Qarışıqlığı hədəfləyən aksiyaya münasibətdə hakimiyyətin məsuliyyəti öz sözünü deyəcək Qarışıqlığı hədəfləyən aksiyaya münasibətdə hakimiyyətin məsuliyyəti öz sözünü deyəcək
  • Yazarlar
  • 31 Oktyabr 2019 11:05
  •  4 173

Milli Şuranın siyasi fəlakətlər yaratmaq cəhdi

Qarışıqlığı hədəfləyən aksiyaya münasibətdə hakimiyyətin məsuliyyəti öz sözünü deyəcək

AXCP sədri Əli Kərimlinin əsasən özündən ibarət olan Milli Şurası yenidən qarşıdurma yolunu seçdi. Mitinqlə bağlı müraciətə cavab olaraq hakimiyyət tərəfindən “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilsə də, Kərimli növbəti dəfə həmin məkana getməyəcəklərini, şəhərin mərkəzində metronun “28 May” stansiyasının önündə aksiya keçirəcəklərini bildirib.

Beləliklə, son 10 gündə Kərimli və dəstəsi qarşıdurmaya, qarışıqlıq yaratmağa ikinci dəfə cəhd edir. Bu faktın özü müəyyən suallar doğurmaya bilməz.

- Milli Şuranı qarşıdurmaya sürükləyən amillər hansılardır?
- Sosial sifarişdən qaynaqlanmayan icazəsiz aksiyaların əsl sifarişçiləri kimlərdir?
- Azərbaycanı nüfuzdan salmaq üçün müxaifəti ortaya atan hansı xarici qüvvədir? Və s.

Suallar kifayət qədərdir. Bu sualların ortaya çıxmasında başlıca faktor isə aksiyaların xalqın tələbi ilə ortaya çıxmamasıdır. Xalqın dəstəyini ifadə etməyən bu canlanma müxalifətin ipinin kənar qüvvələrin əlində olmasını deməyə tam əsas verir.

Bu kimi digər səbəblərə keçməzdən öncə vurğulayaq ki, 19 oktyabrda icazəsiz aksiyanın qarşısı polis tərəfindən qətiyyətlə alındı və bu zaman müəyyən xoşagəlməz hallar yaşandı. Bu isə təbii haldır, o baxımdan ki, polis kiçik bir qrupun qarışıqlıq yaratmaq cəhdlərinin qarşısını almağa görəvli idi, müxalifət isə maksimum qarşıdurmaya köklənmişdi.

Baş verən hadisələrdən sonra nüəyyən müddət Milli Şuranın qarşıdurmadan çəkinəcəyi gözlənilsə də, tam əksi baş verir, belə ki, bu kiçik qrup 10 gün keçməmiş 2-ci icazəsiz aksiyaya hazırlaşır.

Bu qərarın ardınca Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısının qətiyyətlə alınacağı bəyan olunub. Milli Şuraya bir daha xəbərdarlıq edilib ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət həmin qrupun üzərinə düşəcək. Eyni zamanda, ictimai asayişin pozulmasına görə qanunvericiliyin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunma təmin ediləcək.

Göründüyü kimi, hakimiyyət icazəsiz aksiyanın qarşısını qətiyyətli şəkildə almaqda qərarlıdır. Necə ki, bunu 19 oktyabrda etmişdi.

Fəqət Kərimlinin dəstəsi də geri durmaq niyyətində deyil.

Əsas səbəblərə gəldikdə, birincisi, Milli Şuranın dərhal ikinci dəfə qarşıdurmaya meylli olması o deməkdir ki, onlar hakimiyyətin geri çəkiləcəyini zənn edirlər. Müxalifət düşünür ki, 19 oktyabrda qurduğu qarşıdurma ssenarisindən və bu hadisələrə verilən beynəlxalq reaksiyalardan sonra hakimiyyətin mövqeyində kəskin yumşalma olacaq. Amma hüquq- mühafizə orqanlarının qeyd etdiyimiz bəyanatının ruhundan görünür ki, hakimiyyət daha ciddi şəkildə bu qeyri-qanuni aksiyanın qarşısını alacaq.

Mövcud iqtidarın indiyə qədər istər 2003, istər 2005-ci illərdə və ondan sonrakı proseslərdə icazəsiz aksiyaların qarşısını sərt formada almasının əyani şahidiyik. Bu baxımdan da hər hansı geriyə çəkilməni gözləmək əbəsdir.

Kərimlinin simasında Milli Şuranı həvəsləndirən ikinci səbəb isə beynəlxalq reaksiyadır. Kərimli Avropa Birliyinin, qurumun Bakı təmsilçiliyinin son davranışlarından ilhamlanaraq hakimiyyət eşqinə düşüb, həm maddi dəstək, həm də əsas müxalif qüvvə rolunu qazanmağa cəhd edir. Yaxın tarix isə bu kimi hesablamaların da puça çıxdığını göstərir. Hakimiyyət heç indiki qədər güclü olmadığı dövrlərdə belə xalqın maraqlarının ifadəçisi kimi daxili və xarici siyasətdə heç bir beynəlxalq təzyiqin qarşısından geri durmayıb.

Kərimlinin qarşıdurmaya gedərək maddi baxımdan nələrsə əldə edə bilməsi isə mümkün sayılır. Çünki həmişə hakimiyyətlə qarşıdurmaya getdikdən və ölkəsini xaricdə nüfuzdan salmaq üçün əlindən gələni etdikdən sonra, istər xaricə mücahir göndərmək imkanları, istərsə də hansısa kanallarla maddi dəstək imkanları qazanıb. Bu dəfə də istisna deyil...

Avropa Birliyinin Milli Şuranın qarşıdurma cəhdlərinə göz yummaqla sərgilədiyi mövqe isə təəssüf doğurmaya bilməz. Bu qurum bir yandan Azərbaycanla yeni sazişin imzalanması üçün danışıqları intensivləşdirir, digər tərəfdən isə kiçik bir qrupun qanunazidd əməllərini müdafiə edir. İkili standartlar bu qurumun qeyri-rəsmi bəlirlənmiş ana yasasıdır sanki. Avropa ölkələrində (İspaniya, Fransa, Böyük Britaniya və s.) ən sərt şəkildə aksiyaların qarşısı alınır, insanlar hər cür zorakılığa məruz qalır, atla, itlə aksiyalar dağıdılır, amma Avropa Birliyi susur. Azərbaycanda isə kiçik bir qrup müqayisədə daha yumşaq formada mitinqdə dağıdılır, dərhal sərt bəyanatlar verilir. Bu münasibətin kökündə Azərbaycanda müəyyən qarışıqlıq, bir sıra maraqların təmini kimi amillərin olması istisna edilmir. Ölkənin demokratik vəziyyətini tənqid edən qurumların Azərbaycanda xoş niyyəti yoxdur; onlar radikal şəkildə xalqın maraqlarından kənar dəyişikliyin baş verməsinə çalışmaq istəyirlər.

Hakimiyyətin icazəsiz aksiyalara yanaşmasının kənardan tənqid olunması da anlaşılan deyil. Belə çıxır ki, iqtidar kiçik bir qrupun qanunazidd əməllərinə müşahidəçi mövqedə durmalı, qarışıqlığa, özbaşınalığa meydan verməlidir.

Bütün hallarda hakimiyyət öz mövqeyində tam haqlıdır. İş burasındadır ki, Milli Şura adlanan qrup xalqın dəstəyindən məhrumdur. Bu qrupun heyrətamiz statistika ilə müşayət edilən kütləvi aksiyalar keçirmək imkanımı var? Təbii ki yox! Artıq sübut olunub ki, hər hansı sosial qayğıların, siyasi çətinliklərin çözüm məkanının meydanlar olmasını vətəndaşlar dəstəkləmir. Sosial sifariş olan yerdə Lökbatanda da hamının diqqətini özünə cəlb edən aksiya keçirmək olar.

Müxalifətin mərkəzi meydanlar iddiasının arxasında kənar qüvvələrin dəstəyi ilə siyasi fəlakətlər yaratmaq cəhdi dayanır ki, hakimiyyətin ölkənin siyasi sabitliyini qorumaq vəzifəsinə, borcuna heç kimsə qarışa bilməz, heç bir yanlış rəng verə bilməz, çünki hər bir vətəndaşdan tutmuş, bütövlükdə dövlətin təhlükəsizliyinə qədər məsuliyyət onun üzərindədir.

Növbəti qarışıqlıq yaratmağı hədəfləyən aksiyaya münasibətdə də bu məsuliyyət öz sözünü deyəcək!

Elman Babayev