Şuşada yeni tarix yazıldı

Bu il Müqəddəs Ramazan Bayramımızı müstəqillik tariximizdə ilk dəfə olaraq qalib xalq kimi qeyd etdik

Ata vəsiyyətini yerinə yetirən, Azərbaycanı daim uca edən, bayrağımızı daim uca zirvələrdə dalğalandıran və bizə ilkləri yaşadan Prezidentimiz cənab İlham Əliyev!

Bəli Azərbaycan xalqı sizinlə fəxr edir. Yaşından asılı olmayaraq uşaqdan böyüyə hamı bunu etiraf edir. Bu il Müqəddəs Ramazan Bayramımızı müstəqillik tariximizdə ilk dəfə olaraq qalib xalq kimi qeyd etdik. Bu hissləri sözlə ifadə etmək olduqca çətindir. Bunun üçün ürək, bunun üçün iradə, bunun üçün qətiyyət lazımdır. Bütün bunlar və bunlardan artıq göstəricilər məhz sizdə var. Bir sərkərdə kimi, səmimi və eyni zamanda uzaqgörən siyasətçi kimi Azərbaycanı bəlalardan qoruyan, ölkəmizin inkişafını təmin edən, ən əsası xalqın rifah halının yüksəldilməsində, yoxsulluq və qlobal problemlərin ölkəmizdən yan keçməsində sizin imzanız var. Və mən bu sözləri qələmə alarkən sizin Şuşada, Cıdır Düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarı bülbül” musiqi festivalının qapanış günündə ümumilli liderin fikirlərini dinləyən zaman keçirdiyiniz hisslərlə bağlı video görüntülərə baxıb bir daha sizinlə qürur duydum! Yaşayın. 100 yox daha çox yaşayın. Çünki siz yaşadıqca bu dövlət, siz yaşadıqca bu millət, siz yaşadıqca Azərbaycan daim yaşayacaq.
“Xarı bülbül” musiqi festivalı 1989-cu ildə təşkil olunub. Bu festivalın təşkil olunmasında məqsəd mədəni əlaqələrin möhkəmlənməsi olub. Məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlanan festival hər il may ayında təşkil olunub və bura Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrin mədəniyyət xadimləri qatılıb. Bu tədbir təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.

Rəvayətlərə görə, tədbirin məhz Şuşada və Cıdır Düzündə təşkil olunması dillərə dastan, əfsanə olan Xarı bülbül gülü ilə əlaqədardır. Şuşanın rəmzi, təbiətin möcüzəsi olan Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Uzun zamandır Şuşamız işğal altında olduğuna görə, festivala müəyyən müddət ara verilmişdi. Bir müddət Ağdamda keçirilən festival daha sonralar keçirilmədi. Məhz cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Müzəffər Ordumuzun rəşadəti sayəsində Şuşamız işğaldan azad olundu və bu işğal bizə milli kimliyimizlə yanaşı mədəni kimliyimizi geri qaytardı.

Onu da qeyd etməliyəm ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan bu festival xüsusilə fərqlənirdi. Ən əsası düşmənin viran qoyduğu bir şəhərdə qısa zamanda belə bir tədbirin təşkili təbii ki, yüksək zəhmət tələb edir. Bütün çətinlik və gərgin iş bahasına başa gələn festivalda hər xırda detal nəzərə alınmış, səhnə tərtibatından tutmuş, festival iştirakçılarının qonaqlanmasına kimi hər məsələ yüksək səviyyədə öz həllini tapmışdı.
Sonda isə bir məsələni qeyd etmək yerinə düşər ki, bu festival həm də Şuşanın tarixində yeni dönəmin başlandığı tarixdir. Bu tarixin bir parçası olmaq xoşdur!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əminəm ki, onların ruhu şaddır.

Ayşən Faxrəddin Qızı