiham edir, o biri tərəfdən isə xüsusi dövlət bayramı – “Vətəndaş günü” təsis etməklə özünü və “məxməri inqilab”ını əbədiləşdirməyə tələsir.

Bu adam özünü guya ki, “demokrat” adlandırır, amma müasir demokratik lider bilməli və ona hazır olmalıdır ki, icra, parlament və məhkəmə hakimiyyətləri arasında daim bir çəkişmə, fikir ayrılığı olur və onları həll etmək üçün ölkənin ali qanununa uyğun olaraq mövcud qanuni prosedurlardan istifadə etmək lazımdır.

Aydın məsələdir ki, baş nazir R.Koçaryandan ehtiyat edir, çünki sonuncunun Qarabağda real təsir “rıçaq”ları var. Məlum olduğu kimi Qarabağ separatçılarının liderlərindən birinin – B.Saakyanın sayəsində eks-prezidentlə bağlı məhkəmənin qərarı dəyişdirildi və ona qarşı qəti həbs imkan tədbiri götürüldü.

Üstəlik, Kreml də daim işarə edir ki, R.Koçaryanın ətrafındakı proseslərə heç də biganə deyil, çünki bütün bu illər ərzində bu adam Moskvanın regiondakı maraqlarına sədaqətlə xidmət edibdir. Burada general Y.Xaçaturovu da yada salsaq, - Moskva onun da personasına biganə deyil – hər şey daha aydın olar: inqilabçı nazir ehtiyat edir ki, bu adamların siyasi yolları yenidən bir müstəvidə birləşə bilər...

Bütün ermənilər kimi N.Paşinyanın da Qarabağa “xüsusi münasibət”i var, baxmayaraq ki, çox da uzaq olmayan keçmişdə qarabağ ermənilərini Ermənistanda hamı ikrahla “dönmə ermənilər” adlandırırdılar.

Amma biz əminik ki, Paşinyan üçün ən çətin siyasi yük də elə Qarabağdır. Odur ki, o, hər dəfə Qarabağ ermənilərinin lideri olmadığını deyəndə məqsədi təkcə diplomatik danışıqların mövcud formatını dəyişmək deyil, o, bununla həm də özünün əsas siyasi probleminə işarə edir.

Bu konteksdə o, əlbəttə ki, eks-prezident L.Ter-Petrosyandan çox fərqlənir. Sonuncu da Qarabağ ermənisi deyildi, amma Ermıənistanın milli hərəkatının və o vaxtki Qarabağ prosesinin lideri idi. Odur ki, Paşinyanla Ter-Petrosyan fərqli “siyasi kalibr”lərə malikdirlər; nə vaxtsa Paşinyan Qarabağ ermənilərini bütünlüklə tərəfinə çəkə bilsə, biz buna çox təəccüblənərik.

Bəli, məsələ bundadır ki, Dağlıq Qarabağ faktiki olaraq nəzarət olunmayan qanunsuz hərbi vahiddir və həm də bu illər ərzində geniş xarici əlaqələrə qurmağa nail olmuş hərbi - siyasi mafiyadır – xarici əlaqələr deyəndə əlbəttə, ilk növbədə Kremllə bağları nəzərdə tuturuq.

Belə vəziyyət əski sovet məkanındakı cəmi etnik münaqişələr üçün – Abxaziya və Cənubi Osetiya, Dnestraynı bölgə və hətta şərqi Ukrayna üçün çox xarakterikdir, çünki bütün bu münaqişələrin bir memarı var və Paşinyan yəqin anlayır ki, onun qarşısındakı, ruslar demişkən, çox bərk bir qozdur və onu dişlə sındırmaq elə də asan məsələ deyil, çünki Dağlıq Qarabağ separatistləri lazım olarsa siyasi çətirlərini dəyişə və bütünlüklə Rusiyanın nəzarətinə keçə bilərlər – necə ki, bunu digər etnik münaqişə ocaqları ediblər...

Odur ki, Paşinyan hələ çox mitinq təyin etməli olacaq. Amma əcnəbi müşahidəçilər onun mitinq ehtiraslarını təkcə kriminal Qarabağ klanının təzyiqilə yozmurlar, qeyd edirlər ki, bu həm də Paşinyanın xislətindən və onun siyasi üslubundan irəli gəlir; həmin müşahidəçilərin fikrincə, erməni baş naziri çox populist və şöhrətpərəst bir adamdır.

Bizə də elə gəlir ki, bu sözlərdə bir həqiqət var. Aydın məsələdir ki, bütün siyasi liderlər bu və ya digər dərəcədə ictimai rəydən asılı olurlar. Amma siyasətçi ictimai rəyin, reytinqinin əsirinə çevriləndə bu onu iflic edir və o, zəruri, xüsusən də qeyri-populist qərarlar qəbul edə bilmir.

İşin tərsliyindən də böyük siyasətdə bir çox qərarlar, xüsusən də ki, keçid dövrü yaşayan ölkələrdə qəbul edilməsi gərək olan qərarlar qeyri-populist olur. Odur, heç də təəccüblü deyil ki, nüfuzlu beynəlxalq demokratiya təşkilatları və tədqiqat mərkəzləri daha çox bu məqamın üzərində dayanırlar.

Bu mənada eks-prezident R.Koçaryanla baş vermiş olay çox tipikdir: bəli, ola bilsin ki, məhkəmə düzgün qərar qəbul etməyibdir, amma onu öz qərarını dəyişməyə məcbur etmək üçün konstitusion-hüquqi mexanizmlər də var; demək olar ki, məhkəmənin qərarı elan olunandan dərhal sonra xəbərlər gəldi ki, bəs prokurorluq orqanları qərardan şikayət verməyə hazırlaşırlar.

Bəli, belə bir vəziyyət hüquqi prosedurlar nəzərindən normal haldır, sadəcə, məsələ bundadır ki, ölkədə heç bir real hüquq atmosferi yoxdur, hər şey ifrat şəkildə siyasiləşibdir – Qarabağ siyasi klanının nəzarətində hərbi birləşmələr, Paşinyanın sərəncamında isə küçə və meydanlar var. Görək, indi kim daha üstün gələcəkdir? Sadəcə, beynəlxalq demokratiya institutları və hüquq - müdafiə təşkilatları öz qiymətləndirmələrilə gərək tələsməsinlər, çünki Ermənistanda baş verənlər yalnız zahirən demokratiayanı xatırladır...

Hüseynbala Səlimov