Yəhudilərin çoxu, o cümlədən də bir dövlət olaraq İsrail bizim-Azərbaycanın tərəfindədi Yəhudilərin çoxu, o cümlədən də bir dövlət olaraq İsrail bizim-Azərbaycanın tərəfindədi

Poznerin kimin tərəfində olması...

Yəhudilərin çoxu, o cümlədən də bir dövlət olaraq İsrail bizim-Azərbaycanın tərəfindədi

Bilmirəm, bu, təsadüfdür, yoxsa cənab Pozner də yaşının bu çağında Azərbaycana qarşı kampaniyaya başlayıb?..

Onun bir “açıqlama”sını lap elə bu yaxınlarda oxumuşdum. Bəli, hansı ölçü cihazından istifadə etdiyini bilmirəm, amma məlum olmuşdu ki, bu adam dəqiqi müəyyən edib ki, keçmiş sovet məkanının bir neçə xalqına, o cümlədən də azərbaycanlılara demokratiya lazım deyil...

Kimə demokratiya lazımdır, yaxud lazım deyil – bunu hamıdan yaxşı həmin adam və yaxud da xalq bilir.

Üstəlik, Vladimir Pozner cənabları hal-hazırda sözün əsl mənasında demokratik bir ölkənin vətəndaşı olsaydı, bunu yenə də birtəhər başa düşmək olardı, amma Rusiyanı dünyada hər şeyə bənzədir və hər şeylə analogiya aparırlar, bircə azad və demokratik ölkədən savayı...

Odur ki, düz-əməlli oturub baş sındırsaq ki, hansı xalqlar hələ demokratiyaya hazır deyil, çox cəncəl bir məsələ alınar və bəlkə də demokratiya üçün tamarzı olan xalqlar arasında rusiyalılar ən axırıncı yerdə gələrlər.

Heç onu demirəm ki, sovet məkanının bəzi hissələrində demokratik proseslərin nədən müəyyən əngəllərə rast gəlməsinin səbəblərini bir-bir araşdırsaq görərik ki, bunun əsl səbəblərindən biri də həmin ölkələrin Rusiya ilə qonşu olmasıdır. Düşünürük ki, Pozner cənabları da bununla razılaşar – yetər ki, ölkəsinin hansı dövlətlərlə oturub-durmasına, onun çevrəsində kimlərin olmasına bir yaxşı-yaxşı diqqət yetirsin...

O ki qaldı onun növbəti açıqlamasına, cənab Pozner ərz edir ki, azərbaycanlılar da qoy bilsinlər ki, onun ürəyi onların yox, ermənilərin tərəfindədir. Bilmirəm, bəlkə də o bu etirafı ilə böyük təəccüb və yaxud da çaşqınlıq yaradıcığını düşünür, amma birmənalı şəkildə deyirəm ki, bu adamın kimin tərəfində olması azərbaycanlıların heç vecinə deyil, ən azı ona görə ki, Pozner nə vaxt azərbaycanlıların tərəfində olubdur ki, birdən ermənilərin tərəfinə keçməsi bizdə hansısa çaşqınlıq yaratsın? Bu illər ərzində biz elə “sürpriz”lər yaşamışıq ki, cənab Poznerin açıqlaması bunların yanında sadəcə, gülməli görünür!

Pozner əgər istəyirsə, Rusiyada daha kimlərin və hətta ölkə olaraq Rusiyanın özünün kimin yanında olmasını ona xatırlada bilərik. Başqa bir ökənin – Ukraynanın ərazisinin bir hissəsini, Krımı işğal etmiş və onun digər hissəsinin vətəndaşlarına öz pasportlarını paylayan ölkənin “orta statistik vətəndaşı” olan V.Pozner cənabları başqa bir açıqlamada buluna bilərdimi?..

Əlbəttə, onun üçün də başqasının torpaqlarını özünə birləşdirmiş, on illərdir ki, dünyaya yalan-palan danışan Ermənistan daha anlaşıqlı və ya başadüşülən olmalıdır. Bu adam durub desə ki, Ermənistan düz etmir, o halda ondan soruşmazlarmı ki, bəs Krımı rəsmən, Şərqi- Ukraynanı isə qeyri-rəsmi olaraq işğal etmiş Rusiya özü düzmü hərəkət edir?..

O ki qaldı bu adamın özünün bir şəxs kimi nə qədər azad adam olmasına, yenidənqurma elə tozanaq qaldırdı ki, hələ də yaxşını pisdən, dəyərlini dəyərsizdən ayıra bilmirik. Mən bu sətirləri yazmaq ərəfəsində bir daha internetdə Pozner haqqında məlumatlara baxdım. Bunun ailəsinin əlaqələri sovet xüsusi xidmət orqanlarına, lap dəqiqini desək, DTK-ya gedib çıxır və təcrübə göstərir ki, bu əlaqələr heç bir vaxt itmir, ən azı “ailə tərbiyəsi” kimi nəsildən nəslə ötürülür.

Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə budur ki, bu adam yarı yəhudi, yarı fransızdır. Yəhudi qaydalarına görə milliyyət ana ilə müəyyən olunur, fransız qaydalarına görə isə ata ilə. Yəhudi qaydalarına görə bu adam fransız, fransız məntiqinə görə isə yəhudidir. Bəs onda axı bu Pozner cənabları kimdir? Belələri Rusiyada özlərinə “rus” deyirlər, necə ki, bir vaxtlar çox hörmətli V.Jirinovski haqqında lətifə vardı: anam rus, atam isə hüquqşünasdır...

Yeri gəlmişkən, elə bu məntiqlə Jirinovski də özünü “rus” sayır. Olsun, bununla işimiz yoxdur. Bizdə milliyyət ata xəttilə müəyyən olunur. Odur ki, qoy, Pozner cənabları bilsin ki, o, özü Ermənistanın tərəfində ola bilər və bu, onun seçimidir, amma yəhudilərin çoxu, o cümlədən də bir dövlət olaraq İsrail bizim-Azərbaycanın tərəfindədi. Çox yaxşı olardı ki, çox hörmətli Pozner cənabları bu haqda bir əməlli-başlı düşünsün...

Hüseynbala Səlimov