- Yazarlar
- 17 Fevral 2021 17:10
- 11 428
MEDİA bu iki addımı təcili atmalıdır

Almaniya səfiri bu günlərdə mediaya yardım edəcək xarici donorların məsələsini yenidən gündəmə gətirdi
Bir neçə gündür ki, media ilə bağlı məsələlər yenidən alovlu şəkildə müzakirə olunur. Çox təəssüflər olsun ki, bu müzakirələr yeni təkliflərin səsləndirilməsindən daha çox, köhnə palan içi tökməyə, dedi-qoduya, ittihamlara sərf olunub. Mənim şəxsən bundan narahat olacağım bir məqam yoxdur, amma ictimai maraqlar baxımından ən azı "nələr səhv idi" sualından sonra "nələri etsək doğru, faydalı olar" sualına da cavab aranmalıdır. Mən məhz bu istiqamətdə bir neçə fikir bildirmək istəyirəm.
Əvvəla, müasir dünyada bir siyasi komanda hakimiyyətə gəlir, ölkənin daxili siyasi sistemindən asılı olaraq 4,5,7 il ərzində, sonra yeni seçkilər nəticəsində yenə o qədərlik müddətlərdə iqtidar mandatı qazanır. Yəni 1 il kifayət qədər böyük müddətdir. Mənim üçün əsas sual budur ki, bu bir il ərzində media sahəsində nələr edilib, nələr düzəldilib. Yeganə yadda qalan hadisə KİVDF-nin ləğv edilib, onun bazasında MEDİA yaradılmasıdır. Bu qurumun həm rəhbər, həm də institut səviyyəsində media cameəsinə adaptasiyası hələ xeyli vaxt alacaq, odur ki, MEDİA-nın qısa zamanda sektorda inqilabi dəyişikliklər edə biləcəyinə mən bir qədər şübhə ilə yanaşıram. Quruma uğurlar arzulayıram, öz tərəfimdən hər cür dəstək verməyə hazıram, ancaq dediyim kimi, onun geniş və təsirli tədbirlər görə biləcəyinə ən azı yaxın dövr üçün şübhə ilə yanaşıram.
Başqa bir önəmli məsələ "dövlətin, hökumətin, hakim partiyanın PR-ı ilə, media siyasətinin qarışdırılmasıdır. Bunlar fərqli məsələlərdir.
Azərbaycan dövlətinin PR-ı ilə ilk növbədə dövlət qurumlarının özləri məşğul olmalıdır. Məsələn, bizim AzNews.az saytının əməkdaşının yaxasından tutmaq ki, sən niyə Biləcəridən o yana çıxmırsan, niyə sənin məqalən qlobal media şəbəkələrində yayımlanmır, bu diletant yanaşmadır. Onlar böyük şirkətlərdirlər, özlərinin büdcəsi, əməkdaşları, yayım siyasətləri var, öz şirkət maraqlarına əsasən çıxış edirlər. Azərbaycandakı hər hansı Əhmədin yazısı səmavi mətn olsa belə, onlar üçün əhəmiyyətsizdir. Əgər onların Azərbaycanla bağlı xəbər yayımlamaq istəyi olsa, o zaman ya burada büro saxlayar, ya da bəlli bir jurnalistlə müqavilə bağlayıb xüsusi müxbir kimi istifadə edərlər. Digər tərəfdən indi internet əsridir, Azərbaycanın müxtəlif dillərdə yayımlanan internet resursları var. Bir andaca kim istəsə ölkəmizdən xəbər tuta, müxtəlif məlumatları istinad edərək yaya bilər.
Deməli, məsələ fərqli məzmundadır. Dövlətin imici ilə bağlı dövlətin özünün konseptual proqramı, mexanizmi, alətləri olmalıdır. 44 günlük Vətən savaşı günlərində prezident İlham Əliyev bu istiqamətdə də özü meydana atıldı, ağırlığı öz üzərinə götürdü və məlum oldu ki, Azərbaycan çoxsaylı diplomatik nümayəndələri, diaspor qurumları öz işlərini arzulanan səviyyədə qurmayıblar. Məsələn, II Qarabağ müharibəsi zamanı ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdə media nə qədər bizim haqlı davamızı dəstəklədi, araşdırılmalı məsələdir.
Hakimiyyətdən söhbət gedirsə, PA-da daxil olmaqla bütün icra qurumlarının, parlamentin, məhkəmə orqanlarının media ilə əlaqələr bölməsi var. Hakimiyyətin gördüyü işlər barədə məlumatlandırma aparma və bu məlumatlandırma qarşılığında müsbət obraz formalaşdırma onların işidir. Ancaq bu sonrakı işdir. İlk iş vətəndaşa xidmət zamanı məmnuniyyət formalaşdırmaqdır. Əgər bir vətəndaş dövlətdən xidmət almaq üçün "X" nazirliyə müraciət edirsə, orada işi rüşvətsiz keçmirsə, rüşvət verməyəndə kobudluqla başdan edilirsə, ən ağıllı PR kampaniyası belə o qurum haqqında müsbət imic yarada bilməz. Məsələn, Emin Əmrullayev gənc, savadlı, bacarıqlı nazirdir. Ancaq 8 martda məktəblərdə "gül pulu" yığımı getsə, o obrazdan əsər-əlamət qalmayacaq.
Ən ağrılı məqamlardan biri YAP-la, bir az da dərinə gedəndə parlamentlə bağlıdır. Hakim partiya Azərbaycanda siyasət istehçısı deyil, diskussiyalardan kənardadır, cəmiyyət üçün aktual məsələlər parlamentdə deyil, sosial şəbəkələrdə müzakirə olunur, bu isə həmin müzakirələrin intellektual, mədəni və faydalılıq əmsalını azaldır. Siyasət partiyalarda istehsal olunmalı, ideyalar parlamentə daşınmalı, Milli Məclis partlayan xəbərlərin qaynadığı məkan olmalıdır ki, media da üzərinə düşəni yapsın. Siyasət və siyasi müzakirə mühiti yoxdursa, media öz çapında bu mühiti müəyyən həddə qədər yarada bilər, amma bu zaman öz funksionallığını bir qədər itirməli olar.
Dövlətin media siyasətinə gəlincə, yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. İqtisadiyyat kimi, ideya bazarı da liberal olmalıdır. Dövlətin işi bu sektorla bağlı qanunlar hazırlamaq, fəaliyyət mexanizmləri qurmaqdır. Bundan sonrası media şirkətlərinin öz işidir. İndi isə müzakirələr o istiqamətdə gedir ki, həm dövlət və hökumət bizə pul versin, həm də işimizə qarışmasın tənqid edək, İP qazanaq və s. Bu isə təzə şəhər əfsanəsidir. Kim pul verirsə, musiqini də o sifariş edəcək. İnsafən, pulu kim versin, musuqini kim sifariş etsin seçimi qarşısında, mən öz dövlətimizdən, öz hökumətimizdən yanayam. Almaniya səfiri bu günlərdə mediaya yardım edəcək xarici donorların məsələsini yenidən gündəmə gətirdi. Azərbaycan bu təcrübəni, həm də o çox pis təcrübəni görüb. Həmin donorların ətrafında bir qrup dəllal toplaşmışdı, hər il milyonlara pul basıb yeyirdilər, gerçək media nümayəndələrinə qara qəpik də gəlib çıxmırdı. Son nəticədə həmin "imtiyazlı qrup" dövlətə qarşı təzyiq alətinə çevrilmişdilər.
Bütün bunlardan sonra, hesab edirəm ki, çox TƏCİLİ iki addım atılmalıdır.
1) MEDİA Azərbaycan jurnalistlərinin "sarı kart"a keçidini QISA MÜDDƏTdə təmin etməli;
2) MEDİA-nın nəzdində Reklam Şurası yaranmalı, TV, çap, internet mediasına reklamlar şəffaf, meyarları bəlli, ədalətli bölgü ilə oradan verilməlidir.
Taleh ŞAHSUVARLI