Ankara özünün Yaxın Şərq siyasətinin bəzi aspketləri haqqında düşünməlidir Ankara özünün Yaxın Şərq siyasətinin bəzi aspketləri haqqında düşünməlidir

Biz yalnız azad deyil, həm də öhdəliklər dünyasında yaşayırıq...

Ankara özünün Yaxın Şərq siyasətinin bəzi aspketləri haqqında düşünməlidir

ABŞ və Türkiyə prezidentlərinin son görüşünün yekunları hələ politoloqlar və siyasi analitiklər tərəfindən çox araşdırılacaq. Düşünürük ki, onun gedişini təkcə Moskvada və Tehranda yox, həm də aparıcı Avropa ölkələrində, hansılarda ki, son vaxtlarda anti-türk bəyanatları və çağırışları bir növ adi hadisəyə çevrilibdir, hansılar ki, Avropa Birliyindən sonra məmnuniyyətlə elə NATO-nun da qapılarını Türkiyənin üzünə bağlayardılar, belə ki, Ankaranın NATO-dakı üzvlüyü yeni Avropa təhlükəsizlik və əməkdaşlıq arxitekturası ideoloqlarını son zamanlarda çox əndişələndirir.

Ankaranın yeni müttəfiqlərinə, Moskva və Tehrana gəldikdə, onlar da daha çox marağındadırlar ki, Türkiyənin əvvəlki müttəfiqləri ilə münasibətləri mümkün qədər çox korlansın, çünki bu ölkələrin özləri Yeni və Köhnə Dünya ilə ciddi problemlər yaşayırlar.

Amma düşünürük ki, ilk növbədə türkləri və Türkiyəni sevməyənləri böyük məyusluq gözləyir - əlbəttə, Ankara ilə Vaşinqtonun münasibətləri yetərincə gərgindir və indiyədək yığılmış problemləri bir görüşlə həll etmək mümkün deyil, amma bu münasibətlər ifrat dərəcədə gərgin də deyildir və ABŞ prezidentinin şəxsən özünün türkiyəli həmkarını Vaşinqtona səfərə dəvət etməsi bir daha göstərir ki, Türkiyə ilə münasibətlər ABŞ üçün böyük önəm kəsb edir və bu, artıq Ərdoğanın səfərinin ilk saatlarından duyulmağa başladı.

Əlbəttə, yekun nöqtəni qoymaq hələ tezdir, hələ ki, görüşün bütün detalları və təfərrüatları açıqlanmayıbdır və aydındır ki, tədricən biz bu detalları da biləcəyik.

Demək olar, lap əvvəldən aydın idi ki, məhz Suriya məsələsi müzakirə olunan predmetlər arasında ön cərgədə olacaq. Amma ilkin məlumatlardan belə aydın oldu ki, tərəflər təkcə F.Gülənin məsələsini yox, həm də bir daha S-400-ləri müzakirə ediblər, hansını ki biz artıq iki ölkənin münasibətlərinin çevrilmiş səhifəsi hesab edirdik, amma ki, belə məlum olur ki, amerikalılar belə hesab etmirlər.

Bu konteksdə onu qeyd edək ki, prezident R.T.Ərdoğan bir daha ölkəsinin Patriott komplekslərini almağa hazır olduğunu bildirdi, amma belə təsəvvür yaranır ki, vaşinqtonlu siyasətçi və diplomatları təkcə Ankara ilə Moskva arasındakı hərbi-texniki ticarət deyil, ümumiyyətlə, Türkiyənin belə bir texnikanı əldə etməsi əndişələndirir.

Burada prezident D.Trampın məsələlərə şəxsi mövqeyinə toxunmaq heç də pis olmazdı.

ABŞ prezidenti Ankara – Vaşinqton müstəvisindəki problemlərə anlaşıqla yanaşmağa çalışır və hazırda hiss olunur ki, onu bu müstəvidə gərginliyin artması yox, əksinə azalması, çözülməsi daha çox maraqlandırır. Amma prezident Tramp məsələlərə münasibətdə yetərincə ardıcıllıq nümayiş etdirə bilmir, belə təəssürat yaranır ki, o, daim ABŞ siyasət maşınınn və əlbəttə ki, ermənipərəst müxalifətin təzyiqini hiss edir.

Qeyd edək ki, Trampa qarşı impiçment təşəbbüsünün ideoloqları – Nümayəndələr Palatasının spikeri N.Pelosi və kəşfiyyat komitəsinin rəhbəri A.Şiff erməni lobbisinin fəal üzvləridir. Amma güman ki, onların səyləri bir nəticə verməyəcək, çünki Senatda çoxluq respublikaçı qüvvələrin tərəfindədir, uydurma “erməni genosidi”lə bağlı “qətnamə”yə gəldikdə isə buna qarşı prezidentin vetosu kimi mexanizm də var...

Odur ki, təkcə indi yox, gələcəkdə də iki dövlətin münasibətləri onların biri-birinə nə qədər ehtiyac duymasından asılı olacaq.

Aydındır ki, məsələn, Moskvadan və hətta özünün şiə ideologiyasını bütün regiona yaymaq istəyən İrandan fərqli olaraq Türkiyənin Suriyada əlahiddə və yaxud xüsusi maraqları yoxdur və onu ən çox qayğılandıran kürd hərbi birləşmələridir və Vaşinqton bu məsələyə həssaslığını artırsa, o halda Türkiyə ilə ABŞ arasındakı gərginlik xeyli azalar.

Aydın məsələdir ki, Ankara da özünün Yaxın Şərq siyasətinin bəzi aspketləri haqqında düşünməlidir, çünki müttəfiqlik münasibətləri istər – istəməz dövlətlərin sərbəstliyini məhdudlaşdırır, belə ki, daim müttəfiq ölkələrin də maraqlarını nəzərə almaq lazım gəlir. Başqa cür ola da bilməz, çünki mütləq azadlıq və ya müstəqillik olmur və biz hansısa bir vakuumda yox, real münasibətlər və öhdəliklər dünyasında yaşayırıq...

Hüseynbala Səlimov